
Pentaqon MQ-25 “Stingray” PUA-YD alır
“Boeing” şirkəti və Pentaqon arasında ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) MQ-25 “Stingray” pilotsuz uçuş aparatı-yanacaqdolduranın (PUA-YD) tədarük edilməsi ilə bağlı müqavilə imzalanıb.
Bu barədə “Poliqon” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Bildirilib ki, şirkət tərəfindən HDQ-ə 47.4 milyon ABŞ dolları dəyərində MQ-25 “Stingray” (PUA-YD) tədarük ediləcək və müqavilə ilə bağlı işlər 2026-ci ildə tamamlanacaq.
“Boeing” şirkəti tərəfindən ABŞ HDQ-nin “Carrier-Based Aerial-Refueling System” proqramı çərçivəsində hazırlanmış MQ-25 “Stingray” PUA-YD-in ilkin sınaqları başa çatıb. Bu sınaqlar zamanı, F/A-18 “Hornet” və F-35C qırıcılarına, habelə E-2D “Advanced Hawkeye” uzun mənzilli radiolokasiya aşkaretmə təyyarəsinə əlavə yanacaq doldurulub.
Qeyd edək ki, ABŞ HDQ ümumilikdə 72 ədəd MQ-25 “Stingray” PUA-YD almağı planlaşdırıb və onların alınması üçün ümumilikdə təxminən 13 milyard ABŞ dolları büdcə ayırıb.