Polkovnik Anar Eyvazov: Antiterror tədbirlərindən sonra ərazilər mina və PHS-lərdən təmizlənir

Polkovnik Anar Eyvazov: Antiterror tədbirlərindən sonra ərazilər mina və PHS-lərdən təmizlənir

Vətən müharibəsindən sonra olduğu kimi, antiterror tədbirlərindən sonra da Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazilərin minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi, yollarının bərpa olunması, yeni təminat yollarının çəkilməsi fəaliyyətləri davam etdirilir.

Bunu “Poliqon”a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov bildirib.

“Hazırda olduğumuz bu ərazilərdə düşmənin döyüş mövqeləri yerləşdirilmişdir. Ermənistanın mifləşdirdiyi, “Ohanyan səddi” adlandırdığı sədd bu yolun üzərindən keçirdi. Bu səddin elementləri var. Birincisi, tank əleyhinə xəndəkdir. Ondan sonra tikanlı məftillər, tank əleyhinə kirpilər və qarışıq mina sahələri gəlir. Biz ehtimal edirik ki, burada külli miqdarda qarışıq minalar –  həm tank əleyhinə, həm də piyada əleyhinə minalar var.

Orada gördüyünüz sonradan bizim tərəfimizdən dağıdılmış keçmiş döyüş mövqeləridir. Xatirinizdədirsə, Müdafiə Nazirliyi (MN) tərəfindən verilən məlumatların birində qeyd edilmişdir ki, Ağdərə yolunun üzərindəki döyüş mövqeyi dağıdılaraq kommunikasiya xətti bərpa edilmişdir. Bu yol artıq istifadəyə verilib və təminat yolu olaraq istifadə edilir”, – deyə MN-nin Mətbuat Xidmətinin rəisi vurğulayıb.

Polkovnik A. Eyvazov qeyri-qanuni erməni silahlı birləşmələri tərəfindən ərazidə quraşdırılan tələlərlə bağlı da məlumat verib: “Bu, kustar üsulla düzəldilmiş və partlayışa hazır əldəqayırma sursatdır. Onun altında da – torpağın altında küllü miqdarda 82 mm-lik minaatan mərmiləri quraşdırılıb”.

CATEGORIES