Polkovnik şəhid tələbəsindən yazdı: liseydə oxuyanda ilk hərbi hissənin yaradılmasına cəlb olunmuşdu

Azərbaycan Silahlı Qüvvələrinin tank və zirehli texnika xidmətinin yaradıcısı olan istefada olan polkovnik Ramiz Məmmədov şəhid polkovnik-leytenant Ramiz Cəfərovla bağlı xatirələrini bölüşüb.
Polkovnik yazır:
Xüsusi Təyinatlı Qüvvələrimizin hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Ramiz Cəfərov Qarabağ diyarının Şuşa şəhərini erməni separatçılarından azad edən zaman şəhid oldu. Ramizin zabit kimi formalaşmasında iştirak etdiyim üçün mənim onunla bağlı kifayət qədər təəssüratlarım var. İstərdim bir neçəsini yada salım və bölüşüm.
Ramiz 1973-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən yaradılan və Azərbaycan Silahlı Qüvvələrinin komplektləşdirilməsi üçün minlərlə milli zabit heyətini yetişdirən, habelə Əfqan Hüseynov, Eldar Məmmədov, Rövşən Əkbərov kimi Milli Qəhrəmanları bizə qazandıran, torpaqlarımızın uğrunda yüzlərlə şəhidi olan Ç.Naxçıvanski adına hərbi təmayüllü orta məktəbin (1988-1992) məzunu olub.
Ramiz müstəqil Azərbaycan dövlətinin yaradılmasını, 1-ci Qarabağ savaşını gənc yaşlarında Ç.Naxçıvanski adına hərbi təmayüllü orta məktəbdə təhsil alan zaman müşahidə etmişdi.
O, gənc olmasına baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi hissəsinin Ç.Naxcıvanski adına hərbi təmayüllü orta məktəbdə yaradılmasına və bölgələrdən ezam olunan özünümüdafiə taborlarının yaradılmasına digər müdavimlərlə yanaşı cəlb olunmuşdu.
Ramiz fiziki hazırlıq, bilik və bacarığı çox yüksək səviyyədə olan bir zabit idi. O, Rusiyanın Ryazan şəhərində desant məktəbində, daha sonra isə Bakıda ali hərbi məktəbdə təhsil almasına baxmayaraq, daim öz üzərində çalışan biri kimi yaddaşlarda qaldı.
Azərbaycan Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət etmişdi və hər zaman yüksək nailiyyətlərinə görə yüksək vəzifələrə layiq görülərək komandanlıq tərəfindən qiymətləndirilirdi. Sadəlik və təvazökarlıq da ona ən xas olan göstəricilər idi. Köhnə silahdaşları, müəllimləri və yoldaşları ilə ünsiyyətini daim saxlayardı. Xidmət dövründə mənimlə də görüşməyə zaman seçərdi və uzun-uzadı müzakirələr aparardıq.
Ramiz Cəfərov Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın azad edilməsi üçün hərbi əməliyyatlara qatıldı. Şuşa şəhərində gedən döyüşlərdə nümunəvi igidlik göstərərək şəhid oldu. Ramiz kimi zabitin ordu sıralarında daim yeri görünəcəkdir. Allah vətənimizin bütövlüyü uğrunda şəhid olan bütün əsgər və zabitlərimizə rəhmət eləsin, ruhları şad olsun!






