Polşa 500 ədədə yaxın M142 HIMARS buraxma qurğusu alır

Polşa 500 ədədə yaxın M142 HIMARS buraxma qurğusu alır

Polşa Silahlı Qüvvələri 500-ə yaxın ABŞ istehsalı M142 HIMARS yaylım atəşli reaktiv sistem (YARS) buraxma qurğusu alacaq.

“Poliqon” xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak (Mariusz Błaszczak) özünün “Twitter” səhifəsində məlumat verib. O qeyd edib ki, yeni silahlar Polşa Ordusunun raket qüvvələrini və artilleriyasını gücləndirmək üçün zəruridir.

M142 HIMARS buraxma qurğularını sifariş etməklə Polşa HOMAR (OMAR, digər adı “Dywizjonowego modułu ogniowego wieloprowadnicowych wyrzutni rakietowych” – DMO WWR – çoxatımlı reaktiv yaylım atəşi modulu eskadrilyası) adlı raket proqramının həyata keçirilməsinə başlayır.

Yeni silahlar Polşanın 80-dən çox reaktiv artilleriya batareyasının silahlanmasına veriləcək.

“Biz raket qüvvələrinin və artilleriyanın imkanlarını artırırıq! Mən 80-dən çox HOMAR sistemi batareyası üçün 500-ə yaxın M142 HIMARS buraxma qurğusu almaqdan ötrü LOR sorğu imzalamışam. Biz texnikanın yüksək səviyyədə polonizasiyasını və onun Polşanın döyüş idarəetmə sistemi ilə inteqrasiyasını planlaşdırırıq”, – deyə Blaşçak bildirib.

“HOMAR” proqramının həyata keçirilməsi zamanı Polşa müdafiə sənayesi müəssisələrində M142 HIMARS buraxma qurğularının bir çox komponentlərinin istehsalının lokallaşdırılması planlaşdırılır.

M142 HIMARS (High Mobility Artillery Rocket System – yüksək mobillikli artilleriya raket sistemi) şassi kimi 6×6 təkər formullu M1140 FMTV (Family of Medium Tactical Vehicles) taktiki yük avtomobilindən istifadə edir. Buraxma qurğusu 1996-2000-ci illərdə “Lockheed Martin” şirkəti tərəfindən layihələndirilib, 2003-cü ildən etibarən “Lockheed Martin” və “BAE Sysyems” şirkətləri tərəfindən istehsal olunur. O, 6 ədəd MLRS (M270 Multiple Launch Rocket System) tipli reaktiv mərminin və ya 1 ədəd ATACMS tipli taktiki raketin buraxılmasını təmin edir. Atış məsafəsi döyüş sursatının növündən asılı olaraq 2-300 km arasında dəyişir. PrSM (Precision Strike Missile) yüksək dəqiqlikli raketlə atış məsafəsi 500 km-dir.

Heyəti 3 nəfərdən: heyət komandiri, operator və sürücüdən ibarətdir. M142 HIMARS YARS ABŞ, Sinqapur, BƏƏ, Kanada, İordaniya və Rumıniya ordularında silahlanmadadır.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş