Polşa ABŞ-dan C-130H hərbi təyyarələri alır

Polşa Hərbi Hava Qüvvələri ABŞ-dan “Lockheed Martin” şirkətinin istehsalı olan beş ədəd Lockheed C-130H “Hercules” hərbi nəqliyyat təyyarəsi alır. Təyyarələr ABŞ Hərbi Hava Qüvvələrinin ehtiyatlarından təmin ediləcək.
“Poliqon” xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Beş ədəd C-130H “Hercules” təyyarəsinin tədarükü üçün 12 aprel 2021-ci il tarixində hökumətlərarası müqavilə imzalanmışdır. Bütün təyyarələr “artıq əmlak” Hökumətlərarası Xarici Hərbi Satış (Foreign Military Sales – FMS) proqramı xətti ilə veriləcək. Başqa sözlə, beş təyyarənin hamısı anbardan konservasiyadan çıxarılaraq Polşaya ötürüləcək.
Alqı-satqı müqaviləsinin ümumi dəyəri 60 milyon ABŞ dollarıdır, lakin Polşa hökuməti yalnız 14,3 milyon ABŞ dolları ödəyəcək. Pentaqon təyyarələrin konservasiyadan çıxarılmasını, təmirini, əlavə avadanlıqlardan quraşdırılmasını və təyyarələrin Polşaya verilməsini bu məbləğdə qiymətləndirib. Hal-hazırda, beş təyyarənin hamısı ABŞ Hərbi Hava Qüvvələrinin Arizonadakı Davis-Montana aviabazasının 309-cu aviasiya vasitələrini saxlama və texniki qulluğu bazasında saxlanılır.
Polşaya çatdırılması planlaşdırılan C-130H “Hercules” hərbi nəqliyyat təyyarələri 1985-ci ildə istehsal edilib və 2017-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin tərkibindən çıxarılıb. Polşalı hərbi mütəxəssislər beş təyyarəni təklif olunmuş iyirmi təyyarə arasından seçib.
Çatdırılma konservasiyadan çıxarılma, təmir və əlavə avadanlıqla təchiz etmə müddəti nəzərə alınmaqla bir-bir həyata keçiriləcək. İlk C-130H “Herkules” təyyarəsi Polşaya 2021-ci ilin sonunda, beşinci təyyarə isə 2024-cü ildə göndəriləcək.
C-130H “Hercules” təyyarələri Polşa Hərbi Hava Qüvvələrində hazırda istismarda olan dörd ədəd 1970-ci illərin istehsalı C-130E təyyarələrinin yerini tutacaq.
Əhəd Əzizov




