Polşa ABŞ-dan HIMARS YARS-ların ilk partiyasını təhvil alıb

Polşa ABŞ-dan HIMARS YARS-ların ilk partiyasını təhvil alıb

Polşa Ordusu ABŞ-ın “Lockheed Martin” şirkətindən M142 HIMARS (High Mobility Artillery Rocket System) yaylım atəşli reaktiv sistemlərin (YARS) ilk partiyasını təhvil alıb.

“Poliqon” xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə Nazirliynin mətbuat xidmtəti məlumat yayıb.

Bildirilib ki, HIMARS YARS-ların təhvil alınması münasibətilə Polşanın milli müdafiə naziri Mariuş Blaşçakın da iştirak etdiyi mərasim keçirilib.

Mərasimdə çıxış edən M.Blaşçak, təhvil alınan HIMARS YARS-ların ölkənin şimal-şərqindəki 16-cı Mexanikləşdirilmiş Diviziyanın istifadəsinə veriləcəyini vurğulayıb: “Onun vəzifəsi təcavüzkarın qarşısını almaq, ölkənin və NATO-nun şərq cinahında Polşa Ordusunu gücləndirmək olacaq”.

Qeyd edək ki, hazırda HIMARS-ların Polşa Ordusuna tədarük olunması işləri 2019-cu ilin fevral ayında “Lockheed Martin”lə bağlanmış alqı-satqı müqaviləsi əsasında yerinə yetirilir. Bu müqaviləyə əsasən, Polşa Silahlı Qüvvələrinin istehsalçı şirkətdən 18 ədəd döyüş buraxılış qurğusu, 2 ədəd təlim buraxılış qurğusu, komanda və texniki dəstək maşınları, eləcə də GMLRS və ATACMS raketləri alması nəzərdə tutulub. Sifariş üzrə bütün HIMARS YARS-ların cari ilin sonuna qədər Polşa Ordusuna təhvil verilməsi və onların 16-cı Mexanikləşdirilmiş Diviziyanın ixtiyarına təqdim edilməsi planlaşdırılıb.

Eyni zamanda ABŞ hökuməti cari ilin fevral ayında Polşa Silahlı Qüvvələrinə təxmini dəyəri 10 milyard dollar olan 500 ədəd HIMARS YARS-ın satışını da təsdiqləyib. Hazırda tərəflər arasında HIMARS YARS-ların təsdiqlənən satışı ilə bağlı bir sıra danışıqlar getməkdədir. Polşanın bu danışıqlardakı əsas məqsədi ABŞ-dan alınacaq HIMARS-ların ölkədə birgə istehsalına nail olmaqdır.

Bundan başqa Polşanın Milli Müdafiə Nazirliyi HIMARS YARS-lardan istifadə edəcək şəxsi heyətə lazımi təlimlərin keçirilməsi üçün ölkədə HIMARS Akademiyasının yaradılmasına da çalışır.

Poliqon.az

CATEGORIES
TAGS