Polşa Cənubi Koreyadan FA-50 yüngül qırıcılarını alır
Polşa Cənubi Koreyadan 4 eskadrilya FA-50 yüngül qırıcı təyyarəsinin alınması barədə iki müqavilə imzalayıb.
“Poliqon” “Defence24″ə istinadən xəbər verir ki, baş nazirin müavini və milli müdafiə naziri Mariuş Blasçak Polşanın Prezidenti Andjey Dudanın iştirakı ilə Polşa Hərbi Hava Qüvvələri (HHQ) üçün yüngül FA-50 və FA-50PL qırıcılarının tədarükünə dair icra müqavilələrini təsdiqləyib.
Müqavilələrə logistika, təlim və texniki dəstək daxildir. İki müqavilənin ümumi dəyəri 3 milyard ABŞ dollarıdır. Bundan birinci müqavilənin (FA-50 Block 10 təyyarəsi) xalis dəyəri 700 milyon ABŞ dolları, yəni təxminən 3,3 milyard PLN, ikinci müqavilənin (FA-50PL təyyarəsi) dəyəri isə 2,3 milyard ABŞ dolları, yəni təxminən 15,6 milyard PLN təşkil edir.
Müqavilələr əsasında Polşa HHQ 48 ədəd yüngül qırıcı alacaq. Onlardan 12 ədədi FA-50 Block 10 və 36 ədədi FA-50PL modifikasiyasında olacaq.
Bildirilib ki, FA-50 Block 10 qırıcılarının tədarükünə 2023-cü ilin ikinci yarısında başlanacaq. Təyyarələr Minsk-Mazovetskidə yerləşən 23-cü taktiki aviasiya bazasının tərkibinə daxil olacaq. Bu, köhnə Sovet istehsalı MiQ-29 təyyarələrini həmin bölmənin silahlanmasından çıxarmağa imkan verəcək.
“F-16 Polşa döyüş aviasiyasının sovetsizləşdirilməsi prosesinə başlayıb və FA-50 bunu başa çatdıracaq”. Nazir Mariuş Blasçak isə qeyd edib ki, “FA-50-nin seçilməsi üçün meyarlar müasirlik, uyğunluq və çatdırılma sürətidir”, – deyə Prezident Andjey Duda qeyd edib.
FA-50PL qırıcı təyyarələri 2025-2028-ci illərdə Polşaya tədarük olunacaq. Bu versiya Blok 20-yə yaxındır, Polşa HHQ tələblərinə uyğun olaraq daha geniş silah çeşidinə, AFAR radarına, təkmilləşdirilmiş avionikaya və havada yanacaq doldurma qabiliyyətinə malik olacaq.
Bütün təyyarələrdə “Link-16” (TADIL J – Tactical Digital Information Link) və NATO-nun “dost-düşmən” identifikasiya sistemi (İFF – identification friend or foe) olacaq.
Cənubi Koreyanın FA-50 yüngül qırıcı təyyarəsi KAI T-50 Golden Eagle təlim təyyarəsinin əsasında yaradılıb. FA-50 təyyarəsinin güc qurğusu Koreyada lisenziya əsasında istehsal edilmiş, dartqı qüvvəsi 79 kN olan turbopərvanəli “General Electric F404-102” mühərrikidir. Uçuş mənzili 1800 km, praktiki tavanı 14,6 km və faydalı yükü 4,5 tondur.
Block 10 versiyasının silahlanmasına 20 mm-lik aviasiya topu və “Hydra”, AIM-9 “Sidewinder”, AGM-65 “Maverick” raketlərini daşıya bilən 7 asqı nöqtəsi, müxtəlif aviabombalar daxildir.
FA-50 Block 20 qırıcısı isə AIM-120 AMRAAM “hava-hava” sinif raketindən və NSM gəmi əleyhinə raketdən istifadə etmək qabiliyyətinə malikdir.
FA-50 təyyarəsinin istehsalçısı “Korea Aerospace Industries” şirkətidir və o, “Lockheed Martin” korporasiyası ilə əməkdaşlıqda hazırlanıb. Sözügedən satınalma həyata keçirildikdən sonra, Polşa FA-50 yüngül qırıcısının Avropada ilk istifadəçisi olacaq. FA-50 təyyarələrinin alınması postsovet mənşəli maşınların dəyişdirilməsini sürətləndirmək, həmçinin yeni nəsil F-35 qırıcıları üçün kadrların hazırlanmasını və F-16 çoxməqsədli qırıcıların təlimini asanlaşdırmaq məqsədi daşıyır.
Əhəd Əzizov