Polşa Cənubi Koreyadan K9 haubitsa və K2 tankları alır

Polşa Cənubi Koreyadan K9 haubitsa və K2 tankları alır

Polşa Müdafiə Nazirliyi Cənubi Koreyadan K9 özüyeriyən artilleriya qurğusu (ÖAQ) və K2 tankları alır.

“Poliqon” xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi özünün rəsmi “Twitter” səhifəsində məlumat yayıb.

Məlumata əsasən Polşa Müdafiə Nazirliyi və Cənubi Koreya şirkətləri arasında 212 ədəd K9 ÖAQ (K9A1 versiyası) və 180 ədəd K2 tankının alınması ilə bağlı müqavilələr imzalanıb.

Müqaviləyə görə “Hanwha Defense” şirkəti Polşa Ordusuna ümumi dəyəri 2.4 milyard ABŞ dolları olan 212 ədəd K9 ÖAQ, 155 mm-lik artilleriya sursatları tədarük edəcək və logistika dəstəyi göstərəcək.

Dəqiqədə 6-8 atəş açmaq imkanına malik olan K9 ÖAQ-ın maksimum atış mənzili 40 kilometr, sursat tutumu 48 ədəd və döyüş ağırlığı 47 tondur.

K2 “Black Panther” tankı Cənubi Koreyanın “Hyundai Rotem” şirkəti tərəfindən istehsal olunur. 2020-ci ildə şirkət tərəfindən tankın K2PL ixrac versiyası nümayiş etdirilib.

120 mm-lik topla silahlandırlan tank 40 ədəd sursat daşıya, düz yolda maksimum 70 km/saat, ərazidə isə 50 km/saat sürətlə hərəkət edə bilir. Həmçinin 7.62 mm-lik pulemyot və 12.7 mm-lik ağır pulemyot ilə təchiz edilən tankın çəkisi 55 tondur.

Qeyd edək ki, K2PL “Black Panther” tankı Polşa Silahlı Qüvvələrinin zirehli tank ehtiyaclarını qarşılamaq məqsədilə həyata keçirilən “Wilk” proqramı çərçivəsində Polşa Ordusuna təklif olunub. K2PL Polşa Ordusunun texnika parkında yer alan T-72M1 və PT-91 “Twardy” tanklarını əvəz edəcək.

k2 black panther e1661765184937

Poliqon.az

CATEGORIES