Polşa MSPO-2024 sərgisində yüksək dəqiqlikli APR-155 döyüş sursatını nümayiş etdirib

Polşa MSPO-2024 sərgisində yüksək dəqiqlikli APR-155 döyüş sursatını nümayiş etdirib

Polşanın aparıcı dövlət müdafiə konqlomeratı olan “Polska Grupa Zbrojeniowa” (PGZ) şirkəti MSPO-2024 sərgisində 155 mm çaplı APR-155 yüksək dəqiqlikli artilleriya döyüş sursatını (Precision Guided Ammunition) nümayiş etdirib.

“Poliqon” “Army Recognition” nəşrinə istinadən xəbər verir ki, uzun məsafədən dəqiq zərbələr endirmək üçün təyin edilmiş döyüş sursatı Polşanın qismən Ukraynada davam edən münaqişədən əldə etdiyi dərslərə əsaslanan milli hərbi istehsalı genişləndirmək üzrə daimi səylərini əks etdirir.

Mərmi hədəfdəki lazer nöqtəsinə uyğun olaraq aerodinamik sükanlarla korreksiya edilir. Çöl sınaqları zamanı mərmi 8 kilometrdən çox məsafədə yüksək dəqiqlik nümayiş etdirib. Maksimum atəş məsafəsi 20 kilometrdir. Bu qabiliyyət xüsusilə tankların, zirehli texnikanın, artilleriya sistemlərinin və komanda məntəqələrinin məhv edilməsi üçün aktualdır. Sursat Polşa Silahlı Qüvvələrinin ən qabaqcıl artilleriya sistemlərindən ikisi olan “Huta Stalowa Wola” şirkətinin istehsalı tırtıllı “Krab” və təkərli “Kryl” özüyeriyən haubitsalarınada (Armatohaubica samobieżna) istifadə üçün xüsusi hazırlanıb.

Rusiya mətbuatının yazdığına görə, Polşanın APR-155 döyüş sursatı Rusiyanın 152/155 mm-lik 3OF39/K-155 “Krasnopol” atəş yığımına rəqib ola bilər.

Polşanın APR-155 atəş yığımı Ukrayna inkişafı 152/155 mm-lik “Kvitnik”/“Kvitnik-E yüksək dəqiqlikli döyüş sursatına, sonuncu isə öz növbəsində Sovet istehsalı 152 mm-lik “Krasnopol” sursatına əsaslanır. Ukraynanın “Proqress” şirkətinin filialı olan “Tochnist R&D” şirkəti tərəfindən yaradılmış bu dəqiq idarə olunan artilleriya mərmisini heç vaxt yekunlaşdırmaq mümkün olmamış, inkişaf həmişə sınaq mərhələsində dayanmışdır.

Polşa şirkəti isə bu konsepsiyanı götürmüş və Ukraynanın “Proqress” şirkəti ilə əməkdaşlıq edərək “Amunicji Precyzyjnego Rażenia” (Dəqiq Tuşlama Sursatları) adlı mərmilər ailəsi yaratmışdır. Bunların sırasında APR 155 mərmisindən başqa, minaatanlar üçün 120 mm-lik idarə olunan mina da var.

Ukraynada yığılan zaman APR-155 atəş yığımının ilk atışları 2014-cü ildə baş tutmuşdur. İllər keçdikcə Polşa müdafiə sənayesi yerli istehsaldan istifadə edərək, getdikcə daha çox öz texnologiyasını əlavə etmişdir. Buraya özütuşlama başlığının yerli istehsal analoqu və “CRW Telesystem-Mesko” şirkətindən LPC-1 lazer hədəf işıqlandırıcısı ilə əvəz edilməsi daxildir.

APR-155 haqqında son rəsmi bildiriş 2020-ci ilə aiddir və kütləvi istehsalın 2021-ci ildə başlaması planlaşdırılırdı. Lakin ZBiAM-a (Zespół Badań i Analiz Militarnych) görə, son sınaqlar yalnız 2022-ci ilin iyulunda yekunlaşıb və istehsalın gələn il başlaması gözlənilir.

Ukrayna döyüş meydanlarında Rusiyanın radioelektron mübarizə vasitələrinin “Excalibur” və “Vulcano” kimi yüksək dəqiqlikki döyüş sursatlarının dəqiqliyini əhəmiyyətli dərəcədə azaltdığını göstərən Qərb hesabatlarına baxmayaraq, Polşa hərbçiləri artilleriya üçün ağıllı mərmilər əldə etməkdə qərarlı görünürlər. 155 mm-lik idarə olunan atəş yığımları arasında Polşa generallarını maraqlandıran seçimlərin bir neçəsi var:

  • BAE Systems və RTX şirkətlərindən M982 “Excalibur”;
  • “Diehl Defence” və “Rheinmetall” şirkətlərindən “SMArt 155”;
  • “KNDS France” şirkətindən KATANA (hələ inkişaf mərhələsindədir);
  • “Leonardo” şirkətindən “Vulcano GLR”;
  • Polşanın APR-155 döyüş sursatı.

Hazırda Polşa döyüş sursatlarını almaqla yanaşı, bu idarə olunan mərmilər üçün yerli istehsal imkanlarını araşdırır.

Xatırladaq ki, PGZ, törəmə şirkətləri “Mesko”, “Dezamet”, “Nitro-Chem”, “Gamrat” və “Belma” ilə birlikdə bu yaxınlarda Polşa Müdafiə Nazirliyi ilə 2029-cu ilə qədər təxminən 300 min dəst 155 mm-lik artilleriya sursatının çatdırılması üçün müqavilə bağlayıb. Dəyəri 10 milyard krondan (təxminən 2,3 milyard avro) çox olan bu müqavilə Polşanın sursat ehtiyatlarını gücləndirmək, eyni zamanda Avropanın Ukraynanı təchiz etmək səylərinə töhfə vermək məqsədi daşıyır. 155 mm-lik APR-155 atəş yığımlarının Ukraynaya birbaşa tədarükü ilə bağlı konkret məlumatlar təsdiqlənməsə də, Polşa bütün münaqişə boyu Ukraynaya fəal şəkildə hərbi texnika tədarük edir. Bu töhfələr arasında NATO standartlı 155 mm-lik sursatdan istifadə edən “Krab” özüyeriyən haubitsaları da var.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS