Xəbərlər

Polşada ZSSW-30 döyüş modulu üzərində tədqiqatlar başa çatır

Önümüzdəki aylar ZSSW-30 döyüş modulundakı layihələndirmə işlərinin tamamlanması ilə əlaqədar rəsmiləşdirmələri başa çatdırmağa imkan verəcək.

“Poliqon” xəbər verir ki, bunu “Defence24 TV” kanalına müsahibəsində  “Polska Grupa Zbrojeniowa” (PGZ) holdinqinin prezidenti Sebastian Çvalek bildirib.

Müsahibədə S.Çvalek Polşa Silahlı Qüvvələri Baş Qərargah rəisinin PGZ tərkibinə daxil olan “Huta Stalowa Wola” şirkətinə son səfərinin sistemin kiçik elementlərinin Silahlı Qüvvələrin tələblərinə yekun uyğunlaşdırılmasına imkan verdiyini vurğulayıb. O bildirib ki, “Biz əsgərlərin ehtiyaclarına uyğun xüsusi həllər hazırlamağa çalışırıq. Daim Polşa Ordusu ilə işləyirik”.

Əvvəlcə KTO “Rosomak” zirehli transportyorunda, daha sonra isə “Borsuk” piyadanın döyüş maşınında quraşdırılacaq məsafədən idarə olunan ZSSW-30 döyüş modulunun podratçısı PGZ-nin “Huta Stalowa Wola” şirkətindən (aparıcı) və “WB Group” şirkətindən ibarət konsorsiumdur. Məsafədən idarə olunan ZSSW-30 döyüş modulu tam şəkildə Polşa layihəsidir.

Döyüş modulu sutkalıq rejimdə işləyən təkmilləşdirilmiş atəşi idarəetmə sistemli 30 mm-lik Orbital ATK Mk 44S “Bushmaster II topu”, qoşalaşdırılmış “Spike” tank əleyhinə raket kompleksinin buraxma qurğusu və onunla qoşalaşdırılmış 7,62 mm-lik UKM-2000 pulemyotu ilə silahlanıb. Maşın komandiri üçün PCO GOD-1 Iris panorama nişangahı və tuşlayıcı üçün PCO GOC-1 Nike nişangahı nəzərdə tutulub.

Əhəd Əzizov

Poliqon.az

Back to top button