Prezident: Ağdam üçün yeni dövr başlayır

Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var.
“Azeri Defence”nin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamın işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bildirib.
Azərbaycan Prezidenti bildirib ki, işğal edilmiş torpaqlarda hər şey dağıdılıb: “Mən Füzuli və Cəbrayıla səfərlərim zamanı orada dağıntılar arasında Azərbaycan xalqına müraciət edərək demişdim ki, biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində – bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar”.
Ağdam şəhərinin də bərpa ediləcəyini deyən Prezident qeyd edib ki, bütün işlər əsaslı şəkildə ediləcək, Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək.
Prezident bildirib ki, vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək.
“Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur”, – deyə Prezident qeyd edib.
“Ağdamlılar Birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. İkinci Qarabağ müharibəsində – Vətən müharibəsində də cəsarətlə vuruşmuşlar, şəhidlər vermişlər. Mən fürsətdən istifadə edərək bu Qələbəni bizə bəxş edən bütün şəhidlərimizi yad etmək istəyirəm, Allah onlara rəhmət eləsin, Allah onların yaxınlarına səbir versin. Şəhidlərimizin valideynlərinə, yaxınlarına bir daha müraciət edərək onlara öz təşəkkürümü bildirirəm ki, belə gözəl, igid övladlar yetişdiriblər dövlətimiz üçün, xalqımız üçün. Yaralı əsgərlərimizə, zabitlərimizə tezliklə normal həyata qayıtmağı arzu edirəm. Allah onlara şəfa versin. Onların reabilitasiyası ilə bağlı artıq tədbirlər planı hazırlanır, müvafiq göstərişlər verilib. Onlar daim diqqət mərkəzində olacaqlar”, – deyə Prezident vurğulayıb.
Dövlət başçısı bildirib ki, Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir.
“Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik”.




