Prezident Cəbrayıl şəhərinin azadolunma əməliyyatından danışıb

Oktyabrın 4-ü tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər (rayon) mərkəzi azad edildi.
“Poliqon” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cəbrayıl rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
“Müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilib – Böyük Mərcanlı və Nüzgar kəndi və Füzuli rayonunun 4 kəndi və bu, bizim birinci uğurumuz idi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra bizim digər o vaxt işğal altında olan rayonlara uğurlu addımlarımız mümkün oldu”, – deyə dövlət başçısı vurğulayıb.
İlham Əliyev xatırladıb ki, Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı, Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi: “Beləliklə, Laçın dəhlizini tam nəzarətə götürə bildik və bir daha demək istəyirəm, Soltanlı və Əmirvarlı kəndləri uğrunda bir neçə gün çox şiddətli döyüşlər gedirdi və bu, o yerlərdən biri idi ki, Ermənistan ordusu orada dirəniş göstərmişdi və orada böyük istehkamlar qurulmuşdu”.




