Prezident İlham Əliyev: Azərbaycana ən yeni və müasir silah və texnikalar gətirilir və gətiriləcək
Müharibədən sonra bu gün Azərbaycan Ordusu daha güclüdür – həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq.
“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında çıxış edərkən bildirib.
Prezident İlham Əliyev ən müasir silahları almaq üçün yeni kontraktların imzalandığını diqqətə çatdırıb. Azərbaycan Prezidentinin sözlərinə görə, bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək.
“Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”, – deyə Silahlı Qüvvələrin Ali Baş Komandanı bildirib.