“Improtex Industries” şirkəti Cəbrayılda mexaniki minatəmizləyən və zirehli maşınlar istehsal edəcək

“Improtex Industries” şirkəti Cəbrayılda mexaniki minatəmizləyən və zirehli maşınlar istehsal edəcək

Xəbər verildiyi kimi, mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Improtex Industries” şirkətinin “Improtex Qarabağ Sənaye Kompleksi” MMC müəssisəsinin təməlini qoyub.

“Poliqon” xəbər verir ki, “Improtex Qarabağ Sənaye Kompleksi” MMC tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 5 hektar ərazidə investisiya həcmi 7.4 milyon manat olan layihə çərçivəsində mərhələli şəkildə xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı nəzərdə tutulur.

Müəssisədə il ərzində 300 ədəd tentli yarımqoşqu, 100 ədəd mexaniki minatəmizləyən, 100 ədəd yanğınsöndürən və 100 ədəd zirehli maşın istehsal olunacaq. İstehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, Xəzəryanı və Şərqi Avropa ölkələrinə ixracı da planlaşdırılır. Layihənin həyata keçirilməsi ilə 124 nəfərlik iş yeri yaradılacaq.

Burada “Improtex Industries” şirkətinin “Revival P” və “Revival T” mexaniki minatəmizləyən maşınları, eləcə də ITX SII 450 zirehli personal daşıyıcısı istehsal ediləcək.

Əsasən, piyada əleyhinə minaların təmizlənməsi üçün nəzərdə tutulan “Revival P”nin texniki xüsusiyyətləri aşağıdakı kimidir:

  • Partlayışa dayanıqlılığı: 7 kq TNT-yə qədər
  • Toplam çəkisi: 6.5 ton
  • Gücü: 306 at gücü
  • Uzaqdan idarəetmə məsafəsi: 2000 metr
  • Minatəmizləmə qabiliyyəti: 2500 m2/saat qədər
  • İşləmə sürəti: 0.5-1.5 km/saat
  • Hərəkət sürəti: 5 km/saat
  • Dırmanma qabiliyyəti: 35 dərəcə

“Revival T”, “Revival P”dən fərqli olaraq daha çox tank əleyhinə minaların təmizlənməsi üçün nəzərdə tutulub. “Revival T”nin texniki xüsusiyyətləri:

  • Partlayışa dayanıqlılığı: 11 kq TNT-yə qədər
  • Toplam çəkisi: 20 ton
  • Gücü: 772 at gücü
  • Uzaqdan idarəetmə məsafəsi: 2000 metr
  • Minatəmizləmə qabiliyyəti: 4500 m2/saat qədər
  • İşləmə sürəti: 0.5-3 km/saat
  • Hərəkət sürəti: 7 km/saat
  • Dırmanma qabiliyyəti: 30 dərəcə

Bunlar arasında xüsusilə diqqəti çəkən isə zirehli personal daşıyıcısı olan ITX SII 450 layihəsidir. Layihə üzrə hazırlanacaq ITX SII 450 zirehli transportyorunu 450 at gücündəki “Cummins” ISL 450 dizel mühərriki hərəkətə gətirəcək ki, bu da ona 35 dərəcəlik yoxuşlara qalxmağa imkan verəcək.

Zirehli maşın 4×4 təkər formuluna, “Allison 3200” transmissiyasına, elektron idarəetmə panelinə, silah sistemlərinin elektron idarə edilməsi funksiyasına və STANAG 4569 II (STANAG 4569 IV qədər artırıla bilər) zireh səviyyəsinə sahib olacaq. Silah və ekipaj ilə birlikdə tam kütləsi 19500 kiloqram təşkil edəcək ITX SII 450 zirehli transportyoru, maksimum 108 km/saat sürətlə hərəkət edə biləcək.

Poliqon.az

CATEGORIES
TAGS