Prezident İlham Əliyev Pakistan Quru Qoşunlarının komandanını qəbul edib

Prezident İlham Əliyev Pakistan Quru Qoşunlarının komandanını qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edib.

Bu barədə “Poliqon” Azərbaycan Prezidentinin rəsmi saytına istinadən xəbər verib.

Dövlət başçısı iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirib.

Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü dövründə Pakistan hökumətinin və xalqının ölkəmizə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirib. Dövlət başçısı Pakistanın Ermənistanın təcavüzünə görə bu ölkə ilə diplomatik əlaqələr qurmamasını Azərbaycana göstərilən qardaşlıq münasibətinin nümayişi kimi dəyərləndirib.

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi dövründə də Pakistanın Azərbaycana göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını ifadə edib.

Dövlət başçısı Azərbaycan torpaqlarının işğaldan azad olunması kimi tarixi missiyanın başa çatdırıldığını, suverenliyin tam bərpa olunduğunu, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinə başlanıldığını bildirib.

Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında hərbi sənaye sahəsində uğurlu əməkdaşlığın olduğunu deyərək, iki ölkənin birgə hərbi təlim keçirməsinin önəminə toxunub.

Dövlət başçısı beynəlxalq səviyyədə ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsinə toxunaraq, Azərbaycanın qardaş Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəklədiyini bir daha qeyd edib.

Prezident İlham Əliyev Asim Munirin səfərinin əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

Asim Munir İkinci Qarabağ müharibəsində əldə olunan Qələbə və bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərində Azərbaycanın qazandığı uğurlar münasibətilə təbriklərini çatdırıb, bunun Pakistanda böyük sevinclə qarşılandığını qeyd edib. Qonaq Pakistanın Azərbaycan xalqı ilə qardaşlıq əlaqələri nümayiş etdirərək, Ermənistanı bu günə kimi tanımadığını bir daha vurğulayıb.

Asim Munir Cəmmu və Kəşmir məsələsində Azərbaycanın dəstəyinə görə minnətdarlığını bildirib.

CATEGORIES