PUA-lara qarşı “hava minalama” sistemi yaradılıb

“Rostex” Dövlət Korporasiyasının “Kalaşnikov” şirkətlər qrupuna daxil olan “ZALA Aero” tərəfindən yeni antidron sistem yaradılıb.
“Poliqon”un məlumatına görə, “ZALA Aero” şirkətlər qrupunun baş konstruktoru Aleksandr Zaxarov “Rusiya 1” televiziya kanalının efirində pilotsuz uçuş aparatlarına (PUA) qarşı dünyanın ilk “hava minalama” sistemini yaratdıqlarını bildirib.
Yeni sistemin bazası kimi “ZALA Aero” tərəfindən hazırlanan “Lancet” süzən sursatı götürülüb. A.Zaxarovun sözlərinə görə, sursat bir neçə on saat ərzində hava minalanması üçün səmaya göndərilə bilir.
Baş konstruktor düşmən döyüş PUA-larının saatda 150 km sürətlə hərəkət etdiyini və “Lancet”in sürətinin bundan iki dəfə yüksək olduğunu qeyd edib.
Süzən sursat yalnız yerüstü buraxma qurğusundan deyil, hətta dənizdə də hərəkətdən atıla bilər.
A.Zaxarov hazırda sistemin hava şarlarında sınaqdan keçirildiyini söyləyib.
“Lancet” kompleksi bir neçə növ tuşlama sisteminə malikdir: koordinatlı, optoelektronik vasitələrin köməyi ilə və kombinələşdirilmiş. “Lancet”, 40 km radiusdakı hədəfləri vurma qabiliyyətinə malikdir və maksimal qalxma kütləsi 12 kq-dır.
Qeyd etmək lazımdır ki, daha əvvəl TASS İnformasiya Agentliyi Rusiyada radioelektron mübarizə vasitələri tərəfindən tutulmayan kvadrokopter təqdim edilməsi barədə məlumat verib. Kvadrokopterin bort idarəetmə sistemi tam radiosusma rejimində uçmağa imkan verir.
Kvadkopter havada təxminən 40 dəqiqə qala bilir və uçuş məsafəsi beş kilometrdir. Aparat videokamera və termal kameranı daşıya bilir. Kvadrokopterin aşağı akustik və vizual görüntüsü olduğu üçün havada onu tapmaq da çətindir.

Əhəd Əzizov




