
Qazaxıstanda “Semey” kiçik patrul katerinin inşası tamamlanıb
Qazaxıstanın Uralsk şəhərində yerləşən “Zenit” zavodu Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin sifarişi əsasında “Semey” adlı kiçik patrul katerinin inşasını yekunlaşdırıb.
“Poliqon” “Kazakhstan Engineering” şirkətinə istinadən xəbər verir ki, bu, zavodun indiyə qədər inşa etdiyi 35-ci gəmidir.
Bildirilib ki, 70 tonluq bu katerin tikintisi iki il davam edib. Layihələndirmə zamanı manevr qabiliyyətini və döyüş səmərəliliyini artırmaq məqsədilə Sərhəd Xidməti mütəxəssislərinin təklifləri nəzərə alınıb. 40 düyün (təxminən 74 km/saat) sürətlə üzən “Semey” əlavə təminat olmadan dənizdə 7 gün fəaliyyət göstərə bilir. Katerin ekipajı 15 nəfərdən ibarətdir.
“Semey” kiçik patrul kateri sahilyanı sularda brakonyerliyə qarşı mübarizə aparmaq üçün xüsusi olaraq hazırlanıb. Onun yüksək sürəti, çevikliyi və müstəqilliyi dəniz ərazilərində səmərəli şəkildə patrul tapşırıqlarının həyata keçirilməsinə, pozuntulara operativ reaksiya verilməsinə və qayda pozanların tutulmasına imkan yaradır.
Müasir rabitə və naviqasiya vasitələri sayəsində kater dəniz resurslarına etibarlı nəzarəti və Qazaxıstanın dövlət sərhədinin təhlükəsizliyini təmin edir.