
Qazaxıstanın keçmiş müdafiə naziri İmanqali Tasmaqambetov bu ölkənin Rusiyadakı yeni səfiri vəzifəsinə təyin olunub.
“AzeriDefence”nin qazax mediasına istinadən verdiyi məlumatına görə, ötən gün dövlət başçısı Nursultan Nazarbayevin imzaladığı sərəncamla Qazaxıstanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Marat Tajin geri çağırılıb, onun yerinə isə İ. Tasmaqambetov təyin edilib.
M.Tajin isə Prezident Administrasiyasında müvafiq işə təyinat alıb.
Prezident Nursultan Nazarbayev yeni təyinatı Rusiya ilə əlaqələrə önəm verilməsi ilə əlaqələndirib.
Xatırladaq ki, İmanqali Tasmaqambetov hazırkı prezident Nursultan Nazarbayevin komandasının mühüm simalarından biri sayılır. O, Qazaxıstanın baş naziri, dövlət katibi, Prezident Administrasiyasının rəhbəri, Almata və Astana şəhərlərinin icra hakimiyyətinin başçısı və müdafiə naziri vəzifələrində çalışıb.



