Qətər HHQ F-15QA döyüş təyyarələrini nümayiş etdirib

Qətərin Milli Müdafiə Günü münasibəti ilə təşkil edilən hərbi paradda ilk dəfə olaraq Qətər Hərbi Hava Qüvvələri (HHQ) ən yeni F-15QA çoxməqsədli döyüş təyyarələrini nümayiş etdirib.
“Poliqon”un məlumatına görə, hərbi paradda ən azı 5 ədəd F-15QA döyüş təyyarəsi səmada müxtəlif manevrlər edib.
Qeyd edək ki, 2017-ci ildə ABŞ-ın “Boeing” şirkəti ilə Qətər arasında 6.17 milyard ABŞ dollar dəyərində 36 ədəd F-15QA “Advanced Eagle” döyüş təyyarəsinin tədarükünə dair müqavilə imzalanıb. Cari ilin oktyabr ayının sonlarında 4 ədəd döyüş təyyarəsi sifarişçiyə təhvil verilib. İkinci partiyanın 2021-ci ilin dekabr ayında təhvil alınacağı bildirilmişdi.
F-15QA təyyarəsi yeni nəsil uçuş idarəetmə sisteminə, rəqəmsal kokpitə, modernləşdirilmiş sensorlara, radar və radioelektron mübarizə sisteminə, eləcə də sürətli missiya kompüterinə malikdir.
Qətər Ordusunun son alacağı döyüş təyyarələrinin 12 il ərzində, hazırda inventarda yer alan “Mirage-2000” təyyarələrini əvəz edəcəyi planlaşdırılıb.
Rizvan Fikrətoğlu




