
“Raytheon” şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrindən (HDQ) SPY-6 radar ailəsi üçün 515 milyon dollar dəyərində müqavilə qazanıb.
“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, bu, 2025-ci ilin iyun ayında imzalanmış inteqrasiya və istehsal dəstəyi müqaviləsinin davamıdır və “Flight IIA” sinifli destroyerlərin SPY-6(V)4 variantı ilə modernləşdirilməsini nəzərdə tutur.
Hazırda SPY-6 radarı ABŞ HDQ-nin istismara qəbul edilmiş iki gəmisində xidmət göstərir. Radar daha 11 gəmidə quraşdırılıb ki, onlar da hazırda müxtəlif sınaq mərhələlərindən keçir. Növbəti 10 il ərzində SPY-6 radarlarının ABŞ Hərbi Dəniz Qüvvələrinin 50-dən çox gəmisində yerləşdirilməsi planlaşdırılır.
Bu radarlar gəmilərin hava, suüstü, ballistik raket və radioelektron müharibə təhdidlərinə qarşı müdafiə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.




