
“Raytheon” şirkəti (RTX korporasiyasının tərkibinə daxildir) ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) üçün “Tomahawk” qanadlı raketlərinin istehsalını əhəmiyyətli dərəcədə sürətləndirəcək.
“Poliqon” xəbər verir ki, bunun üçün ABŞ Müharibə Nazirliyi tərəfindən şirkətə 22,9 milyard dollar dəyərində yeddiillik müqavilə verilib.
Razılaşma “Tomahawk” raketlərinin illik istehsalının 1000 ədəddən artıq rəqəmə çatdırılmasını və ABŞ HDQ ilə müttəfiq ölkələrin tələbatının uzunmüddətli və sabit şəkildə təmin edilməsini nəzərdə tutur.
RTX son illərdə “Tomahawk” və digər mühüm sursatların istehsalını artırmaq üçün böyük investisiyalar yatırıb. Şirkət 2026-cı ilin ilk yarısında 2025-ci ilin eyni dövrü ilə müqayisədə üç dəfə çox “Tomahawk” raketi tədarük edib. Yeni müqavilə çərçivəsində RTX istehsal gücünü daha da artıracaq.
“Tomahawk” ABŞ Silahlı Qüvvələrinin əsas uzaqmənzilli zərbə vasitələrindən biri hesab olunur. Raket müxtəlif buraxılış platformalarından yüksək əhəmiyyətli hədəflərə qarşı dəqiq və uzaqmənzilli zərbələrin endirilməsi üçün nəzərdə tutulub.





