Region ölkələrin müasir HHM və RƏM sistemləri – ANALİZ

Region ölkələrin müasir HHM və RƏM sistemləri – ANALİZ

Hazırda mövcud olan və layihələndirilən hava hücumu vasitələri və müxtəlif növ raket kompleksləri bir çox orduların mütəxəssislərini belə tip silahlardan müdafiə üçün daha mütərəqqi hava hücumundan müdafiə (HHM) və raket əleyhinə müdafiə (RƏM) sistemlərinin yaradılması üçün tədbirlər həyata keçirməyə məcbur edir. Bundan irəli gələrək, ordu mənsubları yeni HHM və RƏM sistemlərinin yaradılması, həmçinin silahlanmada yer alan və özünü müsbət cəhətdən doğrultmuş nümunələrin təkmilləşdirilməsi məqsədi ilə müdafiə sənayesi müəssisələrinə taktiki-texniki tələblər (TTT) təqdim edirlər. Müəssisələr isə öz növbəsində həmin TTT-yə uyğun, bəzi hallarda isə ondan üstün nümunələrin yaradılmasına nail olurlar. Bəzən isə müəssisələr təşəbbüs qaydasında belə komplekslərin yaradılmasını yerinə yetirirlər.

Son illərdə keçirilən müxtəlif beynəlxalq səviyyəli sərgilərdə fərqli istehsalçıların silahlanmada yer alan və qəbul edilməsi planlaşdırılanlar HHM və RƏM sistemləri, həmçinin onların ixrac variantları xüsusi maraq doğurur. Bu materialda ayrı-ayrı ölkələrdə keçirilmiş sərgilərdə nümayiş etdirilmiş bəzi sistemlərə qısa baxış sərgilənir, həmçinin Azərbaycan Ordusunun HHM sisteminin təkmilləşdirilməsi üçün böyük tədbirlərin həyata keçirilməsi və RƏM sisteminin inkişaf etdiliməsi zəruriliyinə diqqət yetirilir.

Rusiya istehsalı olan HHM və RƏM sistemləri

antey 40009K81M4 “Antey-4000” qeyri-strateji (QS) RƏM zenit raket sistemi (ZRS) faktiki olaraq Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları üçün yaradılmış S-300V4 zenit raket sisteminin ixrac versiyasıdır və onun bazasında yaradılıb. Sifarişçinin istəyinə uyğun olaraq, ixrac üçün nəzərədə tutulmuş “Antey-4000” ZRS təkərli şassiyə də quraşdırıla bilər, artıq belə bir versiya hazırlanıb. “Antey-4000” ZRS əhəmiyyətli sənaye, inzibati və hərbi obyektləri müdafiə etmək üçün təyin edilib. Bir çox mənbələrin məlumatına görə, kompleks 100 km uzaqlıqda və 0,025-30 km yüksəklikdə uçan aerodinamik hədəfləri, 1100 km məsafədə start edən ballistik raketləri 30 km (9M82MDE ZİR)/40 km (9M83ME ZİR) uzaqlıqda və 1-33 km yüksəklikdə məhv edə bilir. Məhv edilən hədəflərin maksimal sürəti saniyədə 3000 metrdir. Bir divizion “Antey-4000” ZRS eyni zamanda 24 hədəfə atəş aça bilir. Bu zaman divizion 48 ədəd ZİR-i hədəflərə tuşlayır. Raketin döyüş başlığı istiqamətləndirilmiş qəlpəli-fuqas təsirlidir. Divizionun zenit idarəolunan raket (ZİR) döyüş dəsti 96-192 ədəddir. Bir buraxma qurğusundan (BQ) atış tempi (buraxılışlar arası interval) 1,5 saniyə, ZİR buraxılışa hazırlıq müddəti isə 15 saniyə təşkil edir. Sistemin növbətçi rejimdən döyüş rejiminə keçirilmə müddəti 40 saniyədir.

98R6E “Abakan” zenit raket kompleksi yüksək mobil çoxkanallı ZRS dövlətin strateji əhəmiyyətli hərbi-sənaye obyektlərinin, hökumət və inzibati binalarının müdafiəsi zamanı müasir və perspektivli qeyri-strateji ballistik raketləri məhv etmək üçün təyin edilib. 51P6E2 BQ perspektivli QSRƏM ZRS tərkib hissəsi olaraq, ballistik hədəflərlə mübarizə üçün təyin edilib. “Abakan” ZRK, HHM və RƏM sisteminə inteqrasiya edilir və həm avtonom fəaliyyətləri təmin edir, həm də istənilən orta və uzun mənzilli ZRK-nin bir hissəsi olaraq, əlavə modul qismində kütləvi ballistik raket zərbələrini dəf etmək üzrə HHM-RƏM qruplaşmalarının imkanlarını genişləndirir. “Abakan” ZRK BAZ-6909.60 şassisi üzərində qurulub. Kompleksdə 9M82MDE zenit idarəolunan raketlərdən (ZİR) istifadə olunur. Bu raketlər həm də “Antey-4000” ZRS-də istifadə edilir. Kompleksin əməliyyat-taktiki raketi maksimal məhvetmə məsafəsi 30 km-ə, balistik hədəfləri məhvetməsinin maksimal hündürlüyü 25 km-ə bərabərdir. ZİR hazırlıq müddəti 7,5 saniyə və buraxılışlar arasındakı interval 2 saniyəyə qədərdir. Ərazidə açılma/yığılma müddəti 6/6 dəqiqədən çox deyil.

9K317ME “Vikinq” zenit raket kompleksi, HHM sistemlərinin radioelektron və atəş susdurulması şəraitində ordu və cəbhə qoşunlarının və obyektlərinin düşmənin perspektivli hava hücum silahlarının kütləvi zərbələrindən müdafiəsi üçün təyin edilib. “Viking” ZRK-də 9M83ME ZİR istifadəsi aerodinamik və ballistik hədəflərə təsir dairəsini və yüksəkliyini genişləndirir. Kompleksin məhv etdiyi hədəflərin sırasına taktiki ballistik raketlər, qanadlı raketlər, strateji aviasiya təyyarələri, taktiki və ordu aviasiyası təyyarələri, yüksək dəqiqlikli idarə olunan silahlar və s. daxildir. BQ-də 1 hədəfə 2 ədəd ZİR olmaq hesabı ilə 4 ədəd ZİR yerləşir. ZİR-in hazırlıq müddəti 7,5 saniyə, atışlar arasındakı interval 1,5 saniyə təşkil edir. Kompleksin döyüş vasitələri 24 saat fasiləsiz işləməni təmin edir. Kompleksin hədəfə reaksiya müddəti 10-12 saniyədir. Kompleks bütün hava şəraitlərində işləmək qabiliyyətinə malikdir.

Tor E2“Tor-E2” zenit raket kompleksi, “Tor” tipli kompleksin əvvəlki təkmilləşdirmələrinin bütün üstünlüklərini özündə birləşdirən son modifikasiyasıdır və ZİR-in ikiqat döyüş dəsti də daxil olmaqla bir sıra yüksəldilmiş taktiki və texniki xüsusiyyətləri ilə seçilir. Kompleks, bütün növ döyüşlərdə və yürüşlərdə birlik və birləşmələri himayə etmək, habelə hərbi və digər vacib obyektləri pilotlu və pilotsuz aviasiya vasitələrinin hücumlarından qorumaq üçün istifadə olunur. “Tor-E2” ZRK, gecə və gündüz, güclü atəş və radio-optik-elektron əkstəsir tədbirləri şəraitdə kompleksin təsir dairəsindəki təyyarələri, helikopterləri, qanadlı, radiolokasiya əleyhinə və digər idarə olunan raketləri, süzən və idarə olunan aviasiya bombalarını və PUA-ları məhv etmək üçün təyin edilib. Əksər analoqlardan fərqli olaraq, “Tor-E2” ZRK yüksək manevr qabiliyyətinə malik avtonom mobil döyüş vahididir. Kompleks uzaqlıq üzrə 15 km-dən az olmayan, yüksəklik üzrə 12 km-ə qədər və kurs parametri üzrə 9,5 km-ə qədər məsafələrdəki hava hədəflərini məhv etmək imkanına malikdir. 4 döyüş maşınından ibarət 4-kanallı “Tor-E2” ZRK batareyası eyni anda 16 hədəfi vurmağa qadirdir.

“Tor-M2DT” zenit raket kompleksi ikimanqalı DT-30 “Vityaz” transporyoru bazasında yaradılan döyüş maşını olmaqla 9K332 “Tor-M2” ZRK-nin Arktika versiyasıdır. 2018-ci ilin noyabr ayında Rusiya Silahlı Qüvvələrinin silahlanmasına daxil olub. “Tor-M2DT” ZRK ekstremal iqlim şəraitində hava hüdudlarını qorumaq üçün təyin edilib. “Tor-M2DT” ZRK-nin uzaqlıq üzrə məhvetmə məsafəsi 1 – 16 km, yüksəklik üzrə 0,01 – 10 km, kurs parametri ±9,5 km-dir. Məhv edilən hədəflərin maksimal uçuş sürəti saniyədə 1000 metr, kompleksin reaksiya müddəti isə 48 saniyədir. Hədəf kanallarının sayı 4 və eyni anda atəş aparılan hədəflərin sayı 4-dür. “Tor-M2DT” ZRK effektiv əksetdirilən səthi 0,1 m2 olan və saniyədə 700 metr sürətlə uçan kiçik ölçülü hava hücumu vasitələrini vura bilir. Döyüş maşınında 16 ədəd 9M338 markalı ZİR yerləşir. RLS vasitəsi ilə hədəf aşkar edildikdən sonra raketlər 5-10 saniyə ərzində atıla bilir. Buraxılış intervalı 2,5 saniyə təşkil edir.

“Sosna” zenit raket kompleksi ixrac versiyasında hazırlanmaqla, istənilən döyüş növlərində, o cümlədən yürüş zamanı hərbi bölmələri hava hücumlarından qorumaq üçün təyin edilib. O, Quru Qoşunlarını himayə edən eşelonlaşdırılmış HHM sisteminin bir hissəsidir. Təkmilləşdirilmiş 9K35M3 “Strela-10M3” ZRK-nin əsasında hazırlanıb. Yeni kompleks, PUA da daxil olmaqla aviasiya vasitələrini, həmçinin qanadlı raketləri, süzən bombaları və yüngül zirehli yerüstü texnikaları məhv etmək üçün təyin edilib. Bu kompleksin əsas vəzifəsi uzun və orta mənzilli komplekslərin müdafiəsini aşan hədəfləri tutmaqdır. Rusiya Silahlı Qüvvələrinin HHM sistemi əsasında hesablama apardıqda aydın olur ki, “Sosna” ZRK-nin yerləşdiyi pillə ordu bölmələrinin dördüncü müdafiə eşelonudur. Birinci eşelonda S-300V4, ikincidə təkmilləşdirilmiş “Buk”, üçüncüdə isə “Tor” zenit raket sistemləri yer alır. “Sosna” ZRK minimal/maksimal məhvetmə məsafəsi 1,3/10 km, hündürlüyü isə 0,002/5 km-dir. Kompleks saniyədə 250 m sürətlə uçan raketləri, saniyədə 100 m-ə qədər sürət yığan helikopterləri və saniyədə 300 m-ə qədər sürət yığan təyyarələri tuta bilir. ZRK-nin döyüş dəstinin əsasını saniyədə 900 m-ə qədər maksimal sürət yığan 12 ədəd iki mühərrikli 9M340 “Sosna-R” raketləri təşkil edir.

Pancir C1M img 10.pngC0F8D9F6 1E93 448C 8DF2 C51ADF44194BLarge“Pantsir-S1M” zenit raket-top kompleksi Rusiya Ordusu üçün nəzərdə tutulmuş 96K6M “Pantsir-SM” təkmilləşdirilmiş ZRTK-nin ixrac versiyasıdır. Yeni kompleksdən ixrac versiyalı yeni 57E6-E və 57E6E raketləri ilə yanaşı köhnə 9M335 ZİR ilə də atəş aparmaq mümkündür. “Pantsir-S1M” ZRTK-nin məhvetmə məsafəsi 20 km-dən 40 km-ə, hündürlüyü isə 15 km-dən 18 km-ə qədər artırılmış yeni ZİR-dən istifadə edə bilir. Hədəfləri minimal məhvetmə hündürlüyü 15 m-dir. Raketin çapı bölünənə qədər 170 mm, bölündükdən sonra isə 90 mm-dir. Kütləsi nəqletmə-buraxma konteynerində/uçuşda 94/74,5 kq-dır. Döyüş başlığının kütləsi 20 kq, döyüş başlığındakı partlayıcı maddənin kütləsi 5,5 kq-a bərabərdir. Yerinə yetirilən təkmilləşdirmə nəticəsində kompleksin müdafiə etdiyi ərazinin həcmi 3 dəfə artıb. Döyüş işinin gizliliyi və maneəyə davamlığı yüksəldilib, vaxt vahidi üzrə atəş məhsuldarlığı artırılıb. Radioelektron avadanlıqların və silahların təkmilləşdirilməsi sayəsində ZRTK təyyarələrə, helikopterlərə, qanadlı raketlərə, kiçik ölçülülər daxil olmaqla PUA-lara təsirli mübarizəni təmin edir və eyni zamanda yerüstü hədəflərə atəş aça bilir. Kompleksin artilleriya hissəsi dəyişdirilməyib və döyüş dəstinə 1400 ədəd atəş yığımı daxil olan 30 mm-lik 2A38M iki lüləli cüt topdan ibarətdir. Topların ümumi atəş tezliyi dəqiqədə 5000 atəş təşkil edir.

Yaxın mənzilli 96K6M “Pantsir-SA” ZRK xüsusi olaraq Arktikada istifadə üçün yaradılıb. O, qarda və bataqlıqda hərəkət edə bilən ikimanqalı DT-30 “Vityaz” transporyoru bazasına quraşdırılıb və Arktikada yolsuzluq şəraitində ətraf mühitin geniş temperatur diapazonunda işləyə bilir. İlk nümunələr 2019-cu ildə ordunun təchizatına daxil olub. Hazırda Rusiya Hava-Kosmik Qüvvələrinin və Şimal Donanmasının HHM bölmələrinin tərkibində döyüş növbətçiliyi aparır. “Pantsir-SA” ZRTK mülki və hərbi obyektlərin hava, yerüstü və suüstü təhdidlərə qarşı yaxın atəş himayəsi üçün təyin edilib. Kompleksin çoxkanallı hədəftutma və müşayiətetmə sistemi və müasir zenit raketləri 20 kilometr radiusda istənilən hava hədəflərinin zəmanətli məhv edilməsinə imkan verir. Kompleksin modul sistemi “Pantsir-SA” üçün həm təkərli, həm də tırtıllı fərqli bazalar seçməyə imkan verir. Bundan əlavə, kompleks hərbi gəmilərə də quraşdırıla bilir.

“Gibka-S” zenit raket kompleksi, hava vəziyyətinə nəzarət etmək, hədəfləri aşkar etmək, həmçinin DZRK raketlərindən istifadə edərək aşkar edilən hədəflərə hücum etmək üçün təyin edilib. Kompleksin tərkibinə zenitçilər manqasının döyüş maşını 9A3324  (BMO) və zenit taqım komandirinin kəşfiyyat və idarəetmə maşını (MRUK) daxildir. MRUK-da 1L122 “Qarmon” radiolokasiya stansiyası quraşdırılıb. RLS-in hədəfi aşkaretmə məsafəsi 40 km, hündürlüyü isə 10 km-dir. Hava hədəfinin maksimal sürəti saniyədə 700 m-dir. “Gibka-S” kompleksində 9K338 “İqla-S” və 9K333 “Verba” DZRK-nin raketlərindən istifadə olunur. Buraxma qurğularının sayı 4 ədəddir. Məhvetmə məsafəsi 6 km təşkil edir.

Türkiyə istehsalı olan HHM və RƏM sistemləri

Hazırda Türkiyə Respublikası Yaxın və Orta Şərqin ən güclü hərbi potensialına malikdir. Eyni zamanda, bütövlükdə ölkənin silahlı qüvvələrinin və xüsusən də HHM sisteminin problemi, əhəmiyyətli bir hissəsi ABŞ-dan, Böyük Britaniyadan və İsraildən alınan müasir silah və hərbi texnikanın çatışmamasıdır. Bu baxımdan, ölkənin ali hərbi və siyasi rəhbərliyi, bölgədəki vəziyyətin ağırlaşması vəziyyətində mümkün hava zərbəsindən HHM-ni təmin edə biləcək milli HHM sistemini təkmilləşdirərək ölkənin təhlükəsizliyini gücləndirməkdə maraqlıdır.

Bununla əlaqədar olraq, Türkiyədə son illər ərzində HHM sistemlərinin yaradılması və istehsalı üzrə mütəşəkkil konstruktor-mühəndis tədbirləri həyata keçirilməkdədir. Bu tədbirlər nəticəsində bir neçə yeni ZRK yaradılaraq silahlanmaya qəbul edilib ki, bunun da nəticəsində Türkiyə Silahlı Qüvvələrinin ixracdan asılılığı qismən aradan qaldırılıb. Yeni sistemlərin yaradılması və artıq silahlanmaya qəbul edilmiş komplekslərin təkmilləşdirilməsi üzrə işlər bu gündə davam etdirilməkdədir. Son illərin nailiyyətləri sırasında “Hisar” və “Sungur” ZRK-lər özünəməxsus yer tutur.

hisar

“Hisar” zenit raket kompleksi, 2007-ci ildən etibarən “Aselsan” və “Roketsan” şirkətləri  tərəfindən yaradılmış və istehsal olunan yaxın, orta və uzun mənzilli “yer-hava” sinif zenit raket sistemləri ailəsidir. ZRK ailəsinə üç fərqli sistem: yaxın mənzilli (aşağı hündürlüklü) “Hisar-A” ZRK, orta mənzilli (hündürlüklü) “Hisar-O” ZRK və sonradan “Siper” adlandırılmış uzun mənzilli “Hisar-U” HHM-RƏM ZRK daxildir. 2019-cu il tarixində “Hisar-A” kompleksinin son inkişaf sınaqları tamamlanıb və seriyalı istehsal üçün Milli Müdafiə Nazirliyi tərəfindən təsdiq edilib. Raketlərin xüsusiyyətləri haqqında hərbi mütəxəssislərin rəyi aldıqdan sonra, 2020-ci ildə “Hisar-A” və “Hisar-O” sistemlərinin təkmilləşdirilmiş versiyaları olan “Hisar-A+” və “Hisar-O+” hazırlanıb. 6 yanvar 2020-ci il tarixindən təkmilləşdirilmiş “Hisar-A+” sisteminin seriyalı istehsalına başlanıb. Raketləri idarəetmə sistemi infraqırmızı özütuşlama başlığına əsaslanır. Komplekslər təyyarələri, helikopterləri, “hava-yer” tipli raketləri və pilotsuz uçuş aparatlarını məhv edə bilir. Artıq “Hisar-A+” ZRK Türkiyə Silahlı Qüvvələrinin döyüş növbətçiliyi aparır. “Hisar-O+” ZRK-nin isə seriyalı istehsalı üçün hazırlıq işləri yerinə yetirilir.

“Hisar-A”/”Hisar-A+” ZRK, “Roketsan” şirkəti tərəfindən təmin edilən dörd ədəd şaquli buraxılan “Hisar-A” raketləri ilə silahlanmış FNSS ACV-30 tırtıllı maşınının bazasına əsaslanır. “Hisar-A” tırtıllı ZRK, özünəməxsus “Kalkan” HHM radiolokatoru və ayrı atəşi idarəetmə sistemi olan bir batareya kimi işləməyə ehtiyac duymadan müstəqil avtonom sistem olaraq işləməsinə imkan verən elektro-optik/infraqırmızı (EO/İR) sistemlə təchiz edilib. Kompleksin miniman atəş məsafəsi 2 km, maksimal mənzili isə 15+ km təşkil edir. Hədəflərin məhv edilməsi hündürlükləri 15 metrlə 8+ km arasındadır.

“Hisar-O”/”Hisar-O+” ZRK, “Mercedes-Benz Zetros” avtomobilinin şassisində yerləşdirilib. “Hisar-O+” ZRK “Hisar-O” kompleksinin təkmilləşdirilmiş versiyasıdır. “Hisar-O+”, məsafə və RLS əhatə dairəsi baxımından “Hisar-O” ZRK-dən bir addım irəlidədir. Kompleksin minimal atəş məsafəsi 3 km, maksimal atəş məsafəsi isə 25+ km təşkil edir. Hədəflərin məhv edildiyi minimal hündürlük 50 metr, maksimal hündürlü 15 km-dir. Qırıcı təyyarəni aşkaretmə və müşayiətetmə məsafəsi 40-60 km-ə bərabərdir. Eyni anda 60-a qədər hədəfi müşayiət edə bilir. Buraxılışa hazır raketlərin miqdarı: batareyada ≥ 18 ədəd, divizionda ≥ 54 ədəddir. Raketin döyüş başlığı yüksək effektivlikli qəlpəli təsirə malikdir. İkipilləli bərk yanacaqlı raket mühərriki ilə təchiz edilib. Raket aralıq faza tuşlaması zamanı inersial naviqasiya və məlumat ötürmə kanalından, son mərhələdə isə aktiv radar radiolokasiya özütuşlama başlığından istifadə edir.

“Hisar-U” və ya “Siper” ZRK “Aselsan”, “Roketsan” və “TÜBİTAK SaGe” şirkətləri tərəfindən başladılan və inkişaf etdirilən yüksək hündürlük və uzun mənzilli hava hücumundan müdafiə sistemidir. Gəmi və yerüstü bazalanmalı olmaqla istifadə edilməsi planlaşdırılan raketin 100 km-dən çox uçuş məsafəsinə, ikipilləli bərk yanacaqlı mühərrikə, aktiv radiolokasiya özütuşlama başlığına (RF) və infraqırmızı ötütuşlama başlığına (IIR) malik olacağı gözlənilir. Sistem, Türkiyə Donanmasının ən böyük döyüş gəmi layihəsi olan TF-2000 HHM esminesində də istifadə ediləcək. Quru Qoşunları üçün nəzərdə tutulmuş kompleks “MAN Türkiye 8×8” yük avtomobilinin şassisində yerləşdirilib. Minimal 30 km, maksimal isə 150+ km məsafələrdə uçan hava hədəflərini məhv etmək imkanına malikdir. Kompleks düşmənin minimal 50 m və maksimal 20 km hündürlükdə uçan hava hədəflərini məhv edə bilir. İstehsalçı “Hisar-U”/”Siper” ZRK-nin ABŞ istehsalı olan “Patriot” və Rusiya istehsalı olan “S-400” ZRS-lərlə rəqabət aparmasını hədəfləyir. “Hisar-U” ZRK-nin ilk prototipinin sınaqlarına cari ilin sonunda başlaması planlaşdırılır. Türkiyə “Hisar-U” ZRK ilə uzun mənzilli HHM sistemini istehsal edən bir neçə ölkə arasında yer tutacaq.

“Hisar-RF” ZRK-nin aktiv radiolokasiya özütuşlama başlıqlı variantı ilə 2020-ci ilin avqust ayında sınaqdan keçirilib. “Hisar-RF” ZRK özündə üfiqarxası “Gökdoğan” HHM sisteminin aktiv radiolokasiya özütuşlama başlığı ilə təchiz edilmiş “Hisar-O” raketinin gövdəsi bir qədər uzadılmış variantını tərənnüm edir. O, radiotezlikli axtarıcı sayəsində “Hisar-O” ZİR-dən daha böyük bir məhvetmə məsafəsinə sahib olacaq, “Hisar-O” və “Hisar-U” variantları arasındakı boşluğu dolduracaq. Radiolokasiyalı özütuşlama başlığından istifadə edən “Hisar-RF” raketinin, soyudulan infraqırmızı özütuşlama başlığından (IIR) istifadə edən və atmosfer şəraitindən qaynaqlanan qızma problemi səbəbiylə bəzi məhdudiyyətlərə malik “Hisar-O” raketinə nisbətən daha yüksək atış məsafəsinə sahib olacağı – HAWK raketinə bərabər olacağı təxmin edilir. Ancaq texnologiya baxımından “Hisar-RF” ZİR, HAWK raketindən qat-qat yüksək mövqedə yerləşir. “Hisar-RF” raketinin radiolokasiya özütuşlama başlığı, “Gökdoğan” HHM sisteminin aktiv radiolokasiya özütuşlama başlığının istehsalından əldə etdiyi təcrübə əsasında “Aselsan” şirkəti tərəfindən hazırlanıb. “Hisar-RF” ZİR, aralıq faza tuşlaması zamanı məlumat ötürmə kanalından və son mərhələdə aktiv radar radiolokasiya özütuşlama başlığından istifadə edəcək.

Ümumilikdə, Türkiyə Silahlı Qüvvələri, “Hisar-A+”, “Hisar-O+” və “Hisar-RF” kompleksləri sayəsində pilləli HHM şəbəkəsinin həm ikinci (yaxın mənzilli), həm də üçüncü (orta mənzilli) səviyyələrini qura biləcək. Qurulacaq “Siper” layihəsi isə dördüncü səviyyə (uzun mənzilli) ilə üçüncü səviyyə arasındakı boşluğu doldurmağa imkan verəcək.

SUNGUR2 “Sungur” ZRK, Türkiyə Silahlı Qüvvələrinin HHM sistemində olan “Stinger” (FIM-92B/C) DZRK raketlərini əvəz etmək üçün hazırlanıb. “Roketsan” şirkəti tərəfindən milli qaynaqlara əsaslanaraq hazırlanan Türkiyənin pilləli HHM sistemləri ailəsinin ən yeni üzvü olan “Sungur” ZRK Silahlı Qüvvələrin inventarında özünəməxsus yerə sahibdir. “Sungur” ZRK, portativ xüsusiyyəti ilə yerüstü, hava və dəniz platformalarına inteqrasiya oluna bilər. Quru Qoşunlarını qanadlı raketlərə, PUA-lara, alçaqdan uçan sabit qanadlı təyyarələrə və helikopterlərə qarşı qısa mənzilli hava hücumundan müdafiə təmin edən “Sungur” yaxın mənzilli mobil ZRK yerdən havaya atəş aparan PORSAV Milli MANPADS sistemi ilə təchiz edilib. “Sungur” ZRK, hava elementlərinə qarşı effektivliyi və yüksək manevr qabiliyyəti, yüksək hədəfvurma qabiliyyəti və əks tədbir xüsusiyyəti, titan döyüş başlığı və hədəfin uzun məsafədən müşahidəsini təmin edən nişangah qabiliyyəti ilə öz sinfini önləyən bir sistemdir. Kompleks hərəkətdə atış qabiliyyəti, gecə-gündüz hədəf təsbiti, təhlili, tanıması, izləməsi kimi xüsusiyyətlərə sahibdir. Düşmənin 4+ km hündürlükdə və 8 km məsafədə uçan hədəflərinin məhv edilməsini təmin edir.

İranın istehsal etdiyi HHM və RƏM sistemləri

İran HHM elementlərinin təkmilləşdirilməsini milli silahlı qüvvələrin inkişafı üçün prioritet sahələrdən biri hesab edir. Ölkənin HHM sisteminin təməlini əsasən müxtəlif illərdə əldə edilmiş köhnə xarici istehsal olan ZRK-lər təşkil edir. Bura Rusiyadan və Çindən, eləcə də 70-ci illərdə ABŞ və NATO ölkələrindən satın alınmış komplekslər daxildir. Bu silahların bəziləri müasirdir, bəziləri isə fiziki və mənəvi cəhətdən artıq “qocalıb”, lakin müxəlif vaxtlarda yerli müəssisələr tərəfindən təkmilləşdirilib. Uzun müddətdir ki, sanksiyalar altında olmasına baxmayaraq, İranda Sovet/Rusiya və ya Çin layihələrindən istifadə edərək HHM sistemlərini uğurla inkişaf etdirilir. Ölkənin hərbi sənaye müəssisələri öz nümunələrini hazırlayır və istehsal edir, onlar artıq real işdə sınaqdan da keçirilib. İranın son illərdə yaradılmış ən müasir yeni zenit raket komplekslərinə “Bavar-373”, “Khordad-15”, “Khordad-3”, “Mersad-16” və “Dey 9” aiddir.

Bavar 373“Bavar-373” ZRK, “Sayyad 2” və “Sayyad 3” raketlərini buraxan “Talash” və “Khordad-15” müdafiə sistemlərində istifadə olunan texnologiyalardan istifadə edilərək hazırlanan və istehsal edilən uzun mənzilli HHM raket sistemidir. Bu sistemin imkanları arasında yüksək hərəkətlilik, yüksək həcmli atəş, müxtəlif hava və raket tipli hədəflərlə qarşılıqlı əlaqə qurma qabiliyyəti, böyük atəş məsafəsi və yüksəkliyi, düzgün qarşılaşma və dartqı ehtimalı, elektron maneə əleyhinə düzgün dayanıqlıq, yerli və sadə texniki xidmət, hücum (o cümlədən kimyəvi, mikrob və nüvə hücumları) şəraitində əməliyyatlar və elektromaqnit hücumları ilə mübarizə qabiliyyəti, müxtəlif hava şəraitlərində əməliyyatlar, dünyanın müasir hədəfləri ilə mübarizə qabiliyyəti, ölkənin müdafiə şəbəkəsi ilə əlaqə, etibarlılıq və oxşar xarici nümunələrdən çox aşağı bir qiymət var. “Bavar-373” ZRK 320 km məsafədəki hədəfləri aşkar edir və onları 260 km-dən izləyir və 200 km məsafədə 27 km yüksəkliyə qədər hücum edə bilir. Kompleksin hədəf axtarış və aşkaretmə RLS-i eyni anda 300 hədəflə işləyə bilir. Digər tərəfdən bu sistemin tutucu radarı eyni anda 60 hədəfi izləmək qabiliyyətinə malikdir. Kompleksin istifadə edə biləcəyi digər “Meraj-4” RLS-in isə fəaliyyət məsafəsi 450 km-dir və eyni anda 200 hədəflə işləyə bilir.

“Khordad-3” orta mənzilli ZRK, “Raad/Tabas” ZRK bazasında yaradılıb və ölkənin ən müasir kompleksi hesab olunur. Kompleksin standart silahlanması müxtəlif variantlar üçün maksimal 50 ilə 105 km (bəzi mənbələrə görə 75 km) uçuş məsafəsinə malik orta mənzilli “Taer-2B” və “Sayyad-2C” raketlərindən ibarətdir. Hədəfləri məhvetmə hündürlüyü 25 – 30 km arasındadır. Kompleks, fazalı anten şəbəkəsi olan RLS istifadəsi ilə eyni vaxtda dörd hava hədəfini izləyə və iki raketi tuşlaya bilir.

“Khordad-3” ZRK qanadlı raketlərə, PUA-lara, helikopterlərə və təyyarələrdən atılan bombalara qarşı mübarizə apara bilir. Kompleks 6×6 təkər formullu “IVECO” yük avtomobilinin şassisində yerləşdirilib.

“Khordad-15” ZRK, İran Ordusunun HHM Qoşunlarının “Talash” ZRK-nin daha da inkişaf etdirilməsi nəticəsində yaradılan sistemdir. Kompleks İran Aviasiya Sənayesi Təşkilatı tərəfindən İran ətrafındakı ölkələrin ərazisindəki hərbi bazalarda bölgədənkənar qüvvələrin mövcudluğunun yaratdığı raket və digər hava təhdidlərinə qarşı çıxmaq üçün hazırlanıb. ZRK tərkibinə 2 ədəd 6×6 təkər formullu hərbi yük maşını daxildir. Yeni ZRK, hədəfləri aşkar etmək, izləmək və işıqlandırmaq üçün fazalı anten şəbəkəsi olan yeni “Navid” RLS və uçuş məsafəsi 120 km-ə qədər olan uzun mənzilli “Sayyad-3” və qısa mənzilli “Sayyad-2” ZİR ilə ilə təchiz edilib. Yeni RLS-in köməyi ilə kompleks eyni vaxtda 120 km-ə qədər məsafədəki 6 hədəfi tuta bilir, hədəf aşkarlama məsafəsi isə 150 km-ə qədərdir. Daha çətin, gözə çarpmayan hədəflər olduqda isə, aşkaretmə məsafəsi 85 km-ə və məhvetmə məsafəsi 45 km-ə qədər azalır. Hədəfləri məhvetmə hündürlüyü 27 km-ə qədərdir.

Mersad 16 SAM system“Mersad-16” ZRK, alçaq yüksəkliklərdə uçanlar da daxil olmaqla kiçik PUA və qanadlı raketlər kimi geniş çeşidli hədəfləri məhv edə bilən yaxın və orta mənzilli sistemdir. Ən yeni versiyanın ilk sınaqları 2019-cu ildə keçirilib və İran istehsalı “Karrar” reaktiv PUA-nı vurub. Kompleks çox mobildir və aşağı yüksəkliklərdə yüksək sürətlə uçan hava hədəflərini tuta bilir. Kompleks elektron mübarizəyə tab gətirməyə qadirdir və eyni zamanda bir neçə hədəfi vura bilir. Kompleks yerli istehsal yeni “Hafez 3D” üç koordinatlı və “Najm-804” fazalı antena şəbəkəli RLS-dən, buraxma qurğusundan və təkmilləşdirilmiş “Shalamcheh 2” raketindən ibarətdir. Açıq mənbələrin məlumatlarına görə, kompleksin atış məsafəsi “Shalamche” ZİR ilə təxminən 40-50 km, “Şahin” ZİR ilə isə 70-150 km təşkil edir.

“9 Dey” ZRK, yerli “Khordad-3” orta mənzilli ZRK əsasında yaradılan yaxın mənzilli sistemdir. Kompleksin silahlanmasına, iki blokda yerləşən zenit raketləri üçün səkkiz konteyner daxildir və eyni vaxtda səkkiz raket buraxmağa qadirdir. Qeyri-rəsmi məlumatlara əsasən kompleks atış məsafəsi 20-30 km-ə qədər olan 200-250 kq ağırlığındakı raketlərlə təchiz olunub. Yeni kompleksin radiolokasiya stansiyası və nəqliyyat bazası “Khordad-3” ZRK-nin elementlərinə bənzəyir. O, qanadlı raketlərin tutulması, PUA, təyyarələrlə, helikopterlərlə və təyyarələrdən atılan bombalarla mübarizə aparmaq üçün təyin edilib. Bəzi mənbələrdə qeyd olunur ki, İranda “9 Dey” yaxın mənzilli ZRK-nin seriyalı istehsalına artıq başlanılıb.

Belarusun istehsal etdiyi HHM sistemləri

Belarusda əsasən mövcud zenit raket komplekslərinin təkmilləşdirilməsi və ya onların bazasında yeni komplekslərin yaradılması işləri həyata keçirilir. Bu istiqamətdə respublikanın bir çox müdafiə sənayesi müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrin mövcud elmi, texnoloji və sənaye imkanları yeni zenit raket komplekslərini yaratmağa imkan verir. Son illərdə artıq Belarus müəssisələri bir neçə növ kompleksin həm daxili, həm də xarici müştərilər üçün təkmilləşdirmə işlərini yerinə yetirib və tədarükünü həyata keçiriblər.

Buk MB3KBuk-MB” ZRK, düşmənin radiomaneə müdaxiləsi şəraitində təyyarələri, helikopterləri, ballistik (TBR, ƏTBR) və qanadlı raketləri, AGM-88 HARM tipli radiolokasiya əleyhinə raketləri və digər yüksək dəqiqlikli silahları, həmçinin yerüstü və suüstü radiokontrastlı hədəfləri məhv etmək üçün təyin edilib. Təkmilləşdirilmiş kompleks yaxşılaşdırılmış istehsalat və istismar xüsusiyyətlərinə, eləcə də yüksəldilmiş etibarlılığa sahibdir. Kompleks 250-ə qədər hədəflərin müşayiət olunmasını təmin edir. Maksimal uçuş sürəti saniyədə 1200 m-ə qədər olan hava hədəflərinin məhv edilməsini təmin edir. Kompleksdə 9M38, 9M38M1 və 9M317 markalı ZİR-dən istifadə olunur. Hədəf kanallarının sayı 6-ya bərabərdir və hədəfə reaksiya müddəti 3 saniyədən çox deyil.

 “Peçora-2BM” təkmilləşdirilmiş ZRK, mürəkkəb maneə şəraitində müasir və perspektivli hava hücumu vasitələri ilə mübarizə aparmaq üçün təyin edilib. Kompleks, istənilən növ radiomaneə müdaxiləsi şəraitində alçaqdan uçan və kiçik ölçülü hədəflərin təsirli şəkildə məhv edilməsini təmin edir. İstisna hallarda ZRK müşahidə olunan yerüstü və suüstü hədəfləri məhv etmək üçün istifadə edilə bilir.  Hədəfləri maksimal aşkaretmə məsafəsi 70 km-dir. Məhv edilən hədəfin qarşılama/çatma kurslarında maksimal sürəti saniyədə 700/300 metrdir. Minimal/maksimal məhvetmə məsafəsi 0,02/20 km təşkil edir.

2K12E “Kvadrat” qoşun ZRK, qoşunların və obyektlərin həm səsdən aşağı sürətdə, həm də səsdən iti sürətdə aşağı və orta yüksəkliklərdə uçan düşmən təyyarələrindən havadan müdafiəsi üçün təyin edilib. 2K12 “Kub” ZRK-nin ixrac variantıdır. 2K12 “Kvadrat” ZRK “Kvadrat-MA” səviyyəsinə qədər təkmilləşdirilib. Kompleksin bütün ÖBQ sistemlərini, döyüş işini və heyətin iştirakı olmadan buraxılışın həyata keçirməsini SPRU-dan idarə etmək və nəzarətdə saxlamaq mümkündür. Təkmilləşdirmə zamanı aktiv səs və passiv maneə şəraiti də daxil olmaqla bütün vəziyyətlər üçün hədəf aşkaretmə məsafəsi artırılıb və hədəfə reaksiya müddəti azaldılıb. Kompleksdə tətbiq olunan 3M9M və 3M9M3 ZİR yüksək xüsusiyyətlərə sahibdir. Kurs parametri müvafiq olaraq 12/18 km-ə qədərdir və məhv edilən hədəflərin maksimal sürəti saniyədə 600 metrdir.

Təkmilləşdirilmiş “Strela-10BM2” ZRK, Quru Qoşunlarının qüvvə və vasitələrini düşmənin hava hücumu silahlarından himayə etmək üçün hazırlanmış və “atdın – unutdun” prinsipi əsasında işləyən kompleksdir. Kompleksin təkmilləşdirilməsi nəticəsində, passiv rejimdə gecə-gündüz döyüş işi, hava hədəflərinin aşkarlanmasının və fasiləsiz döyüş işinin vaxtının artırılması, müxtəlif növ ZİR istifadəsi, döyüş maşınlarının termal görüntüsünün azaldılması və heyətin yaşayış şəraitinin yaxşılaşması təmin edilib. Kompleksin hədəfləri aşkaretmə məsafəsi gündüz 20 km-ə, gecə isə 15 km-ə, hədəfi avtomatik müşayiətetmə məsafəsi 15 km-ə qədərdir. Hədəfin tanınması 7-10 km məsafədə yerinə yetirilir. Hədəfləri hündürlük üzrə 0,025-3,5 km, məsafə üzrə 0,8-5 km məsafədə məhv etmək imkanına malikdir. Qarşılama kursunda saniyədə 415 metr, çatma kursunda isə saniyədə 310 metr sürətlə uçan hədəfləri məhv edə bilir. Naviqasiya aparatlarının işə hazırolma müddəti 180 saniyə, kompleksin fasiləsiz işləmə müddəti 8 saatdır. Döyüş dəstinə 8 ədəd ZİR daxildir.

Military parade in Baku on an Army Day34 scaled9K33 “Osa” ZRK və onun müxtəlif modifikasiyaları HHM sisteminin ən çoxsaylı avtomatlaşdırılmış qoşun kompleksidir. Kompleks istənilən hava şəraitinə uyğundur və bütün növ döyüş əməliyyatında motoatıcı (tank) diviziyasının qüvvə və vasitələrini himayə etmək üçün təyin edilib. Hazırda kompleksin M-4 “Osa-M” dəniz variantı, yerüstü 9K33 “Osa”, 9K33M2 “Osa-AK” və 9K33M3 “Osa-AKM” kimi modifikasiyaları ilə yanaşı Belarus müdafiə sənayesinin müəssisələri tərəfindən təkmilləşdirilmiş 9K33-1T “Osa-1T” və yeni yaradılmış T-38 “Stilet” variantları da mövcuddur. Yerinə yetirilən təkmilləşdirmə, kompleksin elektron avadanlıqlarının təxminən 70%-nə təsir edib, eyni zamanda döyüş və istismar xüsusiyyətlərinin yaxşılaşdırılması təmin olunub. Təkmilləşdirmə zamanı kompleksin optik-elektron nişangahı, hədəfləri müşayiətetmə stansiyası, raketləri tuşlama stansiyası, buraxma qurğuları, sürücü-mexanikin paneli, operatorlar bölməsinin aparatları da təkmilləşdirlib. Təkmilləşdirmə nəticəsində kompleksin müxtəlif modifikasiyaları fərqli xüsusiyyətlərə sahiblənib.

T-38 “Stilet” ZRK, Kompleks, Quru Qoşunlarının bölmələrinin, sənaye və hərbi obyektlərin son dərəcə aşağı, aşağı və orta yüksəkliklərdə uçan, 0,03 m2 və daha artıq effektiv əksetdirilən səthə malik istənilən müasir və perspektiv hava hücumu vasitələrinin zərbələrindən qorunması üçün təyin edilib. Kompleksin idarəetmə sistemləri yeni element bazasında hazırlanıb, döyüş maşını elektron-optik aşkaretmə sistemi ilə təchiz edilib. T-38 “Stilet” ZRK, hədəflərin aşkarlanmasını və müəyyənləşdirilməsini hərəkətdə və dayanacaqda təmin edir, hədəfi bir və ya iki raketlə dayanacaqda və ya qısa dayanmadan vurur.

T-381 döyüş maşınının tərkibinə daxil olan hədəfləri aşkaretmə stansiyası 48-ə qədər hədəfi aşkar etməyə imkan verir. RLS 5000 metr yüksəklikdə uçan hədəfləri 40 km məsafədə, 50 metr yüksəklikdə uçan hədəfləri isə 27 km məsafədə aşkar edir. Hədəfləri müşayiətetmə stansiyası hədəfi 28 km-ə qədər məsafədə müşayiət edə bilir. İki kanallı raketləri tuşlama stansiyası bir hədəfə iki ZİR ilə yaylım atəşi aparmanı təmin edir. Zəruri komandalar iki kanallı stansiya ilə verilir. Maşın rəqəmsal hesablama kompleksi ilə təchiz olunub. Kombinələşdirilmiş OES MiQ-29 tipli təyyarələri televiziya kanalı ilə 30 km məsafədə və termal kanalla 35 km məsafədə aşkar edir, müvafiq olaraq 20 km və 22 km məsafədə müşayiət edir. OES eyni anda iki hədəfə atəş aparmağa imkan verir. Məhv edilən hədəflərin maksimal uçuş sürəti saniyədə 900 metrdir. Hədəfləri məhvetmə məsafəsi 20 km, hündürlüyü 0,025-10 km təşkil edir. Məhv edilən hədəflərin kurs parametri 10 km-dir.

“Trio” ZRK, tək hərbi və sənaye obyektlərinin, Quru Qoşunlarının hərbi hissələrinin və birləşmələrinin havadan müdafiəsi və PUA da daxil olmaqla kiçik hava hədəflərinin məhv edilməsi üçün təyin edilib. “Trio” ZRK-nin yaradılması mövcud HHM sistemlərinin təsirli şəkildə mübarizə apara bilmədiyi kiçik ölçülü PUA-ların sürətli inkişafı ilə əlaqədardır. ZRK üçün yaradılan döyüş modulu 9M37M ZİR və R-60-NT aviasiya idarə olunan raketi (AİR) kimi iki növ raketdən istifadə edə bilir. Kompleks “Alyans” avtomatlaşdırılmış idarəetmə sisteminə inteqrasiya olunub və rəqəmsal səmtləşmə və naviqasiya sistemləri ilə təchiz edilib. Passiv optik radar vasitəsilə 2,3×2,3 m ölçülü hədəflər 20 km-ə və 0,3×0,3 m ölçülü hədəflər 2 km-ə qədər məsafədə aşkar edilə bilir. Hədəflər “Strij-M3” optik-elektron sistem vasitəsilə 15 km-ə qədər və akustik stansiyası vasitəsilə 3 km-ə qədər məsafələrdə aşkar olunur. Döyüş maşınından buraxılan raketlə hədəfləri 8 km məsafədə və 5 km hündürlükdə məhv etmək mümkündür.

Ukraynanın istehsal etdiyi HHM və RƏM sistemləri

Ukraynada Sovetlər birliyindən qalma və sonradan yaradılmış elmi, texnoloji və sənaye əsasları kifayət qədər qısa müddətdə bir sıra yeni zenit raket komplekslərini yaratmağa imkan verir. Yerli ekspertlərin fikrincə, bu zenit raket kompleksləri, ölkənin Silahlı Qüvvələrinin maraqlarına uyğun tapşırıqların həllini təmin edəcək və beynəlxalq silah bazarında kifayət qədər ciddi rəqabət qabiliyyətli bir məhsul olacaq.

s 125 ukrayna 850x491 1S-125-2D “Peçora-2D” ZRK, yerli “Aerotexnika-MLT” Kiyev Elmi-İstehsalat Müəssisəsi tərəfindən təkmilləşdirilib. Kompleks mürəkkəb radioelektron maneə mühitində müasir və perspektivli hava hücumu vasitələri ilə mübarizə aparmaq üçün nəzərdə tutulub. Bütün növ radiomaneələrin təsiri şəraitində aşağı və kiçik ölçülü hədəflərin effektli şəkildə məhv edilməsini təmin edir. Yuxarı komanda məntəqəsinə ümumiləşdirilmiş radiolokasiya məlumatlarını və döyüş fəaliyyətlərinə nəzarət məlumatlarını ötürmək, həmçinin öz vasitələrinin işləməsinə və məlumatötürmə kanallarının vəziyyətinə nəzarət imkanına malikdir. Kompleks əlavə verilən kəşfiyyat və hədəfgöstərmə stansiyalarından, habelə üst HHM komanda məntəqəsindən 150 hava obyekti haqqında radiolokasiya məlumatlarının avtomatik qəbulunu, emalını və əks etdirilməsini təmin edir.

“Dnepr” ZRK, Ukrayna hərbi sənaye kompleksinin bir neçə müəssisəsi tərəfindən hazırlanmış perspektivli orta mənzilli zenit raket sistemidir. Kompleks, çətin hava şəraitində və düşmənin aktiv məlumat, atəş və manevr əkstədbirləri şəraitində, hətta günün istənilən vaxtında hər növ təyyarə və helikopterləri, PUA və qanadlı raketləri orta və qısa mənzillərdə məhv edə biləcək. Mövcud məlumatlara görə, Ukrayna Müdafiə Nazirliyi, perspektivli ZRK-ni hazırlayanlar qarşısında çox az müddət təyin edib. Bundan başqa, 2021-ci ildə “Yujnoye” Konstruktor Bürosu, bu sahədəki S-400, MIM-104 Patriot və s. kimi liderlərin müasir uzun mənzilli sistemləri ilə potensial olaraq rəqabət aparacaq ən son sistemi yaratmaq qabiliyyətini açıqlayıb. Yaradıcıların sözlərinə görə, artıq “Kilçen” universal zenit-raket sisteminin hazır layihəsi mövcuddur.

HHM və RƏM Qoşunlarının daha da inkişafı mobilliyin, sağ qalma qabiliyyətinin və işləməsinin gizliliyinin təmin edilməsi, avtomatlaşdırma dərəcəsinin yüksəldilməsi, atəş məhsuldarlığının artırılması, məhvetmə zonasının parametrlərinin genişləndirilməsi, reaksiya müddətinin və zenit-raket (raket-artilleriya) komplekslərinin kütlə-qabarit xüsusiyyətlərinin azaldılması ilə həyata keçirilir. Müstəqillik əldə etdikdən sonra Azərbaycan Ordusu keçmiş Sovet Silahlı Qüvvələrindən qəbul etdiyi HHM komplekslərinin mühüm hissəsini işlək vəziyyətdə saxlamağa müvəffəq olub. Azərbaycan Ordusunun HHM Qoşunlarının modernləşdirilməsi həm xaricdən yeni sistemlərin alınması, həm də silahlanmadakı mövcud nümunələrin təkmilləşdirilməsi yolu ilə həyata keçirilir. Artıq SSRİ-də istehsal olunmuş HHM silahlarının təkmilləşdirilməsi və əvəz edilməsi zərurətini nəzərə alaraq ölkə rəhbərliyi bu məqsədlər üçün əhəmiyyətli həcmlərdə maliyyə resursları ayırıb. Müxtəlif illərdə xarici mütəxəssisləri cəlb etməklə, habelə Ukrayna və Belarusun müvafiq müəssisələri ilə təmir və təkmilləşdirmə müqavilələri bağlamaqla silahlanmada yer alan SSRİ istehsalı S-125 “Peçora” ZRK-ni S-125TM “Peçora-2T” səviyyəsinə, S-200V “Veqa” ZRK-ni S-200VM “Veqa-M” səviyyəsinə və “Osa-AKM” ZRK-ni “Osa-1T” səviyyəsinə qədər təkmilləşdirərək döyüş qabiliyyəti yüksəldilib. HHM Qoşunlarının gücləndirilməsindən ötrü İsrail istehsalı “Barak 8” uzun mənzilli ZRK, Ukrayna-Belarus birgə istehsalı olan T38 “Stilet” yaxın mənzilli ZRK və Belarusun dərindən təkmilləşdirilmiş 9K37MB  “Buk-MB” orta mənzilli ZRK alınaraq döyüş növbətçiliyinə daxil edilib.

regnum picture 14608837871869137 normalHHM komplekslərinin fəaliyyətini təmin edən radiotexniki bölmələrin təchizatındakı mobil və stasionar RLS-lər, müxtəlif stansiyalar da müasir tələblərə cavab verməlidir. Bununla əlaqədar olaraq, Azərbaycan HHM Qoşunlarında istifadə edilən avadanlıqların yenilənməsi də həyata keçirilməkdədir. Müxtəlif vaxtlarda Ukraynadan 360 km-ə qədər müşahidə dərinliyini təmin edən 36D6-M hava sahəsinin üçkoordinatlı mobil RLS-i, 400 km müşahidə məsafəsinə sahib dairəvi görünüşlü 80K6M mobil RLS-i, İsraildən 480 km-ə qədər müşahidə dərinliyini təmin edən ELM-2288 AD-STAR RLS-i, maksimal 80 km aşkaretmə məsafəsinə malik ELM-2106NG üçkoordinatlı mobil RLS-i, “Barak 8” və S-300PMU “Favorit” ZRS-lərə hədəf göstərməkdən ötrü operativ taktiki raket hücumunu aşkar etmək üçün təyin edilmiş 500 km-dən artıq aşkaretmə məsafəsinə malik EL/M-2080 “Green Pine” RLS-i alınaraq radiotexniki bölmələrin silahlanmasına daxil edilib.

Ermənistanın işğal etdiyi əraziləri azad etmək üçün Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsinin nəticələri Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin və Quru Qoşunlarının HHM Qoşunlarının vəziyyətinə və daha da inkişafına əhəmiyyətli təsir göstərib. Müharibənin gedişatında düşmənin TRK və ƏTRK kimi uzun mənzilli məhvetmə vasitələrindən istifadə edərək böyük şəhərlərə, strateji obyektlərə və mülki vətəndaşlara qarşı kütləvi zərbələr endirməsi, ölkənin vahid HHM sisteminin təkmilləşdirilməsi üçün böyük tədbirlərin həyata keçirilməsini, habelə RƏM sisteminin inkişaf etdiliməsini zəruri edir. PQ

Əhəd Əzizov

POLİQON JURNALI

CATEGORIES
TAGS