REGİONAL FOKUS: Gürcüstan Ordusunun modernləşmə perspektivləri

REGİONAL FOKUS: Gürcüstan Ordusunun modernləşmə perspektivləri

Müstəqilliyin ilk illərində əsas diqqəti Quru Qoşunlarına yönəldən Gürcüstan Respublikası 1990-cı illərin sonlarına doğru Silahlı Qüvvələrdə modernizasiya proqramlarına başlayıb. Əsas diqqət yetirilən istiqamətlərdən biri köhnə sovet silah və texnikası ilə təchiz olunmuş arsenalın yenilənməsi olub.

2000-ci illərin əvvəllərində silahlanmanın yeni mərhələsini başladan və bu zaman qərb dövlətlərinin embarqoları ilə üzləşən Gürcüstan cari ehtiyacları qarşılamaq üçün yenidən postsovet və Şərqi Avropa məkanına üz tutmaq məcburiyyətində qalıb. Bu zaman daha bir çətinlik – Ukrayna, Çexiya, Bolqarıstan və Belarusdan tədarük edilən köhnə Sovet texnikalarının əlavə xərclər bahasına modernləşdirilməsi tələbləri də meydana çıxıb.

2008-ci ildə Rusiya ilə yaşadığı müharibədə ciddi şəkildə itkilərə məruz qalan Gürcüstan 2010-cu ildən silahlı qüvvələrin yenidən modernləşdirilməsi layihələrinə başlayıb. Bu dönəmdə əsas alımları Bolqarıstan və Çexiya kimi Cənubi Şərqi Avropa ölkələrinə yönəldən rəsmi Tbilisiyə paralel olaraq ABŞ tərəfindən böyük həcmdə yardımlar göstərilib və bu gün də həmin yardımlar davam edir.

Bundan əlavə, Rusiyanın təzyiqi nəticəsində silah alımında ciddi problemlərlə üzləşən Tbilisi vəziyyətdən çıxış yolunu özünün milli hərbi sənaye kompleksini qurmaqda görüb. 2009-cu ildə Gürcüstan Müdafiə Nazirliyinin tabeliyində “Delta” Hərbi Elmi-Texniki Mərkəznə milli hərbi sənayenin yaradılması həvalə olunub və həmin ildən etibarən “Delta” öz məhsullarını üzə çıxarmağa başlayıb.

Artilleriya potensialı

“Öyrət və təchiz et” proqramı çərçivəsində ABŞ tərəfindən 2005-ci ildən etibarən Gürcüstan Silahlı Qüvvələrinin NATO standartlarına cavab verən silah və döyüş texnikaları ilə təchizatı həyata keçirilməkdədir. ABŞ-ın Gürcüstana yardımları Ordunun yeni silahlarla təchiz edilməsi ilə yekunlaşmır. Paralel olaraq Gürcüstanın hərbi sənaye müəssisələrinin yenidən qurulması və yeni silahların istehsalına dəstək göstərilir, bu ölkəyə hərbi məhsulların istehsalı üçün gərəkli olan texnologiyaların transferi gerçəkləşdirilir.

Texniki yardımlarla yanaşı, Gürcüstan öz imkanları və ABŞ-ın maliyyə yardımları hesabına 2005-2008-ci illərdə – avqust ayında Rusiya ilə baş verən müharibəyə qədər

Coxsayli Buraxilis Raket sistemi RS 122

RS-122 YARS

Ukrayna, Çexiya, Bolqarıstan, İsrail, Bosniya və Herseqovinadan müxtəlif növ hərbi texnikaların və silahlar satın almışdır. BMT Adi Silahlar Registrində yer alan məlumatlara görə, 2005-2008-ci illərdə Gürcüstanın satın aldığı silahların arasında əsas yeri artilleriya sistemləri (yaylım atəşli reaktiv sistemlər və haubitsalar) tutub. Qeyd olunan dövrdə Gürcüstan Çexiyadan 6 ədəd, Bolqarıstandan isə 12 ədəd 122 mm RM-70 YARS, İsraildən 6 ədəd 122/160 mm “Lynx” yaylım atəşli reaktiv sistemlər (YARS) alıb. Hazırda adıçəkilən sistemlərlə yanaşı Gürcüstan Ordusunun silahlanmasında 12 ədəd yerli istehsalı olan 122 mm çaplı RS-122, keçmiş sovet istehsalı olan 120 ədəd BM-21 “Qrad” və keçmiş Yuqoslaviya istehsalı olan 12 ədəd M63 “Plamen” YARS mövcuddur. BMT Adi Silahlar Registrində yer alan məlumatlara görə, 2005-2008-ci illərdə rəsmi Tbilisi Bosniya və Herseqovinadan 500 ədəd 262 mm çaplı “Orkan” raketi satın alıb. Bu raketlərin buraxıcı qurğularının Gürcüstan Ordusunun istifadəsində olub olmaması, onların Gürcüstan Ordusunun istifadəsi, yaxud üçüncü ölkəyə ixracatı üçün əldə olunub olunmadığı bəlli deyil.

YARS-larla yanaşı Gürcüstan tərəfindən 2005-2009-cu illərdə Çexiyadan 34 ədəd 152 mm-lik “SpGh Dana”, Ukraynadan 7 ədəd 203 mm “Pion”, 15 ədəd 152 mm-lik “Akasiya”, 21 ədəd 2S1 “Qvozdika”, 1 ədəd 2S19 “Msta-S”, özüyeriyən haubitsa, həmçinin Çexiyadan 30 ədəd, Bolqarıstandan 20 ədəd olmaqla 122 mm D-30, Bolqarıstandan 17 ədəd 152 mm 2A36 “Giatsin-B”, açıqlanmayan sayda D-48, D-20, 40 ədəd MT-12 və Ukraynadan 13 ədəd “Msta-B” yedəkdə daşınan haubitsa alımı reallaşdırılıb. 2008-ci ilin avqust döyüşlərində Gürcüstan Ordusu 5 ədəd 2S7 “Pion” özüyeriyən haubitsasını itirib.

Hesabat dövründə Gürcüstan Çexiyadan 25, Bolqarıstandan 14, Bosniya və Herseqovinadan 15 ədəd 120 mm, yenə Bolqarıstandan 30 ədəd 60 mm S6-210, Bosniya və Herseqovinadan 50 ədəd 60 mm M-57 və 25 ədəd 82 mm çaplı M-69A minaatan alıb. Bundan əlavə, ABŞ hərbi yardım proqramı çərçivəsində Gürcüstan Ordusuna 18 ədəd 120 mm “Soltam” K6 minaatanı bağışlayıb.

Hazırda Gürcüstan Silahlı Qüvvələrinin istifadəsində Sovet Ordusunddan qalma 14 ədəd 120 mm 2B11, keçmiş Yuqoslaviya istehsalı olan 70 ədəd 120 mm M-74/75 minaatanları, açıqlanmayan sayda 82 mm-lik 2B14 “Podnos”, 10 ədəd (bir neçəsi istifadəyə yararsız olduğu bildirilir – PQ) 2B9 “Vasilyok” avtomatik minaatan, Avstriya istehsalı olan 60 mm “Hirtenberger” M6C-210 minaatanının, açıqlanmayan sayda yerli istehsal olan 60 mm GNM-60, 82 mm GM-82 və 120 mm GM-120 minaatanı mövcuddur.

Gürcüstan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Delta” Hərbi Elmi-Texniki Mərkəz 2009-cu ildən milli hərbi sənayenin yaradılması proqramı çərçivəsində öz məhsullarını üzə çıxarmağa başlayıb. Hazırda Gürcüstan hərbi sənayesi yaylım atəşli reaktiv sistemləri və müxtəlif çaplı minaatanların istehsalını həyata keçirməkdədir. 2012-ci ildə “Delta” Hərbi Elmi-Texniki Mərkəzi Gürcüstanda əsaslı modernləşmə aparıldıqdan sonra RS-122 adı verilmiş 122 mm-lik reaktiv yaylım atəş sisteminin ilk nümunəsi Silahlı Qüvvələrin arsenalına verilib. “Delta” rəsmilərinin sözlərinə görə, sələfi BM-21 “Qrad”dan həm atış mənzilinə, həm şassisinə, həm də atış-kontrol sisteminə görə fərqlənən RS-122-nin hazırlanmasında Ukrayna və Bolqarıstan müdafiə sənayesi şirkətlərinin əməkdaşları yaxından iştirak ediblər. Sistem KrAZ-63221 şassisi üzərində yerləşir. Maşın 5 nəfər üçün nəzərdə tutlan zirehli kabinəyə və avtomatlaşdırılmış atəş idarəetmə sisteminə sahibdir. Atış prosesi həm bu zirehli kabinədən, həm də kənardan yerinə yetirilir. Maşının zirehi heyəti qəlpələrdən, nüvə, bakterioloji və kimyəvi hücumlardan qorumağa imkan verir. Maşının hərəkət sürəti 80 km/saat, döyüş radiusu 500 km təşkil edir. Şassi üzərində 40 ədəd raket yüklənmiş buraxıcı yer alır. Raketlərin maksimum mənzili 40 km-dən çoxdur.

Gürcüstan Müdafiə Nazirliyinin “Delta” mərkəzi tərəfindən “Didgori 2” zirehli avtomobilinin bazasında hazırlanmış universal raket modulunda 3 cür istiqamətləndiricinin yerləşdirilməsi mümkündür: 57 mm-lik S-5 idarəolunmayan aviasiya raketlərinin atılması üçün, 80 mm-lik S-8 darəolunmayan aviasiya raketlərinin atılması üçün və 107 mm-lik UM107 idarəolunmayan raket mərmilərinin atılması üçün YARS artilleriya hissəsinin əsasını 13 borudan ibarət iki ədəd istiqamətləndirici raketi təşkil edir.

2010-cu ildən etibarən Müdafiə Nazirliyinin sifarişi əsasında Gürcüstan müdafiə sənayesi yaylım atəşli reaktiv sistemlərlə yanaşı müxtəlif çaplı minaatanların istehsalını həyata keçirməkdədir. Məlumat üçün qeyd edək ki, Sovetlər Birliyi dağılandan sonra Gürcüstan Müdafiə Nazirliyinə bağlı olan müəssisələrdə 60 və 82 mm-lik minatanların istehsalı aparılıb. 2011-ci ildən isə Gürcüstan müəssisələrində 120 mm-lik GM-120 minaatanının istehsalına başlanıb. 2016-cı ildə “Delta” 120 mm-lik GM-120 minaatanının bazasında hazırladığı GMM-120 adı verilən özüyeriyən minaatan kompleksini Silahlı Qüvvələrə təhvil verib. 6×6 MAN şassisi üzrərində qurulmuş 120 mm-lik GMM-120 minaatanı təpməni yatıran xüsusi mexanizmlə, rəqəmsal atəş-nəzarət sistemi və GPS ilə təchiz olunub. Minaatanın atış tempi dəqiqədə 15 atəş, lüləsinin atış resursu 4000 mina təşkil edir. GMM-120 minaatan kompleksinin çəkisi 1500 kq, atış mənzili 7100 metr, heyəti 5 nəfərdir.

Müxtəlif növ tırtıllı və təkərli şassilərin üzərinə qurulmaq üçün nəzərdə tutulmuş GMM-120 modulunda minaatanın geri təpməsi azaldılıb. Təpməni yatıran xüsusi mexanizmlə təchiz olunması atış dəqiqliyini artırıb. Minaatan rəqəmsal atəş-nəzarət sistemi və GPS ilə inteqrasiya olunur. GMM-120-nin atış tempi dəqiqədə 15 atəş, lüləsinin atış resursu 4000 mina təşkil edir. GMM-120 minaatan modulunun çəkisi 1500 kq, atış mənzili 7100 metr, heyəti 5 nəfərdir. 2018-ci ilin sonunda “STC Delta” GMM-120 minaatan modulunun “Didgori Warrior” nəqliyyat vasitəsinin bazasına daxil etməklə mobil minaatan kompleksinin hazırlandığını açıqlayıb.

didgorimeomari120mm 840x548 1

“Didqori Meomari” zirehli maşının bazasında yaradılmış 120 mm-lik mobil minaatan kompleksi

“Didqori Meomari” zirehli maşının bazasında yaradılmış 120 mm-lik yeni mobil minaatan kompleksi “İspaniyanın “Alakran” (həmçinin Ukraynanın “Bars-8MMK”) mobil minaatan kompleksinin konsepsiyasına bənzər şəkildə maşının arxa bölməsində yerləşdirilib. Minaatanın maşından endirilməsi, yığılması və tuşlanma prosesi avtomatlaşdırılmış şəkildə həyata keçirilir. heyəti 3 nəfərdən ibdarət olan minaatana sursatlar əllə ötürülür.

Gürcüstan silahları arasında daha çox diqqət çəkən xüsusi təyinatlılar üçün hazırlanmış GNM-60 “Mkudro” adlı 60 mm çaplı səssiz minaatandır. Xüsusi əməliyyatlar üçün işlənib hazırlanmış bu minaatan hərbçilərə gizli qalmaqla düşmənə atəş açmaq imkanı verir. Uzunluğu 395 mm, çəkisi 2,5 kq, atış tempi dəqiqədə 30 atəş təşkil edən “Mkudro” ilə 85° bucaq altında atəş açmaq mümkündür. Minaatanda tətbiq olunan 1.5 kq çəkiyə malik minanın effektiv təsir radiusu 25 metr, atış məsafəsi 450 metr, atış zamanı səs səviyyəsi 69 db təşkil edir.

2017-ci ilin noyabr ayında ABŞ Dövlət Departamenti Gürcüstana “Javelin” TƏİR komplekslərinin 75 milyon ABŞ dolları dəyərindəki ilk partiyasının satışını təsdiqləyib. İlk komplekslər raketlərlə birlikdə təyinat nöqtəsinə 2018-ci ilin yanvar ayında çatdırılıb. “Javelin” TƏİR komplekslərinin Gürcüstana çatdırılması prosesi iki il çəkib və 2019-cu uilin aprel ayında başa çatıb. Ümumilikdə, Gürcüstan bu komplekslərə 410 ədəd raket, 72 dəst nişangah-buraxma avadanlığı bloku, 10 dəst trenajor kompleksi və trenajor kompleksləri üçün 70 ədəd atım alıb.

ABŞ Dövlət Departamenti 2021-ci ilin avqust ayında Gürcüstan Hökumətinə “Javelin” tank əleyhinə idarə olunan raket kompleksinin (TƏİRK) yeni partiyasını satmağa razılıq verib. Ümumi dəyəri 30 milyon ABŞ dolları olan mümkün Xarici Hərbi Satış (FMS – Foreign Military Sale) proqramı çərçivəsində Gürcüstana “Javelin” TƏİR kompleksləri üçün 82 ədəd FGM-148 “Javelin” raketi və 46 dəst buraxılış qurğusu (Command Launch Units – CLU), trenajor kompleksləri, raket yamsılayıcıları, təhlükəsizliyin idarə edilməsi üzrə texniki dəstəyin, həmçinin logistika və proqram dəstəyinin digər əlaqəli elementlərinin çatdırılması nəzərdə tutulub.

Tank modernizə proqramları

Gürcüstan 2000-ci illərin əvvəllərindən başlayaraq ordunun yeni silah və hərbi texnikalarla təchiz edilməsi proqramlarını reallaşdırmağa başlamış və bu çərçivədə Ukrayna, Çexiya və Bolqarıstandan keçmiş sovet istehsalı olan T-55 və T-72 tankları əldə etmişdir. BMT Adi Silahlar Registrində yer alan məlumatlara görə, 2000-2015-ci illərdə Tiflis Ukraynadan 91, Çexiyadan 80, Bolqarıstandan isə 5 ədəd olmaqla cəmi 176 tank satın alıb. Bunlardan 10 ədədi T-55 (Çexiyadan), qalanı isə T-72A modelidir.

147973215 787067398895488 8180722233140141624 n e1669198049207

İsrailin “Elbit Systems” şirkətinin iştirakı ilə modernləşdirilmiş T-72SİM1 tankları

2005-ci ildən etibarən Gürcüstan Ordusu Tiflis Tank Təmiri Zavodunda İsrailin “Elbit Systems” şirkətinin iştirakı ilə T-72 tanklarının modernləşdirilməsi layihəsinə başlayıb. Modernizə edildikdən sonra T-72SİM1 indeksi verilmiş bu tanklar ilk dəfə 2008-ci ilin avqust ayında Rusiya ilə müharibədə istifadə olunub. Modernləşdirilmiş T-72SİM1 tanklarda “dost-düşmən tanıma” (İFF) sistemi, kompüterləşdirilmiş GPS/QLONASS naviqasiya sistemi yaradılıb. Modernizə nəticəsində tanklara idarə olunan raketlərlə eləcə də hərəkət halında hədəfə dəqiq atəş açma imkanı da qazandırılıb. Tankın gövdəsi və qülləsi yeni asma dinamik müdafiə elementləri ilə qorunur. Modernizə nəticəsində tankda K-5 passiv və K-1 reaktiv zireh tətbiq olunub. Döyüşlər zamanı tank komandiri və ekipajın döyüş meydanı haqqında məlumatlılığını yüksəltmək üçün tank kompyüterləşdirilmiş idarə və komanda-kontrol sistemi (tankların bəzilərində Polşa istehsalı olan SKO-1T DRAWA-T sistemi qurulub) ilə təchiz edilib. Belə ki, bu sistemdə ekipajlara qısa xəbərləşmə (SMS) xidmətinin köməyi ilə döyüş meydanı haqqında informasiyalar verilir. Bundan başqa, modernizə edilmiş tankların rabitə sistemi də yenilənib və köhnə R-173 radiostansiyaları Amerikanın “Harris” şirkətinin istehsalı olan rəqəmsal “Falcon” radioları ilə əvəzlənib. Bu radiostansiyalar dəyişən tezlikdə çalışır və danışıqların şirfələnməsini təmin edir. Radiostansiya 20 km-ə qədər radiusda ünsiyyət saxlamaq imkanına malikdir və super yüksək tezliklə işləyir.

2008-ci ilin avqust ayında baş verən müharibədə Rusiya Silahlı Qüvvələri tərəfindən Gürcüstan Ordusuna məxsus 65 ədəd T-72 tankı qənimət olaraq ələ keçirilib. Rusiya tərəfinin açıqladığı məlumata görə, bunlardan 15 tank modernizə edilmiş T-72SİM1 modifikasiyası olub.

Mediada yer alan məlumatlara görə, Gürcüstan maliyyə çətinlikləri ilə əlaqədar olaraq 2011-ci ildə tank modernizasiyası proqramını dayandırıb. Yerli müəssisədə yalnız tankların təmir işləri yerinə yetirilir.

Hərbi texnika parki

Başlanğıcda hərbi texnika sahəsində xarici satınalmalar önəmli yer tutsa da, 2009-cu ildən etibarən Gürcüstanda yerli hərbi sənayedə bəzi layihələri öz üzrəinə götürməyə başlayıb. Qafqaz regionunda Gürcüstan milli müdafiə sənaye müəssisələri daha aktiv şəkildə, xarici şirkətlərlə əməkdaşlıq çərçivəsində silahlı qüvvələrin hərbi texnika ehtiyaclarını qarşılamaqla yanaşı, qısa müddətdə xaricə ixracı sahəsində də müəyyən addımlar atmağa nail olub.

Gürcüstan Silahlı Qüvvələrinin hərbi texnika parkının yenilənməsi proqramlarına 2000-ci illərin əvvəllərində start verib. 2005-ci ildən isə əsasən “Öyrət və təchiz et” proqramı çərçivəsində ABŞ-ın dəstəyi ilə, NATO standartlarına cavab verən qərb texnikaları hesabına təmin edilməsi istiqamətində işlər həyata keçirilir.

Gürcüstan ötən illər ərzində ABŞ-la yanaşı CAR, Türkiyə, İsrail və Ukraynadan zirehli transportyorların satın alınmasını həyata keçirib. BMT Adi Silahlar Registrinə təqdim edilmiş məlumatlara görə, rəsmi Tbilisi müxtəlif illərdə CAR-dan 25 ədəd RG-31, 2 ədəd RG-32 “Scout” minaya qarşı qorumalı nəqliyyat vasitəsi, Ukraynadan 30 ədəd BTR-70, 16 ədəd BMP-1, 52 ədəd BMP-2, 113 ədəd BTR-80, Türkiyədən 65 ədəd “Ejder Yalçın”, açıqlanmayan sayda “Cobra” və “Əqrəb”, İsraildən 50-dən artıq “Wolf” tipli zirehli transportyor əldə edib.

ford 160

“Ford Ranger” tipli pikap nəqliyyat vasitələri

2020-ci ildə Gürcüstan Silahlı Qüvvələri Yaponiyanın “Toyota” şirkətinin istehalı olan yeni nəqliyyat vasitələri ilə təchiz edilib. Orxevi bazasında “Toyota Hilux” pikap və “Toyota Land Cruiser” yolsuzluq avtomobilləri Müdafiə Qüvvələrinin bölmələrinə təhvil verilib. Bundan başqa, Gürcüstan Ordunun avtomobil parkının yenilənməsi proqramı çərçivəsində 160 ədəd “Ford Ranger” tipli pikap nəqliyyat vasitəsini istifadəyə qəbul edib. Yeni avtomobillərin müdafiə qüvvələrinin imkanlarını yaxşılaşdıracağı və NATO standartlarına uyğunluğunu asanlaşdıracağı bildirilib. Yeni nəqliyyat vasitələrinin tədarükü Müdafiə Nazirliyi ilə müvafiq tenderlərdə qalib gələn şirkətlər arasında imzalanmış müqaviləyə uyğun olaraq həyata keçirilib. Bunların arasında dünya və Avropanın aparıcı şirkətləri – Almaniyanın MAN, İtaliyanın IVECO və Amerikanın FORD şirkətləri var. Xüsusi texnikaların ödənişi Müdafiə Nazirliyi tərəfindən bir neçə il ərzində mərhələli formada ödəniləcək. Ümumilikdə Gürcüstan NATO ölkələrinin istehsalı olan 500-dən çox yeni nəqliyyat vasitəsi alacaq. Bununla Gürcüstan Ordunun istifdəsində olan köhnəlmiş nəqliyyat vasitələrini tam şəkildə yeniləməyi planlaşdırır. Müdafiə Nazirliyinin elan etdiyi NATO standartlarında yeni avadanlıqların satınalma proqramı çərçivəsində Gürcüstan Silahlı Qüvvələri 2021-ci ilin fevral ayında 300-dən çox xüsusi maşın, o cümlədən IVECO tipli yanacaq daşıyan maşınlar, IVECO və MAN tipli yük maşınları əldə edib.

Satınalmalarla yanaşı, Fransa Gürcüstan Silahlı Qüvvələrinə bir neçə ədəd VBL zirehli maşını, ABŞ 2011-ci ildə 40 ədəd “Humvee” (M1151 və M1151A1 konfiqurasiyaları), 2012-ci ildə 10 ədəd “Cougar-H” maşınları bağışlayıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən 2020-ci ilin noyabr ayında Gürcüstan Müdafiə Qüvvələrinə hərbi-texniki yardım proqramı çərçivəsində 12 ədəd çoxfunksiyalı “Hidromek” zirehli ekskavatoru və 35 ədəd “BMC Neocity” markalı avtobus bağışlanıb. 2021-ci ildə Türkiyə Gürcüstanın Marneuli hərbi aerodromunun bərpasına və yeni texniki avadanlıqla təchiz etməyə başlayıb. Təmir-bərpa və təchizat işləri iki ölkə arasında hərbi maliyyə əməkdaşlığı haqqında saziş çərçivəsində həyata keçirilir. İkitərəfli saziş çərçivəsində Türkiyə tərəfi mikroavtobus, yükqaldırıcı və maşınyuma avadanlığı, eləcə də digər vasitələri Gürcüstanın Müdafiə Nazirliyinə təqdim olunub. Qeyd edək ki, Marneuli aerodromu 2008-ci ilin avqust müharibəsində Rusiya tərfindən bombardman edilib. Hərbi obyektin bərpası üçün Türkiyə Gürcüstana təxminən 14 milyon ABŞ dolları vəsait ayırıb. Qrant layihəsi çərçivəsində Gürcüstan Türkiyə istehsalı olan avadanlıqlar alacaq. Razılaşmaya əsasən, vəsait, həmçinin aerodromun modernləşdirilməsi üçün də sərf olunacaq.

2021-ci il iyul ayının 20-də Türkiyə hökuməti Gürcüstanın Müdafiə Qüvvələrinə ümumi dəyəri 866,400 ABŞ dolları olan 4 ədəd texniki xidmət maşını tədarük edib. 2022-ci il yanvar atının 29-da Gürcüstana növbəti dəfə hərbi-texniki yardım gətirilib. Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, Türkiyə hökumətinin göndərdiyi 11 təchizat texnikası, 2 mikroavtobus, 2 traktor və digər müxtəlif texniki vasitələrdən Marneuli aerodromunun maddi-texniki imkanlarının yaxşılaşdırılması üçün istifadə ediləcək.

Ordunun arsenalında yerli zirehli maşınlar

Xarici satınalmalarla yanaşı Gürcüstan 1990-cı illərin sonları, 2000-ci illərin əvvəllərində Tbilisi Tank Təmiri Zavodunda Silahlı Qüvvələrin texnika parkında yer alan zirehli texnikaların təmiri və yerli tələblərin qarşılanması üçün yeni nəqliyyat vasitələrinin istehsalı həyata keçirilib. 2000-ci illərin əvvəllərində Tbilisi Aviasiya Zavodu tərəfindən istehsal edilmiş “Delga-1” və “Delga-2” adlı nəqliyyat vasitələri Gürcüstan Xüsusi Təyinatlı Qüvvələrinin silahlanmasına verilmişdir.

DRWS 1 doyus modulu

DRWS-1 döyüş modulu ilə silahlandırılan “Didqori” nəqliyyat vasitəsi

2008-ci ilin avqust ayında Rusiya ilə müharibənin ardınca, verdiyi itkilər, eləcə də əsas təchizatçı ölkələrə edilən siyasi-diplomatik təsirlərin ardından Gürcüstan hərbi texnika satınalmalarında yaşadığı problemləri milli istehsalı yaratmaqla qısa müddətdə çözməyə nail olub. Belə bir məqamda, 2011-ci ildə Müdafiə Nazirliyinin “Delta” Hərbi-Texniki Mərkəzinə bağlı müəssisələrdə “Didqori” adlı ilk zirehli transportyorun nümunələri hazırlanaraq orduya təqdim edilib. 4×4 təkər formuluna əsaslanan bu maşın yüksək manevr qabiliyyəti, çətin relyefli ərazilərdə hərəkət imkanları və heyəti qoruması ilə seçilir. “Ford F550” şassisi üzərində hazırlanmış, 356 at gücündə mühərrikə sahib “Didqori”nin maksimum sürəti 120 km/saat, döyüş çəkisi 8855 kq, əməliyyat radiusu 500 km təşkil edir. Xarici ekspertlər “Didqori”nin Gürcüstan Silahlı Qüvvələrinin istifadəsində yer alan Türkiyə istehsalı olan 4×4 “Cobra”dan kopyalandığını və üzərində əhəmiyyətli dəyişikliklər aparıldığını iddia edirlər. “Didqori”nin heyəti 7-9 nəfərdir və daxildə heyətin yerləşdirilməsi üçün bütün şərait təmin edilib. Maşının zirehi yanlarda 7.62×51 AP güllələrə qarşı qorumanı təmin edir. NATO STANAG 4569 Level 3 səviyyəsinə cavab verən mühafizə ehtiyac yarandıqda əlavə zireh lövhələri hesabına gücləndirilə bilir. “Delta” mütəxəssislərinin sözlərinə görə, “Didqori”nin hazırlanması zamanı mina partlayışları və improvizə edilmiş partlayıcı təhdidlər nəzərə alınıb. Maşının minaya qarşı qoruması STANAG 4569 Level 2A səviyyəsinə uyğundur. Modulyar dizaynı “Didqori” üzərinə bütün silah platformalarını yerləşdirməyə icazə verir. Gürcüstan Ordusundakı mövcud versiyalar 12.7 mm NSVT və ya 7.62 mm çaplı M134 “Minigun” pulemyotu, həmçinin 40 mm-lik avtomatik qumbaratanla ilə silahlandırılıb. Maşın döyüş əməliyyatları bölgəsində, eləcə də müxtəlif hava şərtlərində hərəkət etmək, döyüş aparmaq üçün ön və arxa hissələrdə termal kamera, gündüz və gecə kamerasına, generatora, GPS-ə, kompüterləşdirilmiş nəzarət sisteminə malikdir.

didgori

“Didqori AMEV” zirehli sanitar-təxliyə maşınları

Bundan başqa Gürcüstan Silahlı Qüvvələrinin inventarına “Didqori”nin rabitə, həmçinin dizayn baxımından bir qədər fərqli “Didqori AMEV” (Armored Medical Evacuation Vehicle) zirehli sanitar-təxliyə maşını modifikasiyaları verilib. “Didqori AMEV” 356 at gücündə V8 tipli turbo-dizel mühərriklə təchiz olunub və asfalt yolda 120 km /saat sürət yığmağı bacarır. Maşının təxliyə bölməsi Armox 500+ zirehli polad lövhələrlə zirehləndirilib. Avtomobilin baza zirehi polad təbəqələrdən istehsal olunub, asanlıqla çıxarıla və ya əvəz edilə bilər. Maşının daxilində flaş işıqlar, tibbi yardım üçün avadanlıqlar, 4 xərək yer alır. “Didqori AMEV” versiyası “Didqori” personal daşıyıcısından çəkisinə görə daha ağır – 9800 kq və daha uzundur – 6553 mm.

İlk dəfə 2012-ci ilin may ayında Tbilisidə keçirilən hərbi paradda təqdim olunan, ordunun arsenalında yer alan “Didqori-3” konfiqurasiyası 6×6 təkər formuluna malikdir. Zirehli avtomobil 6 nəfər heyət və yüklərin daşınması üçün işlənib hazırlanıb. Maşının silahlanmasına 40 mm-lik avtomatik qumbaraatan və 7,62 mm-lik pulemyot daxildir. Əldəqayırma partlayıcı qurğulara və minaya qarşı qorumaya malik “Didqori-3” nəqliyyat vasitəsinin boş çəkisi 9 min kq, tam təchizatlı heyətlə birgə 9800 kq-dır. Maşının uzunluğu 6,5 m, eni 2,11 m, hündürlüyü 2,26 m təşkil edir. Maşın 160 at gücünə malik mühərriklə təchiz edilib və maksimum sürəti 75 km/saat, birbaşa hərəkət məsafəsi 380 km-dır. İlk mərhələdə Gürcüstan ordusu yerli müəssisədə istehsal edilmiş 40-a yaxın “Didqori-1/2”, 10-a yaxn “Didqori-3”, eyni sayda “Didqori AMEV” maşını əldə edib. 2020-ci il oktyabr ayının 7-də Gürcüstan Müdafiə Qüvvələrinə yerli müəssisədə istehsal edilmiş 30-a yaxın “Didqori AMEV” zirehli sanitar-təxliyə maşının növbəti partiyası təhvil verilib.

2016-cı ildə “STC Delta” tərəfindən 6×6 təkər formullu “Didgori-3” MRAP versiyası hazırlananraq silahlanmaya verilib. Məlumatlara görə, hazırda Gürcüstan Quru Qoşunlarının istifadəsində 8-10 ədəd “Didgori-3” MRAP-ı yer alır. Pikap dizayna sahib KrAZ-6322 şassisi üzərində hazırlanan MRAP 300 at gücündə YaMZ-238D dizel mühərriki ilə çalışır. Boş vəziyyətdə çəkisi 9 ton olan maşının uzunluğu 6.5 metr, eni 2.11 m, hündürlüyü isə 2.26 metr, heyəti 1+8 nəfərdir. Maşının sürəti 100 km/saat, gediş ehtiyatı isə 500 km təşkil edir. Zirehli maşının balistik müdafiəsi STANAG Level 2, mina və əldəqayırma partlayıcı maddələrə qarşı qoruması isə STANAG Level 2A/2B (8 kq TNT) cavab verir. Maşının korpusu heyəti yanlarda kiçik çaplı atıcı silahların güllələrindən və artilleriya mərmilərinin qəlpələrindən mühafizə edir. “Didgori-3” MRAP “Flir Systems” şirkətinin termal kameraları və GPS naviqasiya sistemi və məsafədən idarə edilən döyüş modulu ilə təchiz olunub. Kamera görüntüləri sürücü,  komandir və döyüş modulunu idarə edən atıcının önündəki ekranlara ötürülür. Döyüş moduluna 1 ədəd 12.7×108 mm NSV və bir ədəd 7.62×54 mm PK pulemyotu daxildir.

hərbi kəsfiyyat avtomobili

“Didqori” zirehli kəşfiyyat maşını

“Didqori” zirehli maşın ailəsinin 4×4 təkər formullu yeni “Didqori Meomari” müxtlif məqsədlər üçün konfiqurasiya edilə biləcək modulyar platforma olaraq hazırlanıb. İlk nümunəsi 2018-ci ilin may ayında Gürcüstan Silahlı Qüvvələrinin 100 illiyi münasibəti ilə keçirilən sərgidə təqdim edilmiş pikap dizayna malik “Meomari”nin heyəti 5 nəfərdən ibarətdir. Maşının ikiqat zirehi EN1063 BR7 + təhlükələrinə qarşı qoruma təmin edir. yüksəldilmiş şassi və asqı sistemləri qumluq və qayalıq yerlərdə, yolsuzluq şəraitində hərəkət etməyə imkan verir. Zirehli avtomobilin uzunluğu 5640 mm, eni 2350 mm, döyüş ağırlığı 7000 kq, gediş ehtiyatı 500 km təşkil edir. 356 at gücündə dizel mühərriklə təchiz edilmiş maşının maksimal sürəti 120 km/saatdır. 2020-ci ilin oktyabr ayında 13 ədəd “Didqori Meomari” taktiki zirehli nəqliyyat vasitəsi Gürcüstanın Müdafiə Qüvvələrinə təhvil verilib.

Silahlı Qüvvələrin ehtiyacını qarşılamaq məqsədilə “Delta” müəssisəsində hazırlanan yeni zirehli kəşfiyyat maşınının 2021-ci ilin dekabr ayında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, müdafiə naziri Cuanşer Burçuladze və digər rəsmi şəxslərin iştirak ilə təqdimatı keçirilib. Mərasimdə bildirilib ki, yeni kəşfiyyat maşını Müdafiə Qüvvələrinin tələblərinə və beynəlxalq standartlara tam cavab verir. 2022-ci il ərzində seriyalı istehsal olunacaq yeni kəşfiyyat maşınlarının Müdafiə Qüvvələrinin istismarına verilməsi planlaşdırılır. İlk partiyada 8 ədəd kəşfiyyat maşınının təhvil verilməsi nəzərdə tutulub. 330 at gücünə malik mühərriklə təchiz edilmiş zirehli kəşfiyyat maşınının zirehi müxtəlif çaplı güllə və qəlpələrdən mühafizə edir. 7 nəfər heyəti daşımaq qabiliyyətinə malikdir. Avtomobilin asfalt yolda sürəti 110 km/saat təşkil edir. Yeni zirehli maşında müxtəlif kəşfiyyat vasitələri və uzaqdan idarə olunan döyüş modulları quraşdırmaq mümkündür.

Delta Hərbi Elmi Texniki Mərkəzinin istehsali olan 7 ədəd Didqori tipli rabitə vasitələri2

“Didqori” komanda-qərargah maşını

Bundan başqa, 2022-ci il fevral ayının 11-də “Delta” Hərbi Elmi-Texniki Mərkəzinin istehsalı olan 7 ədəd Gürcüstan Müdafiə Qüvvələrinə təhvil verilib. İnteqrə edilmiş rabitə avtomobilləri Müdafiə Qüvvələrinin tələblərinə uyğun və beynəlxalq təcrübə əsasında hazırlanıb. Rabitə nəqliyyat vasitəsinin ekipajı dörd hərbi qulluqçudan ibarətdir. Avtomobilin zirehi beynəlxalq səviyyədə tanınmış standarta uyğun olaraq müxtəlif çaplı patron güllələrindən və ətrafda baş verən partlayışlardan mühafizə edir.

BMP transportyorlarının əsaslı modernləşdirilməsi

Gürcüstan Müdafiə Nazirliyinin “STC Delta” Mərkəzi tərəfindən hazırlanan “Lazika” zirehli maşınının ilk nümunəsi 2012-cu ilin fevralında BMP-2 transportyorlarının əsaslı müasirləşdirilməsi nəticəsində meydana çıxıb. Aparılan əsaslı işlər nəticəsində “Lazika”nın hərəkət hissəsi BMP-1 və BMP-2 maşınlarına nisbətən qısaldılıb. Vərdənələrin sayının azaldılması ekspertlərin fikrincə dağlıq və şəhər şəraitində manevr qabiliyyətinin yaxşılaşdırılması üçün edilib. Maşının gövdəsi yanlardan heyəti güllələrə qarşı qorumasını təmin edir.

“Lazika”nın balistik qoruması STANAG 4569 Level 4 səviyyəsinə uyğun olmaqla yanaşı, alt hissədə minalara qarşı qorumanı da təmin etmək imkanları var. Bunun üçün “Lazika”nın döşəməsinə əlavə zireh dəsti yerləşdirilir. Desantın rahatlığını təmin etmək üçün döyüş maşınının salonu genişləndirilib. Salon partlayış şokunu udan oturacaqlar və təhlükəsizlik kəmərləri ilə təchiz olunub.

Piyada doyus masini IFV Lazika uzaqdan silah stansiyasi RWS ilə.1

“Lazika” piyadanın döyüş maşını

“Lazika”nın baza modelinin silahlanmasına maşının daxilindən idarə edilən DRWS-2 döyüş modulu daxildir. Əməliyyat ehtiyacına uyğun olaraq “Lazika”nı tank əleyhinə özüyeriyən kompleksə, habelə reaktiv yaylım atəş maşınına çevirmək mümkündür. “Lazika”nın uzunluğu 6130 mm, eni 3068 mm, hündürlüyü 2918 mm, döyüş çəkisi 14850 kiloqramdır. Üç heyətə malik maşının desant bölməsində tam təchizatlı 7 əsgər yerləşə bilir. 400 at gücündə, 6 silindrli V formalı mühərriklə təchiz olunmuş “Lazika” 70 km/saat sürət yığmağı bacarır və döyüş ehtiyatı ilə 450 km məsafə qət edir. “STC Delta” tərəfindən 5 il ərzində Gürcüstan Müdafiə Nazirliyi üçün 8, bəzi məlumatlara görə 10 ədəd “Lazika” piyada döyüş maşını hazırlanıb.

BRDM modernləşdirmə proqramı

Gürcüstan Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədi ilə “Delta” Mərkəzi yeni maşınların istehsalı ilə yanaşı BRDM-2 kəşfiyyat-dozor maşınlarının modernizasiyası ilə bağlı layihə də həyata keçirir.

Keçmiş Sovet Ordusunun silahlanmasına 1962-ci ildə daxil olmuş BRDM-2 (QAZ-41) kəşfiyyat-dozor maşını ötən 54 ildə dünyanın müxtəlif regionlarında baş vermiş müharibələrin, silahlı qarşıdurmaların iştirakçısı olub. Sovetlər Birliyində demək olar ki, 30 il ərzində ciddi təkmilləşdirilmə aparılmadan istifadə edilmiş BRDM-2 maşınları 1990-cı ilərinin ortalarından başlayaraq bəzi ölkələrin silahlı qüvvələrinin qarşıya çıxan yeni ehtiyacları və tələbləri çərçivəsində təkmilləşdirmələrə məruz qaldı. Gürcüstanda da bu istiqamətdə proqramlar reallaşdırılır.

IMG 1715 1

BRDM-2 kəşfiyyat-dozor maşını

Gürcüstanın “Delta” Hərbi Tədqiqatlar Mərkəzinin hazırladığı proqram üzrə modernizə olunan BRDM-2 maşınları distans döyüş modulu ilə təchiz edilib. “Delta” mütəxəssislərinin “Poliqon” jurnalına verdikləri məlumata görə, maşın 160 at gücündə yeni mühərriklə təchiz olunub. Mexaniki ötürmələr qutusuna malik maşının əməliyyat radius 500 km təşkil edir. Nəqliyyat vasitəsinin ön və arxa hissələrdə qurulmuş gecə-gündüz kameralarından alınan görüntü sürücü-mexanik və atıcının önündəki monitora ötürülür. Bundan başqa maşının sağ və sol künclərində görmə imkanını artırmaq üçün pəncərələr açılıb.

Burun hissədə isə məftil maneələri kəsmək üçün iki cüt qatlanan bıçaq yerləşdirilib. Heyət maşına sağ və sol yanlardakı qapılardan daxil olur. Gürcüstanın BRDM-2 modernizasiya layihəsində əsas diqqət çəkən dəyişikliklərdən biri də maşının döyüş moduludur. Həddən artıq böyüklüyü ilə diqqət çəkən bu döyüş moduluna bir ədəd 23 mm çaplı 2A14 topu və bir ədəd 7.62 mm çaplı PKТ pulemyotu və optik nişangah daxildir. Döyüş maşınının sağ və sol yanlarında 4 ədəd tüstü qumbarası quraşdırılıb. Modulun döyüş ehtiyatı 23 mm-lik top üçün 100, 7.62 mm-lik pulemyot üçün 500 patrondur. Topun və pulemyotun sursatla qidalanması bayırdan həyata keçirilir.

Hərbi Hava Qüvvələri

Gürcüstan respublikasının 1990-cı illərin sonlarına doğru silahlı qüvvələrdə başlatdığı modernizasiya proqramlarında əsas diqqət yetirilən istiqamətlərdən biri də köhnə sovet texnikasına malik Hərbi Hava Qüvvələrinin (HHQ) texnika parkının yenilənməsi olub. Bu çərçivədə, aviasiya parkının köhnəlmiş texnikalarının təmiri və modernləşdirilməsi ilə yanaşı digər postsovet respublikalarından təmir olunmuş təyyarə və helikopterlərin alınması həyata keçirilib.

Yuxarıda da qeyd etdiyimiz kimi 2000-ci illərin əvvəllərində silahlanmanın yeni mərhələsini başladan və bu zaman qərb dövlətlərinin embarqoları ilə üzləşən Gürcüstan cari ehtiyacları qarşılamaq üçün yenidən postsovet və Şərqi Avropa məkanına üz tutmaq məcburiyyətində qalıb. Bu zaman daha bir çətinlik – Ukrayna, Çexiya, Bolqarıstan və Belarusdan tədarük edilən köhnə Sovet aviasiya texnikalarının əlavə xərclər bahasına modernləşdirilməsi tələbləri də meydana çıxıb.

Gürcüstanda Hərbi Hava Qüvvələrinin inkişafı 1997-ci ildən başlayır. 1997-ci ildə Ukraynadan 10 ədəd L-29 təlim təyyarəsi alan Gürcüstan HHQ 1999-2001-ci illərdə 2 ədəd Mi-14, 3 ədəd Mi-24 və 2 ədəd Mi-2 helikopterini Ukraynada əsaslı təmir etdirib. 1999-2003-cü illərdə ABŞ hərbi yardım şəklində Gürcüstana 10 ədəd UH-1H “Huey” helikopteri bağışlayıb. BMT Adi Silahlar Registrində yer alan informasiyalara görə, Gürcüstan Ukraynadan 2005-ci ildə 2 ədəd Mi-8 MTV, 8 ədəd Mi-8MT nəqliyyat helikopteri, 2007-ci ildə 8 ədəd L-39C təyyarəsi alıb.

Gürcüstan Hərbi Hava Qüvvələri üçün ən ağır dönəm 2008-ci ilin avqust ayında Rusiya-Gürcüstan müharibəsi olub. Hərbi əməliyyatların gedişatında Rusiya HHQ-nin Gürcüstanın aerodromlarını bombalaması nəticəsində ən azı 3 ədəd Su-25 və 2 ədəd L-39 təyyarəsinin məhv edildiyi bildirilir.

2010-cu ildə Gürcüstan Silahlı Qüvvələrin təşkilat struktrunda edilmiş dəyişikliklər nəticəsində HHQ ləğv olunuraraq, hava və hava hücumundan müdafiə briqadaları şəklində Quru Qoşunlarının tərkibinə verilib, 2016-cı ildə HHQ yenidən silahlı qüvvələrin müstəqil qoşun növü kimi bərpa olunub.

geo e1669200273947

UH-1H “Huey” helikopteri

Müharibədən ağır itkilərlə çıxan Gürcüstan 2010-cu ildə Ukrayna və ABŞ-ın dəstəyi ilə silahlanmada mövcud olan “Mi” seriyalı helikopterlərin müasirləşdirilməsini həyata keçirib. 2010-cu il iyun ayında Gürcüstanın Müdafiə Nazirliyi ilə Fransanın “Eurocopter” (indiki “Airbus Helicopter”) şirkəti arasında bağlanmış müqavilə çərçivəsində 2 ədəd AS-332 “Super Puma” helikopteri (çatdırılma 2012-ci ildə baş tutub) alınıb. Bundan başqa, 2011-ci ildə Türkiyə hərbi yardım proqramı çərçivəsində Gürcüstana 2 ədəd ikinci əl UH-1H helikopteri bağışlayıb.

Hazırda Gürcüstan Hərbi Hava Qüvvələrinin aviasiya parkına 2 ədəd AS-332 “Super Puma”, 12 ədəd UH-1H “Huey”, 17 ədəd Mi-8T hərbi nəqliyyat, 18 ədəd Mi-14 axtarış-xilasetmə və 6 ədəd Mi-24B döyüş helikopteri (bəzi məlumatlara görə 4 ədəd), 6 ədədi Su-25KM “Scorpion” olmaqla, 11 Su-25 və 2 ədəd MiQ-21UM döyüş, bir neçə ədəd L-29 və 16 ədəd L-39 təlim təyyarəsi daxildir.

Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Vladimir Çaçibaya 2017-ci ilin mart ayında jurnalistlərə müsahibəsində bildirib ki, Su-25 təyyarələrinin ehtiyat hissələri Rusiyada istehsal edildiyindən onların tədarükü dayandırılıb. Problemi aradan qaldırmaq üçün Gürcüstan insansız kəşfiyyat və döyüş platformalarına və helikopterlərə üstünlük verməyə çalışır.

Yuxarıda qeyd olunduğu kimi, ehtiyat hissələr tədarükünə görə Su-25 təyyarələrini konservasiya edən Gürcüstan eyni problemləri keçmiş Sovet istehsalı olan helikopterlələ də yaşayır. Buna görə də Gürcüstan qərb istehsalı olan helikopterlərin və silahlı PUA-ların perspektivini elan edib. Çexiya KİV-lərinin məlumatına görə, Gürcüstan HHQ Aero L-159 “Alca” təyyarəsinin alınmasına maraq ifadə etsə də maliyyə problemləri ilə əlaqədar bu layihədə irəlləyiş olmamışdır.

Qarşılaşdığı problemlərə baxmayaraq, Gürcüstan son illərdə hərbi və mülki aviasiya sənayesinin yaradılması istiqamətində də ciddi işlər həyata keçirir. 2018-ci ilin ortalarında Tbilisidə İsrailin “Elbit Systems” şirkətinin və Gürcüstanın Dövlət Sərmayə Fondunun birgə müəssisəsi olan “Aero-Stucture Technologies” (Cyclone) şirkətinin təyyarələr üçün metal və kompozit komponentlərin istehsalını həyata keçirəcək zavodu fəaliyyətə başlayıb. Hazırda beynəlxalq bazara çıxmaq üçün şirkət ISO və NADCAF sertifikatlarının alınması, eləcə də “Bombardier”, “Boeing” və “Airbus” kimi dünyanın tanınmış aviatikinti şirkətlərinin sifarişlərin yerləşdirilməsi istiqamətində işlər aparır. Qeyd edək ki, “AST-Cyclone” şirkətində “Elbit Systems” şirkəti 33.3% paya malikdir. Müəssisənin “Boeing” və digər şirkətlər tərəfindən sertifikatlaşdırılmasına çalışılır.

su 25

Su-25 döyüş təyyarəsi

2015-ci ildə Su-25 bazasında yeni – Ge-31 “Bora” adlı döyüş təyyarəsinin layihəsini təqdim edən TAM zavodu hazırda bu layihənin reallaşdırılması üçün HHQ və xarici müştərilərlə danışıqlar aparır. Su-25K və Su-25T təyyarələrinin planerinə malik olacaq Ge-31 təyyarəsində qərb ölkələrində hazırlanmış avionikanın, özünü müdafiə kompleksinin, radioelektronikanın, mühərrik və katapult sistemlərinin qurulması nəzərdə tutulur.

2020-ci ildə Gürcüstan Müdafiə Nazirliyinin təsdiq etdiyi proqram çərçivəsində JS TAM “Tbilaviamsheni” və “Delta” Dövlət Hərbi Elmi Texniki Mərkəzi ilə əməkdaşlıq çərçivəsində silahlı qüvvələrin aviasiya parkının modernləşdirilməsinə başlanıb. 2020-ci il sentyabr ayının sonlarından JS TAM “Tbilaviamsheni” zavodunda ilk 5 ədəd Mi-24 helikopterinin və Su-25 təyyarəsinin modernizasiyası həyata keçirilir. Müəssisədə bununla yanaşı, L-39 təlim təyyarələrinin, Mi-8MTV və UH-1 helikopterlərinin də təmiri və modernləşdirilməsi aparılacaq.

Müdafiə Qüvvələrinin təyyarələrinin əsaslı təmir işlərinin 2022-ci ilin sonunadək başa çatdırılacağı planlaşdırılıb. 2021-ci ilin mart-aprel aylarında Gürcüstan Silahlı Qüvvələrinə məxsus modernləşdirilmiş 2 ədəd Su-25 döyüş təyyarəsinin sınaq uçuşları keçirilib. Hazırda digər təyyarələrin bərpa-modernləşdirilməsi prosesi müqavilə cədvəlinə uyğun olaraq icra edilir. Eyni zamanda pilot və texniki heyətə ixtisaslara uyğun təlim keçirilir.

Pilotsuz uçuş aparatları

Aerovironment Puma

“Puma” tipli mini PUA

Gürcüstan Silahlı Qüvvələri 2005-2008-ci illərdə İsrailin “Elbit Systems” şirkətindən 5 ədəd “Hermes-450” taktiki PUA, 10-a yaxın “Skylark II” mini PUA satın alıb. “Hermes-450” tipli 2 ədəd PUA 2008-ci ildə Abxaziya bölgəsi üzərində ruslar tərəfindən vurulub. Bunlarla yanaşı Gürcüstanın sülhməramlı kontingentinin istifadəsində ABŞ tərəfindən bağışlanmış “Puma” və “Raven” tipli mini PUA-lar da yer alır.

Gürcüstan Tbilisi Aviasiya Zavodunda hazırlanmış ilk milli PUA-sını 2012-ci ildə nümayiş etdirib. PUA-nın təqdimat mərasimində Gürcüstan prezidenti PUA sistemlərinin inkişaf etdirilməsi ilə bağlı xüsusi proqram hazırlandığını bəyan edib. Hazırda Gürcüstanda yeni PUA-ların yaradılması işləri Müdafiə Nazirliyinin “Delta” Elmi-İstehsalat Dövlət Şirkətinin Tbilisi Aviasiya Zavodunda davam etdirilir.

“Delta”nın Estoniyanın “ELİ Military” şirkətinin lisenziyası əsasında istehsal etdiyi “Swan II” PUA-sı havaya katapult vasitəsi ilə atılır. Enmə zamanı paraşütdən istifadə olunur. Gövdəsi kompozit materiallardan hazırlanmış “Swan II”nin iki uçuş rejimi mövcuddur. Kəşfiyyat optikası burun hissədə yerləşir ki bura foto və video kamera daxildir. Açıqlanmış informasiyalara görə, “Swan II” havada 8 saat yarım qalır. 1960 mm boyunda PUA-nın çəkisi 12 kq, maksimum sürəti 160 km/saat, döyüş radiusu 150 km, əməliyyat yüksəkliyi 3000 metr təşkil edir.

“Swan II”nin davamı olaraq, 2015-ci ilin iyun ayında “Delta” özünün çoxfunksiyalı pilotsuz helikopterini hazırlayıb. Baza versiyası 2 ədəd M-134 “Minigun” 6 lüləli pulemyot və hər birində 4 ədəd (cəmi 8 raket) idarə olunmayan raket yerləşən 2 raket bloku ilə silahlandırılmış insansız helikopter burun hissədə elekto-optik yükə malikdir. ROTORWAY şirkətinin istehsalı olan EXEC 162F tipli helikopterin bazasında yaradılmış bu PUA həm quru, həm də dəniz əməliyyatlarında istifadə oluna bilir. Uzunluğu 6.71 metr, rotorunun diametri 7.62 metr, çəkisi 442 kq təşkil edən helikopter PUA 150 at gücündə bir ədəd Rotorway RI-162F mühərrikinə sahibdir. Maksimum 185 km/saat sürət (əməliyyat sürəti 152 km/saat) yığa bilən PUA 3050 metr yüksəkliyə qalxa və havada 2 saat qala bilir.

gurcu pua

EXEC 162F tipli helikopterin bazasında yaradılmış döyüş PUA-sı

Gürcüstan HHQ 2020-ci ildə “STC Delta” tərəfindən EXEC 162F tipli helikopterin bazasında yaradılmış döyüş PUA-nı silahlanmaya qəbul edib. 2 ədəd M-134 “Minigun” 6 lüləli pulemyotla və hər birində 4 ədəd idarə olunmayan raket yerləşən 2 raket bloku ilə silahlandırılmış insansız helikopter burun hissədə elekto-optik yükə malikdir. Uzunluğu 6.71 metr, rotorunun diametri 7.62 metr, çəkisi 442 kq təşkil edən helikopter PUA 150 at gücündə bir ədəd “Rotorway RI-162F” mühərrikinə sahibdir. Maksimum 185 km/saat sürət (əməliyyat sürəti 152 km/saat) yığa bilən PUA 3050 metr yüksəkliyə qalxa və havada 2 saat qala bilir.

Bundan başqa, kəşfiyyat bölmələrinin müasir taktiki və operativ pilotsuz kəşfiyyat sistemləri ilə təchiz edilməsi istiqamətində həyata keçirilən layihə çərçivəsində Gürcüstanın Müdafiə Nazirliyi İspaniyadan PUA-lar alıb. İspaniyanın SCR şirkəti tərfindən hazırlanan “Atlantic I” və “Alpha Unmanned Systems” şirkətinin istehsalı olan “Alpha-800” (“Sniper”) PUA-ların 2020-ci il sentyabr ayının 28-də Marnueli aviabazasında təqdimatı keçirilib. Füzelyajı tamamilə kompozit materiallardan hazırlanmış “Atlantic I” pilotsuz uçuş aparatı ISTAR missiyaları üçün xüsusi olaraq hazırlanmış orta mənzilli, yüksək performanslı platforma kimi xarakterizə edilir. Çox sayda faydalı yük (EO / IR sensorlar, radio, radar və s.) daşıya bilən PUA-nın qanad açıqlığı 3800 mm, füzelyajın uzunluğu 2800 mm, çəkisi 50 kq təşkil edir. Benzin mühərriklə işləyən “Atlantic I” PUA-nın sürəti 110 km/saat, maksimum sürəti 170 km/saat, uçuş tavanı 3500 metr, havada qalma müddəti 5 saat, uçuş məsafəsi 100 kilometrdir. Müxtəlif missiyaların icrası üçün nəzərdə tutulan helikopter tipli “Alpha 800” tamamilə avtonom və ya manual rejimdə uça bilir. Çəkisi 14 kq təşkil edən PUA-nın uçuş müddəti 2,5 saat, faydalı yüklənmə qabiliyyəti 3 kq, uçuş radiusu 30 kilometrə qədərdir.

Gürcüstanın “Tam Management” şirkəti Silahlı Qüvvələrin ehtiyaclarını qarşılamaq məqsədi ilə T-31 indeksli pilotsuz uçuş aparatının (PUA) yaradılması üzərində işləyir. “Tam Management” şirkətinin direktor müavini Mixeil Roqava deyib ki, yeni yaradılan taktiki PUA 350 kq faydalı yük daşıya bilər. T-31 PUA-nın kəşfiyyat-müşahidə konfiqurasiyası 72 saat davamlı uça biləcək. “Tam Management” aviasiya zavodu iki ildi T-31 PUA-nın yaradılması üzərində işləyir. Yeni pilotsuz uçuş aparatı kəşfiyyat tapşırıqlarını yerinə yetirməklə yanaşı sərhəd nəzarətində istifadə oluna bilər, o cümlədən döyüş sahəsindəki artilleriya bölmələrinə hədəfi yüksək dəqiqliklə vurmağa imkan verir.

Hava Hücumundan Müdafiə

Regionda gərgin olaraq qalan hərbi vəziyyət, silahlı münaqişələrin hər an yenidən başlanma ehtimalı, tərəflərin bir birinə qarşı ciddi şəkildə silahlanmağa davam etdirilməsi, xüsusilə də son 20 ildə gerçəkləşdirilmiş satınalma layihələrində hava hücumundan müdafiə sistemlərinin (HHM) ağırlıq təşkil etməsi və mövcud aviaparkın müasir HHM sistemlərinə adekvat olmaması Gürcüstanı aviasiya parkını daha müasir texnikalarla gücləndirməyə vadar edir. Digər tərəfdən demək olar ki, köhnəlmiş, ömrünü başa vurmaqda olan Sovet texnikalarının müasirləşdirilməsində “astar üzdən baha başa gəlir”.

SSRİ dağıldıqdan sonra, Sovet Ordusundan az sayda zenit topu, bir neçə raket batareyası və radiolokasiya sistemini təhvil alan Gürcüstan 2005-2009-cu illərdə hava hücumundan müdafiə sistemini əhəmiyyətli şəkildə gücləndirməyə nail olub. 2005-ci ildə Gürcüstan ASOC (Air Sovereignty Operations Centers) vahid radar sistemi üzərindən Türkiyə vasitəsilə NATO-nun müvafiq sisteminə (Air Situation Data Exchange) qoşulub. Gürcüstanın HHM sisteminin yenidən qurulmasında əsasən Ukrayna, ABŞ və İsrail əsas rol oynayıb. Rəsmi məlumatlara görə, 2007-2008-ci illərdə Gürcüstan Ukraynadan 1 divizion 9K37M1 “Buk-M1” ZRK, o cümlədən 48 ədəd “Buk” raketi, 1 divizon “Osa” ZRK buraxıcı qurğu və 48 ədəd 9K33M3 idarə olunan zenit raketi, 4 ədəd “Kolçuqa-M” radiotexniki kəşfiyyat stansiyası, 1 ədəd “Mandat”, 2005-2010-ci illərdə 3 ədəd 36D6-M, 3 ədəd 36D6-1-2 və 3 ədəd P-180U radiolokasiya stansiyası alıb.

Bunlardan əlavə olaraq, 2007-ci ildə Ukraynanın “Aerotexnika” şirkəti Gürcüstanın HHM Qoşunlarının köhnəlmiş P-18 RLS-lərinin P18U səviyyəsinə qədər müasirləşdirilməsini həyata keçirib. Bu sistemlərlə yanaşı Ukrayna Gürcüstana 50 ədəd 9K310 “İqla-1”, 40 ədəd “Strela-10” kompleksinin və 400 ədəd 9M313 zenit raketinin çatdırılmasını həyata keçirib.

SPYDER Rafael

“Spyder-SR” ZRK

Gürcüstan Ukraynadan başqa, Bolqarıstandan 12 ədəd “İqla-1”, ZU-23-2M, və 500 ədəd 9M313 idarə olunan zenit raketi, Polşadan 30 ədəd “Qrom”daşınan zenit-raket kompleksi və bu sistem üçün 100 ədəd idarə olunan zenit raketi, İsraildən 1 batareya “Spyder-SR” ZRK satın alıb.

2008-ci ilin avqust müharibəsi zamanı Rusiya Gürcüstanın HHM sistemini demək olar ki, tamamilə sıradan çıxarıb. Döyüş əməliyyatları zonasında Rusiya Ordusu tərəfindən Gürcüstana məxsus 5 ədəd “Osa-AKM” ZRK, bir batareya “Buk-M1”, bir neçə ZU-23-2 və ZSU-23-4 “Şilka” zenit artileriyası qənimət olaraq ələ keçirilib. Lakin döyüşlər zamanı Gürcüstan Ordusu İsraildən alınmış “Spyder-SR” ZRK-dən istifadə etməklə Rusiya HHQ-nə məxsus bir ədəd Tu-22MR və bir ədəd Su-25 döyüş təyyarəsini vurmağı bacarıb.

ThalesRaytheonSystems sirkətindən Ground Master GM 200 GM200 və Ground Master 403 GM403 radarlari

“Ground Master GM 200” və “Ground Master 403” radarları

Müharibədən sonra HHM sistemini qərb texnologiyaları əsasında yenidən quran Gürcüstanın 2014-cü ildə İspaniyanın “İndra Sistemas” şirkətindən 6.5 milyon ABŞ dollarına ən azı 3 ədəd LANZA radarı əldə etdiyi bildirilir. Bunun davamı olaraq, 2015-ci ilin iyun ayında Gürcüstan və Fransa arasında HHM sistemlərinin alınmasına dair dəyəri 100 milyon avrodan çox qiymətləndirilən iki müqavilə imzalanıb. 56.1 milyon avro dəyərində birinci müqavilə çərçivəsində Gürcüstan “ThalesRaytheonSystems” şirkətindən “Ground Master GM 200” (GM200) və “Ground Master 403” (GM403) radarları, 50 milyon avro dəyərində ikinci müqavilə üzrə “MBDA Systems” şirkətindən “Acmat VLRA” avtomobilinin şassisində “Mistral ATLAS” və “Mistral ALBİ” zenit-raket kompleksləri əldə edib. 2018-ci il dekabr ayının 8-də Parisdə Gürcüstan və Fransa arasında hava hücumundan müdafiə komanda-nəzarət sistemlərinin alınmasına dair daha bir müqavilə imzalansa da müqavilənin detalları barədə məlumat verilməyib. Gürcüstanın Müdafiə naziri imzalanmış müqaviləni “Gürcüstan və Fransa arasında hava hücumundan müdafiə sahəsində əməkdaşlığın ikinci mərhələsinə keçid” olaraq qiymətləndirib.

2020-ci il sentyabr ayının 11-də Gürcüstan Müdafiə Nazirliyi ilə İsrailin “Rafael” şirkəti arasında imzalanmış müqaviləyə əsasən Gürcüstanın hava hücumundan müdafiə sistemləri tamamilə bərpa ediləcək və modernləşdiriləcək.

Atici silahlar

Gürcüstan 2010-cu ildən Silahlı Qüvvələrin arsenalında yer alan yüngül silahların yenidən təkmilləşdirilməsi layihələrinə başlayıb. Bu dönəmdə əsas alımları Bolqarıstan və Çexiya kimi Cənubi Şərqi Avropa ölkələrinə yönəldən rəsmi Tbilisiyə paralel olaraq ABŞ tərəfindən böyük həcmdə yardımlar göstərilib və bu gün də həmin yardımlar davam edir. Belə ki məlumatlara görə, 2010-2015-ci illərdə ABŞ tərəfindən Gürcüstan Ordusuna 7 min ədəd M-4/M-16 tipli hücum tüfəngləri, M-24, M-82 və M-95 “Barret”, TAC-50 snayper tüfəngləri, onların döyüş sursatları, M-134 “MiniGun” tipli pulemyotlar, M-203 lüləaltı qumbaraatanlar, habelə revolver tipli qumbaraatanlar bağışlanıb.

ABS istehsali olan 5.56 mm capli M249 pulemyotlari1

ABŞ istehsalı olan 5,56 mm çaplı yüngül M249 pulemyotları

2020-ci ilin sentyabr ayında Gürcüstanın Müdafiə Nazirliyi ordunun ABŞ istehsalı olan 5,56 mm çaplı yüngül M249 pulemyotları ilə təchiz edilməsinə başlandığını açıqlayıb. Nazirliyin məlumatına görə, ABŞ-dan tədarük edilən pulemyotların ilk partiyası Vaziani şəhərindəki IV Mexanik Briqada və Hərbi Təhsil və Təlim Komandanlığının hərbi hissələrinə verilib. ABŞ-ın dəstəyi ilə Gürcüstan Müdafiə Qüvvələri 2021-ci ilin fevral ayında yeni tip pulemyot və qumbaraatanların növbəti partiyasını əldə edib. Bununla Gürcüstan Müdafiə Qüvvələri ABŞ istehsalı olan 12.7 mm çaplı M2 pulemyotları, 5.56 mm çaplı M249 hücum pulemyotları və yeni MK 19 tipli avtomatik qumbaraatanlarla təchiz edilib. Gürcüstanın Müdafiə nazirinin iştirakı ilə Vazianidəki Təlim Mərkəzində (CTC) adı çəkilən silahların atış testləri keçirilib.

ABŞ-ın yardımları ilə yanaşı Gürcüstan İsraildən “Galil Galatz”, Kanadanın “Desert Tactical Arms” şirkətindən SRS-A1 snayper tüfənglərinin satınalınmasını gerçəkləşdirib. Gürcüstan ordu və polis xüsusu təyinatlıları üçün Almaniyadan və Türkiyədən açıqlanmayan sayda MP-5, UMP-45 tapança pulemyotlarının müxtəlif modifikasiyalarını, Finlandiyadan “Sako TRG” snayper tüfəngləri, İsraildən NG-7 “Negev” pulemyotu alıb.

Hesabatlarda yer alan digər məlumatlara görə, 2010-2015-ci illərdə Gürcüstan Avstriyadan 200 ədəd, Çexiyadan 139 ədəd, Estoniyadan 235 ədəd, Slovakiyadan 210 ədəd, Türkiyədən 348 ədəd tapança alıb. Tapançalardan əlavə olaraq, Bolqarıstandan 200 ədəd tüfəng, 15000 ədəd avtomat, 450 ədəd əl pulemyotu, 6045 ədəd qumbaraatan, Çexiyadan polis qüvvələri üçün 730 ədəd hücum tüfəngi, 1145 ədəd karabin, 7 ədəd 30 mm top, Estoniyadan 60 ədəd tüfəng, İngiltərədən 11 ədəd snayper tüfəngi və 15 ədəd idman tüfəngi, Türkiyədən 45 ədəd tapança-pulemyot satın alıb.

Gürcüstan Müdafiə Nazirliyinin “Delta” Hərbi Elmi Texniki Mərkəzi Silahlı Qüvvələrin ehtiyaclarını qarşılamaq üçün 2012-ci ildə M-4 dizaynı əsasında 5.56×45 mm G-5 avtomatının istehsalına başlamaqla atıcı silahlar istehsalına bir növ təkan vermiş oldu. Hazırda bu avtomat G-5 və G-13 olmaqla iki versiyada buraxılır. Gürcüstan Silahlı Qüvvələrinin yerli istehsal olan atıcı silahlar arsenalına “Delta”nın “Morieli” adlı səssiz tapançası, 9×19 mm çaplı fərqli bir tapança modeli, “İamani” adlı tapança-pulemyot, 12.7 mm çaplı PDShP-1, PDShP-2, 7.62×51 mm çaplı DELTA-308 və “Satevari” snayper tüfəngləri daxildir. Son məhsullardan olan “İamani” polis və xüsusi təyinatlı bölmələrin silahlanması üçün nəzərdə tutulub.

GI 4 indeksli 5.56 mm kalibrli avtomat

Gİ-4 indeksli 5.56 mm kalibrli avtomatı

Silahlı Qüvvələrin ehtiyacını qarşılamaq məqsədi ilə qumbaraatanların geniş çeşidinə malik “Delta” M-4 və M-16 avtomatları üçün 40×46 mm UBGL -1D, sovet istehsalı olan AKM və AK-74 üçün AG-40, GP-25 lüləaltı qumbaraatanlar, Daxili Qoşunlar və hüquq mühafizə orqanları üçün ARGL-1 tüstü qumbaraatanı, PDM-1 biratımlı, RPG-7G çoxatımlı qumbaraatanların istehsalını davam etdirməkdədir. RPQ-7 qumbaraatanının modernləşdirilmiş versiyası olan RPGL-7G çəkisi 5.83 kq-dır. Qumbaraatan holoqrafik nişangahla və istənilən optik nişangahla dəstləşdirilə bilir. Dörd fərqli növ döyüş sursatının istifadə oluna bildiyi RPGL-in üzərində optik nişangahların yerləşdirilməsi üçün pikatini relsi mövcuddur.

Gürcüstanın Müdafiə Nazirliyinin sifarişi əsasında 2021-ci ilin oktyabr ayında “Delta” hərbi elmi-texniki mərkəzdə NATO standartlarına uyğun Gİ-4 indeksli 5.56 mm kalibrli avtomatların istehsalına başlanılıb. Müasir silahların istehsalı yeni açılan Gürcüstan-İsrail birgə müəssisəsində həyata keçirilir. Müasir avadanlıqla təchiz edilmiş müəssisənin buraxacağı silahlar həm Gürcüstanın müdafiə qüvvələri, həm də ixrac üçün nəzərdə tutulub. Gürcüstan-İsrail birgə müəssisəsində gələcəkdə digər silah-sursatların da istehsalı planlaşdırılır.

Snayper tüfəngləri

Gürcüstan Silahlı Qüvvələrinin silahlanmasında yuxarıda da qeyd edildiyi kimi əsas yeri Avropa və Amerika istehsalı olan snayper tüfəngləri tutur. Gürcüstan Ordusu texnoloji yenilənmə proqramına uyğun olaraq silahlanmasındakı keçmiş Sovet istehsalı olan silahları qərb silahları ilə əvəzləməkdə davam edir.

308 კალიბრის სნაიპერული შაშხანა DELTA 308 03Hazırda Gürcüstan Ordusunun silahlanmasında ABŞ istehsalı olan M82A1 “Barrett”, M95 “Barrett”, McMillan TAC-50, “Remington 700”, DT SRS, M-24, İsveçrə istehsalı olan OM-50 “Nemesis”, Brugger & Thomet APR .308, Brugger & Thomet APR .338, Çexiya istehsalı olan OP-99 “Falcon”, Serbiya istehsalı olan M-93 “Black Arrow”, İsrail istehsalı olan GALATZ, Finlandiya istehsalı olan Sako TRG-22, Sako TRG-42, Sovet, Rusiya, Ukrayna istehsalı olan SVD və VSS “Vintorez” snayper tüfəngləri yer alır.

Snayper tüfənglərin önəmli qismi ABŞ tərəfindən “Öyrət və Təchiz et” proqramı çərçivəsində Gürcüstan Müdafiə Nazirliyinə bağışlanıb. ABŞ-ın dəstəyi ilə Gürcüstan Müdafiə Qüvvələri 2021-ci ilin fevral ayında yeni tip pulemyot və qumbaraatanlar əldə edib. Silahlanmaya qəbul edilən ABŞ istehsalı olan 12.7 mm çaplı M2 pulemyotları, 5.56 mm çaplı M249 hücum pulemyotları və yeni MK 19 tipli avtomatik qumbaraatanların Gürcüstanın Müdafiə nazirinin iştirakı ilə Vazianidəki Təlim Mərkəzində (CTC) atış testləri keçirilib.

Bununla yanaşı, 2013-cü ilin ortalarında Gürcüstan mühəndisləri tərəfindən “Borbalo-213” adlı antimaterial snayper tüfəngi istehsal edilərək ordunun silahlanmasına verilib. Silah mühəndisi A. Xitaraşvili tərəfindən yaradılmasına 2003-cü ildə başlanmış bu tüfəng bullpap dizayna malikdir və “bolt action” prinsipi ilə çalışır. Uzun-sürüşən çaxmaqla təchiz edilmiş silahın qoruyucusu sağda, yuxarı hissədə, dəstəyin arxasında yerləşir. Tüfəngə müxtəlif optik nişangahların bərkidilməsi üçün lülə qutusunun üzərində pikatini relsi yerləşdirilib. Qundaq xüsusi ayaqlıq vasitəsi ilə möhkəmləndirilir. Uzunluğu 1200 mm, lüləsinin uzunluğu 800 mm olan silahın lüləsi geri təpmənin azaldılması üçün ağız əyləci ilə təchiz olunub. Silahın çəkisi 11.5 kq, atış uzaqlığı 1800 metrdir. Hərbi forumlarda yayılan məlumata görə, hazırda bu tüfəngin 12.7×108 və 12.7×99 çaplı patronlara uyğunlaşdırılmış modelləri mövcuddur. Bununla yanaşı gürcü mühəndisləri tərəfindən 14.5×114 mm və 20×102 mm çaplı versiyalarının üzərində işlər aparılır.

Sniper Rifle Satevari Caliber .308 WIN

.308 Win “Satevari” snayper tüfəngi

Gürcüstan Ordusu yerli istehsal olan “Satevari” snayper tüfənglərini 2016-cı ildə silahlanmaya qəbul edib. “Satevari” snayper tüfəngi modulyar dizayna malikdir və silahın .308 Win, 300 WM, 300 NM, .338 LM, .338 GBM, .375 GBM və .50 BMG modelləri var. “McMillan TAC-50” dizaynı üzrə hazırlanmış “Satevari”nin qundağının arxa hissəsində tənzimlənən dayaq qurulub. Silah müxtəlif optik nişangahlarla komplektləşdirilə bilir. Silahın qundağı təpmənin təsirini minimallaşdıran xüsusi erqonomik materialdan hazırlanıb. Tüfəng “bolt-action” prinsipinə əsaslanır və atış dəqiqliyi 100 metr məsafə üçün 0.3 MOA-dır.

Ordunun silahlanmasında yer alan 12.7×108 mm-lik PDShP-1 və PDShP-2 snayper tüfəngləri eyni çaplı patronlardan istifadə etmələrinə baxmayaraq, qabaritlərinə görə bir-birindən fərqlənirlər. “Delta” tərəfindən istehsal edilən anti-material snayper tüfəngləri sinfinə aid olan PDShP-1 xarici dizaynına görə Rusiyanın OSV-96 tüfənginə bənzəyir. Düşmənin canlı qüvvəsini və yüngül zirehli texnikalarını məhv etmək üçün nəzərdə tutulan bu silah 5 patron tutumlu daraqla dəstləşdirilib. Atəş zamanı geri təpməni azaltmaq üçün silahın lüləsi əyləclə təchiz olunub. “Bolt action” prinsipi ilə işləyən PDShP-2 tüfəngi isə sələfindən daha qısa və yüngüldür. Ehtiyac yarandıqda bu tüfəngə səsboğucu quraşdırmaq mümkündür. PDShP-1 tüfənginin uzunluğu 1520 mm, PDShP-2-nin 1040 mm, lülələrinin uzunluğu müvafiq olaraq 1100 mm və 580 mm, atış mənzili 2000 metr (PDShP-1), 1200 m (PDShP-2), çəkisi 14 kq və 12 kq təşkil edir.

Döyüş modulları

Atıcı silahlarla yanaşı “STC Delta” gürcü ordusu üçün bir neçə döyüş modulu hazırlayıb. Bunlardan nəqliyyat vasitələrinin silahlandırılması üçün nəzərdə tutulan DRWS-1 və DRWS-2 döyüş modulları hazırda “Lazika” döyüş maşınlarının, habelə Gürcüstan Ordusunun inventarında olan BTR-70 və modernləşdirilmiş BRDM-2 maşınlarının silahlanmasında yer alır. Erqonomik dizayna malik DRWS-1 modulunun üzərinə 12.7 mm-lik NSVT və 7.62 mm-lik PKT pulemyotu qoyulub. 360 dərəcə bucaq altında ətrafa -10,+65 dərəcə şaquli bucaq altında atəş açmağa imkan verən döyüş modulu 36 qat böyütmə qabiliyətinə malik EB-363P gündüz/gecə kamerası ilə təchiz olunub. 23 mm-lik 2A14 topuna və 7.62 mm-lik PKT pulemyotuna sahib DRWS-2 döyüş modulu 360 dərəcə üfiqi və -10,+40 dərəcə şaquli bucaq altında hədəfləri atəş altında saxlamaq qabiliyyətindədir. Bu döyüş modulu EB-363P gündüz-gecə kamerası ilə yanaşı 2 və 4 qat böyütmə qabiliyyətinə sahib GUİPİR İR 22107 termal kamerasını da özündə birləşdirir. Modulun döyüş ehtiyatı 23 mm-lik top üçün 80 mərmi, PKT pulemyotu üçün 500 patrondur.

Universal Combat Module UMD 2 of STC Delta Georgia

UMD-2 döyüş modulu

“STC Delta”nın stasionar məntəqələrin və maşınların üzərində qurulmaq üçün nəzərdə tutulan UMD-1 döyüş modulu 4 ədəd 7.62 mm-lik PKT pulemyotu, yaxud 2 ədəd 12.7 mm-lik NSVT və 2 ədəd PKT ilə silahlandırıla bilir. Atış sıxlığı dəqiqədə 700-800 güllə təşkil edən döyüş modulunun hər bir PKT pulemyotu 250 patron tutumlu sandığa malikdir. UMD-1 modulu -10,+85 dərəcə bucaq altında hədəfləri atəş altında saxlaya bilir. Universal döyüş modulu UMD-2 isə 1 ədəd NSVT pulemyotunu və 6 lüləli 107 mm-lik raket blokunu birləşdirir. Pulemyotun döyüş ehtiyatı 80 patrondur. 107 mm-lik raketlərin atış mənzili isə 11 km təşkil edir.

Nəticə olaraq demək olar ki, hazırda Gürcüstan Müdafiə Nazirliyinin həyata keçirdiyi proqram əsasında silahlı qüvvələrin silah və texnika parkınının yenilənməsi, PUA parkının təkmilləşdirilməsi ilə yanaşı hava hücumundan müdafiə sistemlərinin tamamilə bərpa edilməsi və modernləşdirilməsi, habelə zirehli texnika əleyhinə silahların, müasir artilleriya və kəşfiyyat sistemlərinin alınması prosesi davam etdirilir. Beynəlxalq ixrac və idxal hesabatlarından da görünür ki, Gürcüstan hər nə qədər qərb texnologiyalarına diqqət yetirsə də satınalmalarda sovet/rus silahları yenə ağırlıq təşkil edib. Proqnozlar göstərir ki, yaxın 2030-cu ilə qədər Gürcüstan Ordusu tam şəkildə qərb silahlarına sahib olacaq.

Zaur Babaşov

POLİQON JURNALI

CATEGORIES
TAGS