
Rəşad Süleymanov, Məhərrəm İbrahimov və Sirac Abışov Ali Media Mükafatı ilə təltif olundu
Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı ilə “Poliqon” (“Azeri Defence”) jurnalının mərhum baş redaktoru Rəşad Süleymanov, o cümlədən Kəlbəcərdə şəhid olmuş media təmsilçiləri – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov təltif ediliblər.
Mətbuat Şurasından “Poliqon”a verilən məlumata görə, Mətbuat Şurası hər il ömrünü-gününü peşəsinə həsr etmiş jurnalistləri Ali Media Mükafatı ilə mükafatlandırır.
2011-ci ildən başlayaraq xoş ənənəyə çevrilmiş mükafatın laureatlarının adları 22 iyul Milli Mətbuat Günündə açıqlanır və 3 dərəcə üzrə təqdim olunur. 2021-ci ildə Şura qərara alıb ki, təltif yalnız bir dərəcə üzrə aparılsın.
Rəşad Süleymanov müqəddəs savaşımızın davam etdiyi müddətdə hərbi jurnalist və ekspert kimi cəmiyyətin informasiyalarla təminatı, həm də ictimai rəyin düzgün formalaşdırılması istiqamətində böyük əzmlə çalışıb. Məhərrəm İbrahimov və Sirac Abışov istər 44 günlük Vətən Müharibəsi dönəmində, istərsə də müharibədən sonrakı dövrdə Azərbaycan ictimaiyyətini dolğun və operativ məlumatlarla təmin ediblər. Mətbuat Şurası məhz bu xidmətləri nəzərə alıb.
Həmkarlarımızın ruhu şad olsun!