“Rheinmetall” M142 HIMARS YARS istehsal etməyi planlaşdırır

“Rheinmetall” M142 HIMARS YARS istehsal etməyi planlaşdırır

“Rheinmetall” konserni Almaniyada M142 HIMARS yaylım atəşli reaktiv sistemlərin (YARS) istehsalını təşkil etmək üçün ABŞ-ın “Lockheed Martin” korporasiyası ilə danışıqlar aparır.

“Poliqon” xəbər verir ki, bu barədə “Rheinmetall” konserninin baş direktoru Armin Papperger “Reuters” agentliyinə müsahibəsində bildirib.

O, Münhen Təhlükəsizlik Konfransında M142 HIMARS YARS istehsalına başlamaq üçün “Lockheed Martin” korporasiyası ilə müqavilə bağlamaq niyyətində olduqlarını qeyd edib. Bunun üçün döyüş başlıqlarının, eləcə də raket mühərriklərinin hazırlanması üzrə texnologiyalarının və buraxma qurğularını quraşdırmaqdan ötrü yük maşınlarının olduğunu diqqətə çatdırıb.

Söhbət fevralın ortalarında Münhendə baş tutacaq siyasi və müdafiə liderlərinin illik görüşündən gedir.

“Rheinmetall” konserninin baş direktoru onu da qeyd edib ki, “Lockheed Martin” korporasiyası ilə müqavilə bir neçə yüz milyon avroluq sərmayələri təmin edə bilər ki, onun da əsas hissəsi “Rheinmetall” tərəfindən maliyyələşdiriləcək.

Bundan əlavə, “Rheinmetall” konserni tank və artilleriya döyüş sursatlarının istehsalını da artırmaq istəyir. Bu, xüsusən də Almaniya müdafiə sənayesi nümayəndələrinin müdafiə naziri Boris Pistorius ilə tezliklə baş tutmalı olan görüşündə müzakirə olunacaq.

Qeyd edək ki, “Rheinmetall” şirkəti geniş çeşiddə müdafiə məhsulları istehsal edir, lakin daha çox “Leopard 2” tankı üçün 120 mm-lik top istehsalı ilə tanınır.

“Biz ildə 240.000 dəst 120 mm-lik tank döyüş sursatı istehsal edə bilərik ki, bu da bütün dünyanın ehtiyacından çoxdur”, – deyə Papperger bildirib.

O əlavə edib ki, 155 mm-lik artilleriya mərmilərinin istehsal gücü ildə 450-500 min ədədə qədər artırıla bilər. Bu, “Rheinmetall”ı hər iki növ sursatın ən böyük istehsalçısı edəcək.

2022-ci ildə konsern 60-70 min tank mərmisi və eyni sayda artilleriya mərmisi istehsal edib, lakin istehsal dərhal artırıla bilər.

O, həmçinin vurğulayıb ki, “Gepard” özüyeriyən zenit qurğusu üçün istifadə olunan orta çaplı döyüş sursatlarının istehsal xətti 2023-cü ilin ortalarında işə salınacaq.

Baş direktor qeyd edib ki, konsern Almaniyanın şərqindəki Saksoniya əyalətində yeni barıt zavodunun tikintisini də nəzərdən keçirir, lakin 700-800 milyon avroluq investisiya hökumət tərəfindən təmin edilməlidir.

“Dövlət sərmayə qoymalıdır, biz isə öz texnoloji biliklərimizi təmin edəcəyik. Bunun müqabilində dövlət zavodun payını və onun gətirəcəyi mənfəəti alır”, – deyə Papperger bildirib.

O qeyd edib ki, tank və artilleriya mərmilərinin istehsalını artırmaq üçün xüsusi barıt çatışmazlığını ödəməkdən ötrü belə bir zavod lazımdır.

Xatırladaq ki, “Rheinmetall AG” Almaniyanın 13 aprel 1889-cu ildə əsası qoyulmuş nəhəng konsernidir. O, Almaniya və Avropanın ən böyük hərbi texnika və silah istehsalçılarından biridir. Konsern əsasən hərbi texnika, silah istehsalı, eləcə də avtomobillər üçün komponentlərin istehsalı ilə məşğuldur. Konsernin mənzil-qərargahı Düsseldorfda yerləşir.

Konsernin əsas bölmələri bunlardır:

  • Nəqliyyat – hərbi texnika və yük maşınlarının, fərdi mühafizə vasitələrinin, qüllə toplarının istehsalı;
  • Silah və döyüş sursatları – iri və orta çaplı silahların, döyüş sursatlarının, partlayıcı maddələrin istehsalı;
  • Elektronika – radarların, digər hərbi elektronikaların, simulyatorların istehsalı, texniki ədəbiyyatın nəşri;
  • Sensorlar və ötürücülər – nasosların, aktuatorların, qaz xaricetmə (egzoz) sistemlərinin, solenoid klapanların, kommersiya dizel sistemlərinin istehsalı;
  • Materiallar və ticarət – komponentlərin və ehtiyat hissələrinin ticarəti, podşipniklərin və tökmə mühərrik hissələrinin istehsalı.

Konsernin məhsulları Almaniya, Avropa, Amerika, Asiya və Yaxın Şərq, eləcə də digər regionlara tədarük edilir.

Konsernin son illər ən məşhur məhsulları arasında GTK “Boxer” (Gepanzerte Transport Kraftfahrzeug “Boxer”) modul sistemli çoxməqsədli zirehli nəqliyyat vasitəsi, “Puma” (Schützenpanzer “Puma”) piyada döyüş maşını və TH-495 (Schützenpanzer TH-495) eksperimental piyada döyüş maşını daxildir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS