
“Roketsan” ilə İndoneziya Müdafiə Nazirliyi arasında müqavilələr imzalanıb
Türkiyənin “Roketsan” şirkəti İndoneziya Silahlı Qüvvələrinə artilleriya raketləri və hava hücumundan müdafiə (HHM) sistemləri ixrac edəcək.
“Poliqon” xəbər verir ki, bu barədə “Roketsan” şirkətinin baş direktorunun müavini Murat Kurtuluş “Anadolu Agentliyi”nə açıqlmasında deyib.
Murat Kurtuluş bildirib ki, Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) koordinasiyası ilə “Roketsan” şirkəti və İndoneziya Müdafiə Nazirliyi arasında bu sistemlərin tədarük edilməsi üçün müqavilələr imzalanıb.
Baş direktorun müavini vurğulayıb ki, imzalanan müqavilələrə əsasən ilk məhsullar yaxın dövrdə İndoneziya Müdafiə Nazirliyinə təhvil veriləcək: “İki ayrı məsələ var. Birincisi, “yer-yer” tipli uzun mənzilli artilleriya sistemi olan “Khan”dır. Bu sistem 280 kilometr mənzilə sahibdir və döyüş meydanının dərinliklərində yerləşən düşmən hədəflərini yüksək dəqiqliklə məhv edə bilir. “Khan” sistemini ilk dəfə İndoneziya Ordusunun istifadəsinə vermiş olacağıq”.
“İkinci məsələ laylı hava hücumundan müdafiə ilə bağlıdır. İndoneziya Müdafiə Nazirliyinin bu mövzudakı tələbləri fərqli idi. Bununla əlaqədar beynəlxalq tərəfdaşlarımızla birgə yeni bir model hazırladıq.
Texniki və maliyyə modelləri yaradıldı. Burada laylı HHM sisteminə aid ilk məhsullarımızı 2 ayrı – orta və uzun mənzilli sistem olaraq təqdim edəcəyik. Qarşıdakı dövrlərdə yaxın məsafəli hava hücumundan müdafiə sistemləri ilə bağlı da müzakirələrimiz olacaq”, – deyə Murat Kurtuluş qeyd edib.