“Roketsan” PUA-lar üçün hazırladığı yeni raket və sursatları IDEF-2023-də sərgiləyir

“Roketsan” PUA-lar üçün hazırladığı yeni raket və sursatları IDEF-2023-də sərgiləyir

“Roketsan” şirkəti hava platformaları üçün hazırladığı yeni raket və sursatlarını ilk dəfə IDEF-2023 sərgisində nümayiş etdirir.

“Poliqon” xəbər veri ki, bunların arasında mini ağıllı sursat ailəsinin (MAM) IIR başlıqlı yeni versiyaları olan MAM-L IIR və MAM-T IIR, eləcə də Türkiyənin “hava-yer” tipli səsdən sürətli ilk ballistik raketi İHA-230 (TRG-230-İHA) yer alıb.

Pilotsuz uçuş aparatları tərəfindən istifadə olunan MAM ailəsi döyüş meydanında göstərdiyi dəqiqlik və digər üstün imkanlarla özünü kifayət qədər sübut edib. Ancaq “Roketsan” buna baxmayaraq artan döyüş tələblərini nəzərə alaraq onları daha yaxşılaşdırmaq və dəqiqliyini artırmaq üçün IIR (Imaging Infrared – İnfraqırmızı Görüntüləmə) başlığı təchiz edib. Bu başlıq sayəsində MAM-L sutsatının mənzili 15 km-dən 25+ kilometrə, MAM-T-nin isə 30+ km-dən 50+ kilometrə qədər artırılıb.

Hazırda PUA-lara inteqrasiya prosesi sürətli şəkildə davam edən MAM-L IIR və MAM-T IIR-in 2024-cü ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olacağı gözlənilir.

Bundan başqa, MAM-T IIR sursatının imkanlarının daha da şaxələndirilməsi çərçivəsində DUAL SEEKER ( IIR+TV xüsusiyyətli arayıcı başlıq) ilə 2024-cü ildə ilk uçuş sınaqlarına başlanılması hədəflənir.

MAM-L IIR-in texniki xüsusiyyətləri:

  • Uzunluğu – 0.95 m
  • Çapı – 160 mm
  • Kütləsi – 23 kq
  • Maksimum mənzili – 25+ km
  • Maksimum uçuş müddəti – 250 san

MAM-T IIR-in texniki xüsusiyyətləri:

  • Uzunluğu – 1.4 m
  • Çapı – 230 mm
  • Kütləsi – 100 kq
  • Maksimum mənzili – 50+ km
  • Maksimum uçuş müddəti – 500 san

“Roketsan” şirkəti tərəfindən hazırlanan İHA-230, PUA-lardan atılmaq üçün nəzərdə tutulan “hava-yer” tipli səsdən sürətli ballistik raketdir. O, şirkət istehsalı olan TRG-230 “yer-yer” tipli raketin aviasiya vasitələrindən istifadə üçün hazırlanan versiyasıdır. İHA-230 raketinin inkişaf etdirilməsində əsas məqsəd PUA-ların təhlükəli zonaya girmədən düşmən hədəflərini, hava hücumundan müdafiə sistemlərini və digər obyektlərini məhv edə bilməsidir.

Şirkətin verdiyi məlumata görə, buraxıldığı sürət və yüksəklikdən asılı olaraq raketin maksimum uçuş mənzili 150 km təşkil edir. Bununla bərabər raket 20 kilometrə qədər məsafədə ani aşkarlanan hədəfləri də vurmaq imkanına sahibdir. Qəlpəli döyüş başlığına malik olan İHA-230 verilən tapşırığa uyğun şəkildə müxtəlif döyüş başlıqları ilə təchiz edilə bilər.

Hazırda inkişaf çalışmaları ilə bağlı sınaq atışları yerinə yetirilən İHA-230 raketinin doğrulama və kvalifikasiya işləri davam etməkdədir. “Roketsan” bu raketi 2024-cü ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına qazandırmağı hədəfləyir.

Poliqon.az

CATEGORIES
TAGS