
“Roketsan” “Tanok” raketinin sınaqlarını keçirib
Türkiyənin “Roketsan” şirkəti 120 mm-lik lazer tuşlamalı “Tanok” raketinin ilk atış sınaqlarını keçirib.
“Poliqon” “Roketsan” şirkətinə istinadən xəbər verir ki, “Tanok” raketinin ilk atış sınaqları uğurla nəticələnib.
İlk dəfə IDEF-2019 XIV Beynəlxalq Müdafiə Sənayesi Sərgisində təqdim edilmiş “Tanok” raketi, tanklarda və digər lüləli silahlarda istifadə olunan ənənəvi artilleriya sursatlarına yenilikçi bir alternativ olaraq, döyüş meydanındakı yüksək məhsuldarlığı, dəqiqliyi və qənaətcilliyi təmin etməkdən ötrü hazırlanıb.
Raket, öz quruluşu ilə Silahlı Qüvvələrin lazerlə idarə olunan tank əleyhinə artilleriya sursatına olan ehtiyacını ödəməklə yanaşı, aşağı çəkisi və istifadəçiyə zərər verməyən start mühərriki sayəsində həm daşınan, həm də yerüstü nəqliyyat vasitələrindən atıla bilər.
Sistemin xüsusiyyətləri tankda hər hansı əlavə quraşdırma tələbi olmadan rahat atışın yerinə yetirilməsindən, yarıaktiv lazer idarəetmə ilə hərəkətli və sabit hədəflərə qarşı yüksək vuruş imkanından, yandan və üstdən dəymə rejimlərinin mövcudluğundan, zirehdələn tandem döyüş başlığı ilə bütün zirehli təhdidlərə və uzunmüddətli atəş nöqtələrinə (UMAN) qarşı effektiv olmasından ibarətdir. “Tanok” raketinin çapı 120 mm, uzunluğu 984 mm, kütləsi 11 kq, atış məsafəsi 1000 – 6000 metr təşkil edir. Raket yarıaktiv lazer tuşlama başlığı və zirehdələn tandem döyüş başlığı ilə təchiz edilib. “Tanok” raketi tanklar və digər zirehli/zirehsiz döyüş texnikalarına qarşı tədbiq edilir.
“Roketsan” şirkəti iki il ərzində “Tanok” raketlərini Türkiyə Silahlı Qüvvələrinin arsenalına təqdim etməyi planlaşdırır.