Rosqvardiya “VPK-Ural” zirehli avtomobilinin ilkin sınaqlarını başa çatdırıb

Rosqvardiya “VPK-Ural” zirehli avtomobilinin ilkin sınaqlarını başa çatdırıb

“Voyenno-promışlennaya kompaniya” (“Hərbi-sənaye şirkəti”) tərəfindən hazırlanmış ən son “VPK-Ural” (VPK-59095S) zirehli avtomobili tədarük və kütləvi istehsal üçün qəbula hazırdır, Rosqvardiya texnikaların sınaqlarını başa çatdırıb. 

Bu barədə “Poliqon” “Voyenno-promışlennaya kompaniya” şirkətinin mətbuat xidmətinə istinadən xəbər verib.

Mətbuat xidmətinin məlumatına görə, zirehli avtomobil Rosvardiyanın bölmələrində ilkin sınaqlardan keçib və özünün elan edilmiş taktiki-texniki xüsusiyyətlərini təsdiqləyib. Hazırda zirehli avtomobil tədarükə qəbul üçün tam hazırdır, Rosqvardiya komandanlığının onu silahlanmaya qəbul edilməsi haqqında qərarını gözləyir. Keçilmiş sınaqların təfərrüatları isə açıqlanmır.

Qeyd edək ki, “VPK-Ural” zirehli avtomobili ilk dəfə “Armiya-2019” beynəlxalq hərbi-texniki forumunda təqdim edilib. Avtomobilin təkər formulu 4×4, kütləsi 14500 kq, uzunluğu 6500 mm, eni 2550 mm, hündürlüyü isə 2800 mm-dir. Avtomobildə 360 at gücünə malik yerli YaMZ-536 turbodizel mühərriki quraşdırılıb. Maksimal hərəkət sürət 100 km/saat, elan edilmiş yanacaq üzrə gediş ehtiyatı 1000 km-dir.

Bildirək ki, zirehli avtomobilin əsasını “Ural-53099” avtomobili təşkil edir. “VPK-Ural” əsasən “Atlet” zirehli avtomobili ilə unifikasiya edilib, lakin ona nisbətən daha ucuzdur, çünki konstruksiyasında seriyalı texnikaların qovşaq və detallarından istifadə olunur. Bu fakt avtomobilin istehsal xərclərini azaltmaqla yanaşı, onun istismarını da asanlaşdırır.

Zirehli avtomobil tam təchizatlı 12 nəfərin daşınması üçün nəzərdə tutulub. Maşının minadan mühafizəsi Rusiyanın ОТТ 9.1.12.1-2010 standartı (Stanag 4569-4 standartının qarşılığı) üzrə 2-ci səviyyəyə uyğun olaraq 6 kiloqram trotil ekvivalentində partlayıcı qurğudan qorunmanı təmin edir. Təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş xüsusi antitravmatik oturacaqlar quraşdırılıb. Mühərrik bölməsinin və kabinanın zirehi polad özəkli 7,62×54R mm çaplı güllələrdən qorunmanı təmin edir, əlavə 3-4-cü səviyyə zireh ekranlarının quraşdırılması imkanı nəzərdə tutulub.

Böyük zirehli həcmi, “VPK-Ural” zirehli avtomobilinin yüksək təhlükəsizliyi bu avtomobilin müxtəlif avadanlıqların quraşdırılması üçün baza kimi və radioelektron mübarizə, komanda-qərargah maşınları, zirehli tibbi avtomobil və s. kimi istifadə edilməsinə imkan verir.

VPK-59095S “VPK-Ural” zirehli çoxməqsədli avtomobil hərbi təyinatlı məhsul deyil və müştəriyə birbaşa tədarük edilə bilər.

Açıq mənbələrin məkumatına görə, zirehli avtomobil artıq Yaxın Şərqdəki xarici müştəriyə standart modifikasiyada və yük platformalı pikap (pick up) versiyada çatdırılır. Ümumilikdə, artıq 100-dən çox avtomobil tədarük olunub.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS