“Rostex” sualtı silah nümunələrinin tədarükünü başa çatdırıb

“Rostex” Dövlət Korporasiyasının “Rosoboronexport” şirkəti 4.5 mm çaplı SPP-1M xüsusi sualtı tapançalarının və 5.66 mm çaplı APS xüsusi sualtı avtomatlarının adı açıqlanmayan xarici tərəfdaşa tədarükünü başa çatdırıb.
“Poliqon” xəbər verir ki, bu barədə “Rostex” Dövlət Korporasiyasının mətbuat xidməti məlumat yayıb.
Silahlar “Rostex” Dövlət Korporasiyasının Mərkəzi Dəqiq Maşınqayırma Elmi-Tədqiqat İnstitutunda (TsNİİToçMaş) yaradılıb və xüsusi təyinatlı bölmələrin silahlandırılması üçün müəyyən edilib.
SPP-1M tapançası suyun altında 5 metr dərinlikdə atəş açarkən 17 metrə qədər və quruda 20 metrə qədər məsafədəki hədəfləri məhv etmək qabiliyyətinə malikdir.
5.66 mm APS sualtı avtomatı isə su altında 5 m dərinlikdə atəş açarkən 30 m-ə qədər və quruda 100 metrə qədər məsafədə hədəfləri məhv edə bilir.
SPP-1M tapançasından 4.5×40 mm-lik SPS patronları, APS avtomatından isə 5.66×39 mm-lik MPS patronları ilə atəş aparılır.

Əhəd Əzizov




