RPG-7V2 “Qaya” – Azərbaycan istehsalı olan qumbaraatan
Azərbaycan Ordusunda silahlanmaya qəbul edilmiş RPG-7V2 “Qaya” tipli əl qumbaraatanı bir sıra göstəricilərinə görə Rusiya, Ukrayna və Rumıniyada istehsal edilmiş eyni tipli qumbaraatanları geridə buraxıb.
Bu barədə “AzeriDefence” hərbi mənbələrə istinadən məlumat verib.
Atışlar zamanı qumbaraatan yüksək etibarlılıq və dəqiqlik nümayiş etdirib. Keyfiyyət baxımdan da “Qaya” üstünlüyünü sərgiləyib.
Rusiyanın RPG əl qumbaraatanının fərqli modifikasiyası olan “Qaya” düşmənin zirehli texnikasını və piyadalarını məhv etmək üçün hazırlanıb. “Qaya” 40 mm çaplı PG-7, PG-7VM, PG-7VS, PG-7VS1, PG-7VL, PG-7VR, OG-7V, TBG-7V mərmilərindən atəş açmaq imkanlarına malikdir.
Uzunluğu 950 mm, çəkisi 6,85 kq olan “Qaya”dan dəqiqədə 4-6 atəş açmaq mümkündür. Qumbaraatanın atış ömrü MSN-in rəsmi kataloqunda 250 atış göstərilib. Qumbaraatan PGO-7V3 UP-7 mexaniki optik nişangahla təchiz olunub.