Rusiya Müdafiə Nazirliyi “Şturm” robot kompleksinin prototipini sifariş edib

Rusiya Müdafiə Nazirliyi “Armiya-2021” beynəlxalq forumu çərçivəsində “Şturm” ağır hücum robot kompleksinin sınaq nümunəsinin tədarükü üçün sifariş verib. Kompleksin prototipinin tədarükü barədə müqavilə “Uralvaqonzavod” Elmi-İstehsalat Konserni” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Ural Nəqliyyat Maşınqayırma Konstruktor Bürosu” ilə bağlanıb.
Bu barədə “Poliqon” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumata görə, Ruisya Müdafiə Nazirliyi istehsalçı ilə bir “Şturm” robot kompleksinin tədarükünə dair hökumət müqaviləsi imzalayıb. Çatdırılma vaxtları və müqavilənin digər şərtləri açıqlanmır.
Qeyd edək ki, “Uralvaqonzavod” EİK” SC-nin yeni “Şturm” robot kompleksinin ilk prototiplərini yığmağa başlaması haqqında xəbərlər cari ilin may ayının sonunda yayılıb.
Yayılmış xəbərlərə görə məlumdur ki, kompleks T-72 tankının şassisində yaradılır, əsas məqsədi şəhər yerlərində döyüş əməliyyatları apararkən zirehli maşınlar üçün xüsusi təhlükə yaradan düşmənin uzunmüddətli atəş nöqtələrini aşkar etmək və susdurmaq, canlı qüvvəsini, ilk növbədə tank əleyhinə heyətlərini məhv etməkdir.
Əvvəllər bildirilib ki, kompleksə mobil məntəqədən idarə olunan bir neçə döyüş maşını daxildir. Kompleksin döyüş maşınları, uzunluğu daşıyıcı vasitənin ölçülərini keçməyən hamar lüləli qısaldılmış 125 mm-lik top da daxil olmaqla müxtəlif döyüş modulları ilə silahlandırıla bilir. Gələcəkdə 152 mm-lik 2A82 tank topuna əsaslanan hücum silahının yaradılması da istisna edilmir.
Kompleksə daxil olan vasitələrdə digər silahlar arasında RPO-2 “Şmel-M” reaktiv odsaçanlar bloku, qoşalaşdırılmış 30 mm-lik avtomatik toplar, TOS-1A “Solntsepyok” ağır odsaçan sisteminin idarə olunmayan 220 mm-lik termobarik reaktiv mərmiləri kimi müxtəlif silahlar da olacaq.
Kompleksin atəşi idarəetmə sistemi, T-90M tanklarının artıq hazırlanmış atəşi idarəetmə sisteminin variantları və T-14 “Armata” tankının atəşi idarəetmə sisteminin müxtəlif növ hədəfləri tanıya bilən və atəş tapşırıqlarını müstəqil həll edən yeni intelektual elementləri əsasında yaradılmışdır.
Kompleksin hərəkətini məsafədən idarə edilməsi sisteminə, bütövlükdə həm artıq digər robot komplekslərində sınaqdan keçirilmiş, həm yeni komponentlər daxildir.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin nümayəndələri ilk dəfə Quru Qoşunları üçün düşmənin müdafiəsinə hücum tapşırıqları da daxil olmaqla müxtəlif döyüş tapşırıqlarını həll etməkdən ötrü hazırlanmış ağır sinif yerüstü robot sistemlərinin avtomatlaşdırılmış sistemini yaratmaq məqsədi ilə başlanılmış “Şturm” elmi-tədqiqat işləri haqqında 2018-ci ildə keçirilən XXI “Müdafiə və Təhlükəsizlik” Konfransında məlumat veriblər.
Ekspertlərin sözlərinə görə, ağır sinif robot kompleksləri yaxın gələcəkdə Quru Qoşunlarının silahlanma dəstinin elementlərindən birinə çevriləcək.
Əhəd Əzizov




