
Rusiya Silahlı Qüvvələrinin bütün raket-artilleriya birləşmələri 2020-ci ilə qədər “İsgəndər-M” operativ-taktiki raket kompleksi və “Tornado-S” reaktiv yaylım atəş sistemi ilə təchiz olunacaq.
“AzeriDefence”nin məlumatına görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Raket və Artilleriya Qoşunları komandanı general-leytenant Mixail Matveyevski bildirib.
Generalın sözlərinə görə, artilleriya qoşunlarına “Koalisiya-SV” özüyeriyən haubitsaları da veriləcək.
O həmçinin qeyd edib ki, tank bölmələri “Xrizantema-S” və “Kornet-D” özüyeriyən tank əleyhinə raket kompleksləri ilə təmin olunacaq.
“Bununla paralel olaraq yeni dövlət proqramında perspektivli silahların hazırlanması da nəzərdə tutulub. Bu, prinsipcə yeni nəsil, həmçinin bir-iki nəsli qabaqlayan müasir silah nümunələrini hazırlamağa imkanı verəcək”, – deyə general əlavə edib.



