Rusiya ORSİS T-5000 snayper tüfənginin testlərin keçirir

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) xüsusi təyinatlı birləşmələr üçün yerli istehsal olan yeni ORSİS T-5000 snayper tüfəngi ilə ciddi maraqlanır. “AzeriDefence” saytının “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, dövlət sınağından sonra bu ilin martında snayper tüfənginin silahlanmaya daxil edilməsi nəzərdə tutulub.

Tüfəngin istehsalçısı “Promtexnologiya” Dövlət Konserninin baş direktoru Aleksey Sorokinin sözlərinə görə, FTX və Daxili İşlər Nazirliyi bu silahla çox ciddi maraqlanır. Hazırda silah FTX-nın təlim mərkəzində sınaq mərhələsindədir: “Daxili İşlər Nazirliyi ilə isə silahın onlara verilməsi ilə bağlı danışıqlar gedir. Silah dünya bazarı üçün nəzərdə tutulub və artıq xarici ölkələrin polis qurumları tüfənglə maraqlanırlar”.

Məlumatda qeyd olunub ki, ORSİS T-5000 snayper tüfəngi bütün müasir tələblərə cavab verən, xarici ölkələrdə analoqu olmayan prinsip etibarilə tamamilə yeni bir silahdır. Silah istənilən saatda və hava şəraitində 1,5 km məsafədə düşməni məhv etmək imkanına malikdir. Snayper tüfəngi iki çapda istehsal edilir: 308 “Winchester” və 338 “Lapua Magnum”.

KATEQORIYA: