Rusiya-Ukrayna müharibəsinin iyirmi altıncı günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin iyirmi altıncı gününün xronikasını təqdim edir.
– Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, martin 21-də Rusiya ordusunun bütün cəbhələrdə irəliləyişi dayandırılıb, amma toqquşmalar davam edir. Rusiyada hərbçilərə qarşı təzyiqlərin başladığını deyən müşavir Rusiya Federal Təhlükəsizlik Xidmətinin yoxlamaları nəticəsində ordudakı komandirlərə qarşı cəsarətsizlik və xarakter zəifliyi ittihamları irəli sürüldüyünü qeyd edib.
– Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, Rusiya silahlı qüvvələri Ukraynada 11 tank taboru, 34 zirehli döyüş maşını taboru, 5 reaktiv atəş sistemi diviziyası, 17 artilleriya diviziyası, təxminən 5 təyyarə alayı və 5 helikopter alayı itirib.
Onun sözlərinə görə Ukrayna ordusu Rusiyanın 3 həmlə qoşununu və 1 aviasiya qoşununu məhv edib. Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin 15 minə yaxın canlı qüvvə itirdiyini bildirib. Rusiya isə 500-ə yaxın hərbçisini itirdiyini etiraf edib.
– Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Nikolayev vilayətində Rusiya ordusu tərəfindən işğal edilən kəndi geri qaytarıb. O ərazidə rus ordusuna məxsus canlı qüvvə və texnikanın da məhv edildiyi bildirilib. Bundan əlavə, Ukrayna silahlı qüvvələri Kiyev vilayətinin qərbində yerləşən Makariv qəsəbəsini işğaldan azad edib.
– Ukrayna ordusunun Hava Hücumundan Müdafiə qüvvələri son sutkada Rusiyanın 7 hava hədəfini – 1 qırıcısını, 4 PUA-sını və 2 qanadlı raketini məhv edib.
– Ukraynanın “Azov” alayının döyüşçüləri mühasirəyə alınmış Mariupolu müdafiə edən Rusiya ordusunun 2 tankını, “Raptor” katerini və 17 canlı qüvvəsini məhv edib.
– Ukrayna Müdafiə Nazirliyi döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin məhv edilən silah və texnikalarının, eləcə də həlak olan hərbi qulluqçularının yeni sayını açıqlayıb. Bildirilib ki, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 97 təyyarəsini, 121 helikopterini, 498 tankını, 1535 zirehli texnikasını, 969 hərbi avtomobilini, 240 artilleriya qurğusunu, 24 PUA-sını, 45 hava hücumundan müdafiə sistemini, 80 yayılım atəşli reaktiv sistemini, 13 xüsusi nəqliyyat vasitəsini, 60 yanacaq sisternini və 3 gəmi/qayığını məhv edib.
– Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 216 PUA-sı, 1506 tank və digər zirehli döyüş maşınları, 152 reaktiv yaylım atəşi sistemi, 180 zenit-raket kompleksi, 592 artilleriya qurğusu və minaatanı məhv edilib.
– Uraynanın paytaxtı Kiyevin Podolsk rayonunun Rusiya hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində 4 nəfər həlak olub, 1 nəfər yaralanıb.
– Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbçilərinin Mariupol şəhərində mülki şəxslərin sığındığı incəsənət məktəbinə bomba atdığını bildirib. Dövlət başçısı qeyd edib ki, orada heç bir hərbi mövqe yox idi.
– Rusiya silahlı qüvvələri Ukraynanın Jitomir vilayətindəki 132-ci kəşfiyyat alayının hazırlıq mərkəzinə raket zərbələri endirib. Rusiya endirilən dəqiq zərbə nəticəsində alayın şəxsi heyətinin və əcnəbi muzdluların məhv edildiyini bildirib. Eyni zamanda mərkəzin infrastrukturu və hərbi texnikası da sıradan çıxıb.
– Rəsmi məlumata əsasən, Ukraynanın Jitomir vilayətinin Korostenski rayonunda Rusiyanın aviazərbəsi nəticəsində 13 binaya ziyan dəyib, 3 nəfər yaralanıb.
– Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynaya göndərilən yeni çeçen hərbi birliklərinin videosunu paylaşıb. Onun sözlərinə görə, döyüşçülər qısa müddətdə Ukraynadakı dislokasiya yerlərində olacaqlar.
– Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına əsasən, Rusiya Liviyadan yaraqlıları Ukraynadakı müharibəyə göndərməyə hazırlaşır.
– Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukraynada 11-12 milyon nəfər insan məcburi köçkünə çevrilib.
– Fevralın 24-dən Ukraynada davam edən müharibə nəticəsində 115 uşaq ölüb. Hərbi əməliyyatlar zamanı daha 140 azyaşlı yaralanıb. Rusiya ordusunun hücumları nəticəsində Ukraynanın ümumilikdə 489 təhsil müəssisəsinə zərər vurulub, onlardan 69-u tamamilə məhv edilib.
Rizvan Fikrətoğlu




