Rusiya-Ukrayna müharibəsinin iyirmi üçüncü günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin iyirmi üçüncü gününün xronikasını təqdim edir.
– Ukrayna Müdafiə Nazirliyi martın 18-də cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Bildirilib ki, gün ərzində ukraynalı hərbçilər Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı 437-ci təlim alayının və 26-cı tank alayının bölmələrini qismən məhv edərək hücumunu dayandırıb. Rusiya itkilər verməkdə davam edir.
– Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Aretoviç bildirib ki, Rusiyanın gün ərzində ən azı 4 təyyarə, 2 helikopter, və pilotsuz uçuş aparatları (PUA) olmaqla 10-dan çox aviasiya vasitəsi, həmçinin qanadlı raketləri məhv edilib.
– Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının məlumatına görə, Sum vilayətinin Trostyanets rayonu yaxınlığında Ukrayna müdafiə qüvvələri Rus ordusunun hərbi karvanını məhv edib.
– Ukraynanın Kiyev vilayətinin Buça rayonu ərazisində martın 18-də saat 08:15 radələrində Rusiyaya məxsus Su-34 döyüş təyyarəsi “Stinger” daşınabilən zenit-raket kompleksi ilə vurulub. Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərini Kiyevdən Dnepr sahillərinə doğru 70 km-dək geri sıxışdırıblar. Kiyevin Podolsk rayonundakı yaşayış məhəllələrini Rusiya Silahlı Qüvvələrinin atəşə tutuması nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. 
– Gecə saatlarında Ukrayna hava hücumundan müdafiə qüvvələri Vinnitsa şəhəri üzərində Rusiyaya məxsus 3 ədəd qanadlı raketi vurublar.
– Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya ordusu 2 ədəd “İsgəndər” əməliyyat-taktiki raketi ilə Ukrayna ordusuna məxsus raket buraxılış qurğusunu vurub. Onun sözlərinə görə, martın 18-i gecə Zaporojye yaxınlığından Melitopola “Toçka-U” taktiki raket kompleksləri ilə Ukraynaya raket zərbələri endirilib. Bildirilib ki, gün ərzində Rusiya aviasiyası Ukraynanın 54 hərbi obyektini, o cümlədən üç komanda məntəqəsini məhv edib.
– Rusiya Silahlı Qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sistemləri Ukrayna ordusunun Xarkov vilayətindəki hərbi obyektlərinə raket zərbələri endirib.
– Bu gün səhər saatlarında Ukraynanın Lvov şəhərində bir neçə partlayış səsi eşidilib. Rus raketləri Lvov hava limanı yaxınlığındakı əraziyə düşüb. Təyyarə təmiri zavoduna bir neçə raket atılıb. Zərbələrdən dağılan binalar olub.
– Ukrayna Silahlı Qüvvələri Rusiyanın Xəzər dənizindən raket atdığını qeydə alıb.
– Rusiya Ukraynanın qərbində yerləşən Lvov şəhərinin bir neçə rayonunu raket atəşinə tutub. İlkin məlumatlara görə, Lvova Qara dənizdən 6 qanadlı raket – ehtimal ki, X-555 – atılıb. Bildirilib ki, iki ədəd raket “Zapad” hava komandanlığının zenit-raket qüvvələri tərəfindən məhv edilib. Xatırladaq ki, Ukraynanın şərqində gedən döyüşlərdən qaçan mülki əhali ölkənin qərb bölgəsinə, o cümlədən Lvova sığınır.
– Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, Rusiyaya məxsus “Forpost” kəşfiyyat-zərbə dronları vasitəsilə Ukrayna ordusunun texnika və hərbi infrastrukturlarına zərbələr endirilib.
– Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 184 PUA-sı, 1412 tank və digər zirehli döyüş maşınları, 142 reaktiv yaylım atəşi sistemi, 1211 xüsusi təyinatlı hərbi texnikası, 542 artilleriya qurğusu və minaatanı məhv edilib.
– Ukrayna Müdafiə Nazirliyi döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin məhv edilən silah və texnikalarının, eləcə də həlak olan hərbi qulluqçularının yeni sayını açıqlayıb.
Bildirilib ki, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 93 təyyarəsini, 112 helikopterini, 450 tankını, 1448 zirehli texnikasını, 864 hərbi avtomobilini, 205 artilleriya qurğusunu, 12 PUA-sını, 43 hava hücumundan müdafiə sistemini, 72 yayılım atəşli reaktiv sistemini, 60 yanacaq sisternini və 3 gəmi/qayığını məhv edib. Nazirliyin məlumatına görə, indiyədək Rusiya Ordusunun 14 200 nəfər hərbiçisi öldürülüb.
– Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiyanın hərbi rəhbərliyi Ukraynadakı döyüş əməliyyatlarında iştirak edən ayrı-ayrı bölmələrin döyüş qabiliyyətinin bərpası istiqamətində səylərini davam etdirərək Ermənistandakı 102-ci Rusiya hərbi bazasından bəzi hissələrin dislokasiyasını planlaşdırır. Qeyd edilib ki, Rusiya ordusunun ayrı-ayrı hərbi qulluqçularının hərbi əməliyyatlarda iştirakdan imtina etməsi faktları, Ukraynanın silahlı qüvvələrinin məğlubiyyəti ilə toqquşmalardan sonra Rusiya hərbçilərinin mənəvi və psixoloji vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədardır. Belə ki, Rusiyanın Cənub Hərbi Dairəsinin 8-ci ümumi ordusunun 20-ci motoatıcı diviziyasının daimi dislokasiya nöqtəsində 130-a yaxın hərbçi döyüş əməliyyatlarında iştirakdan imtina edib.
– Rəsmi məlumata əsasən, Rusiya Ukraynadakı müharibəyə Suriyanın bir hissəsinə nəzarət edən Bəşər Əsədin və Livanın “Hizbullah” qruplaşmasından 1000-ə yaxın muzdlu cəlb edib. Rusiya Silahlı Qüvvələrinin komandanlığı şəxsi heyətin itkilərinin əcnəbilər hesabına ödənilməsi üçün tədbirlər görməyə davam edir.
– BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatına görə, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək azı 780 dinc sakin həlak olub, daha 1 252 nəfər yaralanıb. Bildirilib ki, fevralın 24-dən martın 16-dək 3 milyon 169 min 897 ukraynalı ölkənin qonşu dövlətlərlə sərhədlərini keçib. Ukraynalı qaçqınların yarıdan çoxu Polşaya gedib. Bununla yanaşı, fevralın 18-dən 23-dək Ukraynanın Donetsk və Luqansk vilayətlərindən 50 min nəfər Rusiya ərazisinə keçib.
Rizvan Fikrətoğlu




