Rusiya və Ukrayna şirkətləri NATO-nun proqramında iştiraka can atır
“Antonov” və “Volqa-Dnepr” şirkətlər qrupu NATO-nun SALIS (Strategic Airlift Interim Solution) strateji hava yükdaşımaları proqramında iştirak üçün rəsmi müraciət ediblər.
“Ukrspetsexport” Konsernindən “AzeriDefence”yə verilən məlumata görə, “Antonov” şirkətinin prezidenti – baş konstruktoru Dmitriy Kiva bildirib ki, təmsil etdiyi qurum bütün imkanlardan istifadə edərək, “Ruslan” təyyarələrinin SALİS proqramı çərçivəsində aktiv istifadəsinə və əməkdaşlığın məhsuldar inkişafına nail olmağa çalışır.
Adıçəkilən şirkətlər isə tender komitəsinin diqqətini ağır nəqliyyat təyyarəsi olan An-124-100 “Ruslan”a yönəldiblər. Hazırda “Antonov” şirkəti üçün bu proqramda iştirak məsələsi dövlət tapşırığı məsələsidir.
Məlumatda o da bildirilib ki, SALİS çərçivəsində müsbət təcrübəyə malik olan bu Ukrayna-Rusiya alyansı, adıçəkilən proqram üzrə 2006-cı ilin martından fəaliyyət göstərir. Həmin il proqramda iştirak edən şirkətlərin nəqliyyat vasitələri “Ruslan” təyyarələri vasitəsilə 2100 uçuş həyata keçiriblər ki, bu proses zamanı dünyanın bir sıra ölkələrinə 120000 ton mülki və hərbi yük daşınıb.