Rusiya və Hindistan Ka-226T helikopterinin birgə istehsalı ilə bağlı razılığa gələ bilmir

Rusiya və Hindistan Ka-226T helikopterinin birgə istehsalı ilə bağlı razılığa gələ bilmir

Rusiya və Hindistan Ka-226T helikopterinin birgə istehsalına dair məsələdə razılığa gələ bilmir.

“Poliqon” bildirir ki, bununla bağlı TASS Xəbər Agentliyinə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (FSVTS) direktor müavini Vladimir Drojjov açıqlama verib.

V.Drojjov vurğulayıb ki, Hindistanın lokallaşdırmada yüksək yerlilik payı istəməsi səbəbindən tərəflər arasındakı danışıqlar hələlik bu səviyyədə dondurulub: “Təəssüf ki, hindistanlı tərəfdaşlarla Ka-226T helikopterlərinin istehsalının lokallaşdırılma səviyyəsi ilə bağlı danışıqlar praktiki olaraq dondurulub. Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, birgə müəssisənin təklif etdiyi lokallaşdırma səviyyəsi onları qane etmir. Hazırda helikopterlərin istehsalının lokallaşdırılması ilə bağlı yenilənmiş təkliflər Hindistandakı tərəfdaşlara təqdim olunub ki, bu da 70 faiz lokallaşdırmanı nəzərdə tutur. Hindistan tərəfinin danışıqlar prosesini davam etdirməsi ilə bağlı qərarı gözlənilir”.

Qeyd edək ki, Rusiya və Hindistan arasında Ka-226T helikopterinin birgə istehsalına dair əməkdşlıq haqqında müqavilə 2015-ci ildə imzalanıb. 2016-cı ilin oktyabrında isə helikopterin istehsalı üzrə birgə şirkətin yaradılmasına başlanılıb.

Ümumi məbləği 1 milyard ABŞ dolları təşkil edən müqavilə çərçivəsində 200 ədəd helikopter istehsal olunmalıdır.

Yüngül çoxməqsədli helikopter olan Ka-226T-nin çəkisi 3.4 ton, uçuş mənzili 600 kilometrdir. Helikopter 1.5 ton ağırlığındakı yükü və ya 7 personalı daşımaq qabiliyyətinə malikdir.

Poliqon.az

CATEGORIES
TAGS