Türkiyə Böyük Britaniyadan ikinci əl hərbi nəqliyyat təyyarələri ala bilər

Türkiyə Böyük Britaniyadan ikinci əl hərbi nəqliyyat təyyarələri ala bilər

Türkiyə Böyük Britaniyadan ikinci əl C-130J hərbi nəqliyyat təyyarələrinin alınmasında əhəmiyyətli irəliləyiş əldə edib.

“Poliqon” “Defence Turk” nəşrinə istinadən xəbər verir ki, bununla bağlı olaraq tərəflər arasında aparılan danışıqlar artıq son mərhələyə çatıb.

Qeyd olunub ki, Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) nəqliyyat təyyarələri parkının gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

Bu çərçivədə ötən aylarda Türkiyə Milli Müdafiə Nazirliyinin Böyük Britaniya tərəfindən satışa çıxarılan ikinci əl C-130J təyyarələrinin tədarükü üçün danışıqlar apardığı açıqlanmışdı. Həmçinin elan edilmişdi ki, Türkiyə Milli Müdafiə Nazirliyi “Airbus” şirkətindən əlavə A400M hərbi nəqliyyat təyyarələrinin alınması üçün də işlər həyata keçirir.

Nəşrin bildirdiyinə görə, Türkiyə A400M-lərin deyil, C-130J təyyarələrinin alınmasında əhəmiyyətli irəliləyiş əldə edib və danışıqların son mərhələsinə çatıb.

Türkiyənin hazırda 19 ədəd C-130 hərbi nəqliyyat təyyarəsi var. Böyük Britaniyadan alınması planlaşdırılan C-130J-30-lar Türkiyənin nəqliyyat təyyarəsi parkını həm həcm və say, həm də yaş baxımından böyük fayda verəcək. Eyni zamanda bu addım A400M nəqliyyat təyyarələri parkının iş yükünü yüngülləşdirəcək.

Keçən il Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus 14 ədəd C-130J təyyarəsini satışa çıxarılıb. Bu təyyarələrdən 13-ü uzadılmış gövdəli C-130J-30 (C4 kimi tanınır), 1-i isə standart C-130J (C5 kimi tanınır) modelidir. 2021-ci il Müdafiə Komandanlığı Sənədində qeyd edilən satış qərarı nəticəsində satışın 2023-2025-ci illər arasında həyata keçiriləcəyi və İngiltərə Müdafiə Avadanlıqları Satış Təşkilatının bu prosesi idarə edəcəyi vurğulanıb. Böyük Britaniya HHQ-də satılacaq C-130J-ləri “Airbus”un A400M təyyarələri əvəz edəcək.

ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən YC-130 adı ilə hazırlanmağa başlayan indiki C-130 hərbi nəqliyyat təyarəsi ilk uçuşunu 1954-cü ilin avqust ayında edib. Sonradan təkmilləşdirmələrlə təyyarənin müxtəlif variantları – C-130A, C-130B, C-130E, L-100, C-130H, L-100-20, L-100-30, C-130H-30 istehsal olunub. 1996-cı ildə C-130 nəqliyyat təyarə ailəsinin C-130J “Super Hercules” versiyası hazırlanıb və iki il davam edən sınaqlardan sonra ABŞ Ordusu tərəfindən silahlanmaya qəbul edilib.

ABŞ Hərbi Hava Qüvvələri, Dəniz Piyada Qoşunları ilə yanaşı Böyük Britaniya və İtaliyanın aviasiya parkında da yer alan C-130J “Super Hercules” təyyarələrinin hazırda istehsalı davam edir. İstehsalçı şirkət tərəfindən açıqlanan məlumatda bu təyyarələrdən son 10 ilə qədər 300 ədəd, ümumən isə C-130 seriyasından 2500 ədəd istehsal edildiyi və sifarişçiyə təhvil verildiyi bildirilib.

20 ton faydalı yüklə birlikdə maksimum uçuş tavanı 8000 metr olan C-130J “Super Hercules” 6706 metr hündürlükdə 660 km/saat sürətlə uçmaq qabiliyyətindədir. Təyyarənin 18 ton yüklə bir yerdə uçuş məsafəsi 4425 kilometr təşkil edir. C-130J hər biri 4700 at gücünə sahib 4 ədəd “Rolls-Royce AE 2100D3” tubovintli mühərriklə təchiz edilib. Bu günə qədər C-130 təyyarələrindən bir sıra müharibələrdə (Koreya, Əfqanıstan və s.) geniş istifadə olunub.

C-130J “Super Hercules” təyyarəsinin özünün də bir neçə: C-130J-30 “Super Hercules”; EC-130J “Commando Solo”; HC-130J “Combat King II”; HC-130J “Coast Guard”; KC-130J “Tanker”; LM-100J “Commercial Freighter”; MC-130J “Commando II” variantları var.

CATEGORIES
TAGS