General-mayor Zaur Rüstəmov: Azərbaycan HHQ-nin təyyarə və helikopter parkı yenilənir
Azərbaycan Silahlı Qüvvələrinin xüsusi qoşun növü olan Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və helikopter parkı yenilənir.
Bu barədə Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Döyüş Kamandanının müavini – aviasiya rəisi general-mayor Zaur Rüstəmov POLİQON jurnalına müsahibəsində deyib.
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən təyyarə və helikopter parkının yenilənməsi, digər aviasiya vasitə və qurğularının müasirləşdirilməsi, hərbi aviasiyamızın imkanlarının inkişafı Hərbi Hava Qüvvələrinin güclənməsinə, qarşıya qoyulmuş döyüş tapşırıqlarının uğurla icrasına hazır olmasında vacib rol oynayıb”, – deyə general-mayor Zaur Rüstəmov vurğulayıb.
Aviasiya rəisi bildirib ki, Hərbi Hava Qüvvələrimiz arsenalında olan uçuş vasitələrinə görə qırıcı, hücumçu, ordu və nəqliyyat aviasiya növlərinə bölünür: “Bu aviasiya vasitələrinin növlərinə görə yerinə yetirdikləri tapşırıqlar da fərqlidir;
Qırıcı aviasiya – Hava Hücumundan Müdafiə qoşunları ilə qarşılıqlı əlaqədə Azərbaycanın hava məkanını müdafiə edir, həmçinin döyüş tapşırıqlarını yerinə yetirən zərbə təyyarə qruplarını hava düşmənindən qorumaq, himayə etmək vəzifələrini də yerinə yetirirlər. Eyni zamanda “fors major” hallarda qırıcı aviasiya mülki və hərbi təyinatlı uçuş aparatlarının təhlükəsiz enişini də təmin edir.
Hücumçu aviasiya – Azərbaycan Ordusunun digər qoşun növləri ilə qarşılıqlı əlaqədə olaraq düşmən qoşunlarının taktiki dərinlikdə olan vacib əhəmiyyətli legitim hərbi obyektlərini, komanda-idarəetmə mərkəzlərini, möhkəmləndirilmiş yeraltı sığınacaqlarını, uzunmüddətli atəş nöqtələrini və digər hərbi infrastrukturu məhv etmək üçün təyin olunub.
Ordu aviasiyası – Azərbaycan Ordusunun digər qoşun növləri ilə qarşılıqlı əlaqədə olaraq ön xəttə və yaxın taktiki dərinlikdə olan düşmənin canlı qüvvəsini, döyüş texnikasını, hərbi nəqliyyat vasitələrini, fortifikasiya qurğularını və digər hərbi təyinatlı obyektlərini məhv etmək, axtarış-xilasetmə və təxliyə tapşırıqlarını yerinə yetirmək üçün təyin olunub.
Nəqliyyat aviasiyası – Azərbaycan Ordusunun təminatı üçün lazım olan bütün növ yüklərin, şəxsi heyətin daşınması, taktiki və əməliyyat-taktiki desantın endirilməsi üçün təyin olunub. Eyni zamanda dost və tərəfdaş ölkələrlə bağlanmış müqavilələrə əsasən hərbi avadanlıqların və yüklərin ölkəmizə daşınmasını həyata keçirir”.