Xəbərlər

Rusiyada yeni 80 mm çaplı yüngül YARS yaradılır

Rusiyada həm mövcud olan yaylım atəşli reaktiv sistemlərin (YARS) təkmilləşdirilməsi, həm də yenilərinin yaradılması işləri davam etməkdədir. Yaxın dövrdə Silahlı Qüvvələrin silahlanmasına yeni 80 mm çaplı yüngül YARS qəbul edilə bilər. Bu məqsədlə artıq yeni kompleksin layihələndirilməsi işlərinə başlanılıb.

“Poliqon”un məlumatına görə, yeni YARS yaradılması üzərində işlər Rusiya Silahlı Qüvvələrinin silahlanmasında duran bütün YARS nümunələrinin istehsalçısı olan dünyaca məşhur A.N.Qaniçev adına “SPLAV” Elmi-İstehsalat Birliyində yerinə yetirilir.

Bu günə qədər layihələndirmə işlərinin yeni kompleksin texniki görünüşünün müəyyənləşdirilməsi mərhələsi icra edilir, növbəti mərhələ isə prototipin yaradılması və sınaqdan keçirilməsi olacaqdır. Əgər hərbçilər təklif olunan xassələrdən razı qalacaqlarsa, o zaman işlər davam etdiriləcəkdir.

“Splav” EİB-in tabe olduğu “Texmaş” Elmi-İstehsalat Konserninin (öz növbəsində “Rostex” Dövlət Korporasiyasına daxildir) icraçı direktoru Aleksandr Koçkinin “RİA Novosti” Xəbər Agentliyinə verdiyi məlumata görə, Müdafiə Nazirliyinin nümayəndələrinə yeni yüngül YARS-ın konsepsiyası və onun planlaşdırılan görünüşü təqdim edilib. Hərbçilər baza olaraq təkərli şassi istəmiş və yeni kompleksin həll etməli olduğu tapşırıqların dairəsini də müəyyənləşdiriblər. Bu tələblər nəzərə alınaraq yeni mini sistem yaradılacaqdır.

İlkin məlumatlara görə, yeni yüngül YARS avtomobillərə quraşdırıla və sursat qismində isə əsas götürülmüş 80 mm çaplı C-8 tipli idarə olunmayan aviasiya raketlərindən istifadə edə biləcək. Gələcəkdə yeni kompleks üçün artırılmış uçuş məsafəsinə və gücə malik xüsusi sursatların hazırlanması da mümkündür.

Qeyd etmək lazımdır ki, 2018-ci ildə Rusiya Federasiyasının Müdafiə Nazirliyi yüngül zirehli texnikaları və suüstü gəmiləri 6 km-ə qədər məsafədə məhv etmək üçün hazırlanmış yeni 80 mm-lik S-8OFP “Broneboyşik” (“Zirehdəlici”) idarə olunmayan aviasiya raketinin dövlət sınaqlarını başa çatdırıb. Yeni sursatın əsas xüsusiyyəti ondan ibarətdir ki, tapşırıqdan asılı olaraq, o, maneəyə dəyərək, maneənin qarşısında və ya maneənin arxasında partlaya bilir. Yeni S-8OFP raketi S-8 raketləri ailəsinin əsas xəttini davam etdirərək, atımının əvvəlki nümunələrdən 5-6 dəfə güclü olması ilə fərqlənir.

Yeni 80 mm-lik YARS prototipinin çox yaxın gələcəkdə hərbiçilərə təqdim olunması planlaşdırılır.

Əhəd Əzizov

Back to top button