Rusiyalı kursantlar “kəşfiyyatçı daş” hazırlayıblar – VİDEO

Rusiyalı kursantlar “kəşfiyyatçı daş” hazırlayıblar – VİDEO

Rusiya Müdafiə Nazirliyinin professor N.Y.Jukovski və Y.A.Qaqarin adına Hərbi-Hava Akademiyasının (Voronej şəhəri) kursantları yol kənarındakı “daşı” kəşfiyyatçı alətinə çeviriblər.

“Poliqon” xəbər verir ki, bu barədə “Zvezda” televiziya kanalı videoçarx təqdim edib.

İlk baxışdan bu, qranit kimi sadə rəngli “daş”dır. Bununla belə, işlər heç də göründüyü kimi asan deyil. Kursantlar bütöv bir robot-nəzarət kompleksini daş kimi maskalayıblar. İndi “kəşfiyyatçı daş” akademiyanın daş bağçasında praktiki sınaqdan keçirilir.

Qeyd edildiyi kimi, gizli müşahidə kompleksi adi daş kimi maskalanıb. Özünün maskalanmasına görə bu “daş” səngər döyüşlərində əvəzolunmaz vasitə olacaq. Bütün oriyentirlər snayperlər tərəfindən vurulduğu və düşmənin demək olar ki, hər zərbəni izlədiyi bir vəziyyətdə, şəraiti izləmək üçün insan deyil, bir robot göndərmək imkanı daha çox faydalı olacaq.

İnkişafın texniki detalları haqqında az məlumat verilir. Yayılmış videoçarxda bildirilir ki, “kəşfiyyatçı daş” 2 km-ə qədər məsafədə 15 saat ərzində siqnal ötürmək qabiliyyətinə malikdir. O, sensor işə salındıqda avtomatik olaraq “oyanır”, həmçinin operatorun nəzarəti altında tırtıl gedişlə hərəkət edə bilir.

Mənbənin məlumatına görə, kursantlar bu “ağıllı” daş layihəsini Rusiya Silahlı Qüvvələrin Elmi-Texniki Komitəsinin rəhbərliyi altında üç ildən artıqdır ki, hazırlayırlar. Çətinlik cihazı təkcə fiziki cəhətdən yığmaqda deyil, həm də onun üçün xüsusi proqram təminatını yazmaqda idi. Əsas problem ondan ibarət idi ki, bu konstruksiyanın yaradılması tırtıllı platformada bütün modulların yığcam şəkildə yerləşdirilməsini nəzərdə tutur. Bu kompleksin ikinci xüsusiyyəti onun işləməsi üçün iki dilin – C+ və Python inteqrasiyasıdır. Görülən işlər nəticəsində belə görünüşlü cihaz alınıb.

“Kəşfiyyatçı daş” tırtıl üzərində hərəkət edə, yoldakı kiçik nahamarlıqları (çökəkləri və təpələri), eləcə də müxtəlif növ səthləri – asfalt, torpaq, ot və meşəlik əraziləri dəf edə bilir. Bundan başqa, o, hərəkət sensorları, gövdənin yuxarı panelindən sürüşərək çıxan kamera və mikrofonlarla təchiz edilib. “Kəşfiyyatçı daş” demək olar ki, bir gün gözləmə rejimində qala bilir. Lakin onun yaxınlığında hərəkət aşkar edildikdə “daş canlanır”. Bu zaman kamera və mikrofonlar işə düşür, məlumatlar real vaxt rejimində birbaşa qərargahdakı mərkəzi kompüterə ötürülür.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş