Səudiyyə Ərəbistanı ABŞ-dan Q-53 radarları almaq istəyir

Səudiyyə Ərəbistanı ABŞ-dan Q-53 universal radarları almağı planlaşdırır.
“Poliqon”un “Janes”ə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı ABŞ-ın “Lockheed Martin” şirkətinin istehsalı olan bu radiostansiyalar (radar) üçün 600 milyon ABŞ dollarından çox ödəməli olacaqlar.
Hələ 2017-ci ilin iyun ayında ABŞ Hökuməti Səudiyyə Ərəbistanına 26 dəst AN/TPQ-53 (və ya sadəcə Q-53) radiolokasiya stansiyasının tədarükündən ötrü müvafiq icazə verib. Mümkün ola biləcək çatdırılmanın dəyəri isə 662 milyon ABŞ dolları olaraq təyin edilib.
Üç il keçdikdən sonra yalnız indi, 2021-ci ilin aprelində Səudiyyə Ərəbistanı bu müqavilə üçün ilk sifarişini verib. Rəsmi Ər-Riyad, bilavasitə ABŞ Ordusunda istifadə olunan Q-53 radarının ən son modifikasiyasından 14 dəst almaq istəyir.
Məlumatda bildirilib ki, bu müqavilənin ümumi icra müddəti Səudiyyə ordusu üçün təhvil verilən radarların 24 aylıq texniki qulluq müddəti ilə birlikdə 56 ay təşkil edir.
Qeyd edildiyi kimi, Q-53 radarlarını ABŞ-ın “Lockheed Martin” şirkəti istehsal edir və şirkətin saytında ABŞ Ordusuna 170-dən çox yeni Q-53 radiolokasiya stansiyasının tədarük edilməsini nəzərdə tutan altı müqavilənin imzaladığı bildirilir.
Q-53 radarları mahiyyətcə universaldır. Bu tip radarlar artilleriya mövqelərini tapa, eləcə də artilleriya mərmilərini, minaları və raketləri uçuşda aşkar edə bilir. Həmçinin pilotsuz uçuş aparatlarını (PUA) və pilotlu təyyarələri aşkar etmək və qısa mənzilli hava hücumundan müdafiə sistemlərini onlara tuşlamanı təmin edir.
Q-53 radiolokasiya stansiyasını “aşağı intensivli döyüşlərdə” olduğu kimi, geniş miqyaslı müharibə zamanı da eyni dərəcədə effektiv şəkildə istifadə etmək mümkündür. Radarın heyəti cəmi iki nəfərdən ibarətdir. Ərazidə açılma müddəti beş dəqiqə, yığılma müddəti isə iki dəqiqə təşkil edir. İstehsalçısı “Lockheed Martin” şirkəti Q-53 radiolokasiya stansiyasının fəaliyyət mənzilini açıqlamır.
Əhəd Əzizov




