SərgilərXəbərlər

SAHA 2026 sərgisi yeni rekordlara imza atacaq

SAHA İstanbulun rəhbərliyi ilə 5-9 may tarixlərində keçiriləcək SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi iştirak, ticarət həcmi və digər bir çox göstərici baxımından rekordlara imza atmağa hazırlaşır.

“Poliqon” “Anadolu Ajansı”na istinadən xəbər verir ki, SAHA İstanbul İdarə Heyətinin üzvləri sərgi ilə bağlı ASELSAN şirkətinin Gölbaşı Kompleksində mətbuat konfransı keçiriblər.

“Roketsan”ın baş direktoru və SAHA İstanbul İdarə Heyətinin sədr müavini Murat İkinci bildirib ki, sərgi artıq yalnız müdafiə sənayesi tədbiri deyil, qlobal miqyasda strateji platformaya çevrilib.

Onun sözlərinə görə, 2024-cü ildə keçirilən sərgidə 6 milyard dollardan çox yeni müqavilə portfeli imzalanıb: “120-dən çox ölkənin iştirakı ilə mühüm uğur əldə etdik. 2026-cı ildə bu göstəricini daha da artırmağı hədəfləyirik”.

Murat İkinci qeyd edib ki, SAHA 2026 100 min kvadratmetrdən artıq sərgi sahəsində keçiriləcək: “1500-dən çox şirkət iştirak edəcək. 25 mindən artıq B2B, B2C və C2C görüş planlaşdırırıq. 150-dən çox imza mərasimi artıq planlaşdırılıb. Sərgi yalnız stendlərdən ibarət olmayacaq, ilk dəfə FPV dron zonası, pilotsuz quru vasitələri üzrə mübarizə sahəsi və robot yarışları təşkil ediləcək. SAHA 2026-nı digər müdafiə sərgilərindən fərqləndirən əsas xüsusiyyət canlı nümayişlərin ön planda olmasıdır. Dünyada ilk dəfə keçiriləcək “World Drone Wars” da bunlardan biri olacaq”.

M.İkinci əlavə edib ki, SAHA 2026 yalnız sərgi deyil, həm də investisiya, tədarük zənciri və qlobal əməkdaşlıq platformasıdır: “Bu tədbir innovasiyanın yalnız ideya deyil, istehsal qabiliyyəti və bazara çıxış aspektləri ilə birlikdə qiymətləndirildiyi investisiya yönümlü yanaşmanı təmsil edir”.

ASELSAN-ın baş direktoru Ahmet Akyol isə bildirib ki, SAHA 2026-da Türkiyənin etibarlı və uzunmüddətli əməkdaşlıq tərəfdaşı olduğu nümayiş etdiriləcək.

“SAHA İstanbul bizim yalnız etdiklərimizi deyil, gələcəyə dair iddiamızı göstərdiyimiz platformadır. İddialıyıq, bizim qədər test aparan və bizim qədər dinamik sektorun olduğunu düşünmürəm. Bu dinamizm daha çox məhsul ortaya çıxarmağa imkan verir. Bunlardan uyğun olanlarını sərgidə nümayiş etdirmək daha doğru yanaşmadır. Türkiyə daha sürətli və çevik komandadır, buna görə də rəqiblərimizdən daha sürətli hərəkət edirik”, – deyə A.Akyol vurğulayıb.

TUSAŞ şirkətinin baş direktoru Mehmet Demiroğlu sərgidə sürprizlərin olacağını qeyd edərək bildirib: “Artıq biz ilk məhsullara deyil, təhvil verilən məhsullara fokuslanmaq istəyirik. Yüzüncü, mininci təhvilimizi ön plana çıxarmaq niyyətindəyik”.

SAHA İstanbulun baş katibi Levent Kerim Uça təqdimatında xatırladıb ki, 2024-cü ildə 6 milyard 189 milyon dollarlıq müqavilə portfeli imzalanıb: “2026-cı ildə bu rəqəmin 8 milyard dollara çatacağını gözləyirik”.

Onun sözlərinə görə, sərgidə 140 ölkənin təmsil olunması və ümumilikdə 150 mindən çox ziyarətçinin iştirakı planlaşdırılır.

Levent Uça vurğulayıb ki, sərgidə xüsusilə müdafiə sənayesinə investisiya qoymaq istəyən investorlar iştirak edəcək: “Şirkətlər beynəlxalq görünürlük qazanacaq, yeni əməkdaşlıqlar quracaq və yeni bazarlara çıxış əldə edəcəklər. SAHA söhbətləri vasitəsilə sektor üzrə geniş məlumat əldə etmək mümkün olacaq”.

L.Uça qeyd edib ki, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Çin, Cənubi Koreya, İtaliya və Pakistan da daxil olmaqla bir çox ölkənin sərgidə milli pavilyonlarla iştirak etməsi gözlənilir.

Back to top button