SAHA EXPO sərgisində bir çox müqaviləyə möhür vuruldu
İstanbulda keçirilən SAHA EXPO sərgisi çərçivəsində Türkiyənin “Baykar” şirkəti bir sıra müqavilələr imzalayıb.
“Poliqon” “Anadolu Agentliyinə” istinadən xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) və “Baykar” şirkəti arasında “Bayraktar Kızılelma Pilotsuz Döyüş Təyyarəsi Əməkdaşlıq Protokolu” imzalanıb.
İmza mərasiminə SSB başqanı İsmail Dəmir və “Baykar”ın baş direktoru Haluk Bayraktar qatılıb.
Həmçinin “Baykar” ilə ASELSAN şirkətləri arasında “CATS Elektro-optik Sensor Sistemi Sifariş Müqaviləsi” imzalanb ki, bu mərasimdə də İsmail Dəmir, Haluk Bayraktar və ASELSAN-ın baş direktoru Haluk Görgün iştirak edib.
Bundan başqa “Roketsan” şirkəti ilə “Baykar” arasında MAM-L IIR, “Çakır” və “Sungur” sursatlarının “Akıncı” pilotsuz uçuş aparatına (PUA) inteqrasiyasını nəzərdə tutan birgə əməkdaşlığa dair müqavilələr imzalanıb. Bu müavilələrin də imza mərasiminə İsmail Dəmir, Haluk Bayraktar və “Roketsan” şirkətinin baş direktoru Murat İkinci qatılıb.
Qeyd edək ki, “Sungur” hava hücumundan müdafiə raketləri keçirilən sınaqlarda helikopter və PUA kimi hədəfləri uğurla zərərsiləşdirib. Bu raketlər “Akıncı”ya inteqrasiya edilərək “hava-hava” tipli əməliyyatların icrasında istifadə olunacaq.
Xatırladaq ki, “Roketsan” şirkətinin baş direktoru Murat İkinci ötən ilin sentyabrında “Sungur” raketinin “hava-hava” tipli yeni versiyasının “Akıncı” PUA-ya quraşdırılacağını bildirib.





