“Sarsılmaz” cari ildə ixrac potensialını artıracaq

“Sarsılmaz” cari ildə ixrac potensialını artıracaq

Türkiyənin “Sarsılmaz” şirkəti 100 milyon ABŞ dollarını keçən ixrac potensialını cari ildə daha da artırmağı hədəfləyir.

“Poliqon” xəbər verir ki, bu barədə “Sarsılmaz” şirkətinin İdarə Heyətinin sədri Latif Aral Aliş POLİQON jurnalına açıqlamasında bildirib.

Latif Aral Aliş rəhbərlik etdiyi şirkətin təkcə Türkiyədə deyil, beynəlxalq arenada da uğurları ilə diqqət çəkdiyini ifadə edib: “Türkiyə müdafiə sənayesi bir irəliləyiş içindədir və bu yüksəliş tendensiyası davam edir. “Sarsılmaz” olaraq bu yolda əlimizdən gələni etməyə çalışırıq. İdman silahlarından tapançalara, avtomatlardan pulemyotlara və artilleriya topları istehsalına qədər geniş çeşiddə məhsullarımız mövcuddur”.

Latif Aral Aliş qeyd edib ki, “Sarsılmaz və TUSAŞ-ın birlikə qurduğu “TR Mekatronik” şirkəti müəyyən silahların dizayn və istehsal prosesini özü həyata keçirəcək. Bu silahların sırasına həm ATAK helikopterlərinə inteqrasiya olunacaq 20 mm-lik fırlanan mexanizmli toplar, həm taktiki təkərli zirehli maşınlara quraşdırılacaq zəncir mexanizmli 25 mm-lik toplar, həm də HÜRKUŞ-C yaxın hava dəstəyi təyyarəsinə inteqrasiyası hədəflənən “127 MT Air” silahı və onun pod (qın) sistemi daxildir.

İdarə Heyətinin sədri Düzcədəki 100 min kvadratmetrlik “Sarsılmaz” müəssisələrində bir hərbi birləşmənin bütün ehtiyaclarını ödəyəcək hər cür silahı istehsal etmək imkanında olduqlarını bildirib: “80-dən çox ölkəyə ixracat və 23 dövlətin Silahlı Qüvvələri, habelə hüquq-mühafizə orqanları tərəfindən istifadə edilən məhsullarımızla dünyanın aparıcı istehsalçıları arasındayıq. Biz 10 faizi mühəndis olmaqla 2000-dən çox insanı işlə təmin edirik. Məhsul çeşidini davamlı olaraq inkişaf etdirən şirkətimiz 42 ticarət nişanı qeydiyyatı, 12 unikal dizayn, 13 patent və 9 faydalı model ilə bütün dünyada izlənilən markadır. Sənaye və Texnologiya Nazirliyi tərəfindən təsdiq edilmiş, öz sahəsində ilk və tək olan “Ar-Ge” mərkəzimiz var. Düzcə və digər universitetlərlə  hazırladığımız birgə layihələrlə sektora yeni istedadlar qazandırmağa çalışırıq”.

“SSB tərəfindən həyata keçirilən layihə çərçivəsində istehsal etdiyimiz SAR 9 modelimiz Silahlı Qüvvələr və Təhlükəsizlik Baş İdarəsi tərəfindən indiyə qədər baş tutuan bütün sınaqlarda birinci olub və Türkiyənin “Orijinal və Yerli Tapança”sı seçilib. ABŞ-da iki mükafat alan SAR 9 polimer tapança ailəmizə SAR 9 C (Compact) və “Sar 9 SC” (Sub Compact) əlavə edildi. Ailənin sonuncu üzvü olan “Sar 9 SC” Türkiyədə olduğu kimi dünyanın bir çox ölkəsində də böyük tələbatla qarşılanır və rəqibləri arasında həm 12 tutumu, həm də kiçik ölçüləri ilə seçilir”, – deyə Latif Aral Aliş qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS