Səfərbərlik Xidmətinə hərbçilərin dəfni ilə bağlı səlahiyyətlər verildi

Nazirlər Kabineti “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin uçotunun aparılması Qaydası”nı təsdiq edib.
Qayda “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 350-ci maddəsinin birinci cümləsinə əsasən hazırlanıb və dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin uçotunun aparılmasını müəyyən edir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin uçotu onların hərbi xidmət keçdiyi dövlət orqanlarının və hərbi hissələrin qərargahlarında, ehtiyatda və ya istefada olanlar sırasından hərbi ehtiram göstərilən digər şəxslərin uçotu isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində aparılır.
Qaydalara əssasən müharibə və dinc dövrlərdə hərbi qulluqçuların (toplanışa çağırılmış hərbi vəzifəlilərin) hərbi xidmət keçdiyi dövlət orqanlarının, hərbi hissələrin (müəssisə, idarə və təşkilatların) qərargahlarında hərbi qulluqçuların qaytarılmaz döyüş və qeyri-döyüş itkilərinin fərdi uçotu “Qaytarılmaz itkilərin adlı siyahısı” (1 nömrəli əlavə) üzrə aparılır.
Silahlı Qüvvələri üzrə dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin ümumi uçotu, həmçinin hərbi qulluqçuların (toplanışa çağırılmış hərbi vəzifəlilərin) hərbi xidmət keçdiyi dövlət orqanlarından və hərbi hissələrdən daxil olmuş bildirişlər əsasında, eləcə də ehtiyatda və istefada olanlar sırasından hərbi ehtiram göstərilən şəxslərin uçotu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş qaydada aparılır.



