Xəbərlər

Serbiya Belarusdan MiQ-29 qırıcılarını qəbul edib

Serbiya Hərbi Hava Qüvvələri (HHQ) öz sıralarına daha 2 ədəd MiQ-29 qırıcısı əlavə edib.

“Poliqon” xəbər verir ki, Serbiya Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbçilər Belarus HHQ-nin ehtiyatından iki qırıcını qəbul ediblər.

Rusiyanın An-124 “Ruslan” hərbi nəqliyyat təyyarəsi, MiQ-29 qırıcılarının ilk cütlüyünü Serbiyaya çatdıraraq Bataynitsa hərbi aerodromunda enib. Ümumilikdə, Belarusiya öz HHQ ehtiyatından 4 ədəd qırıcı təyyarəni Serbiyaya təhvil verəcək. Əslində təhvil verilmə əməliyyatı 2019-cu ilin 25 fevralında gerçəkləşib, lakin təyyarələr Baranoviçidə təkmilləşdirilərək əsaslı təmir keçdikdən sonra Serbiyaya yalnız indi gəlməyə başlayıb. Təyyarələr hərbi-texniki yardım çərçivəsində Serbiya tərəfinə təhvil verilib.

Serb mütəxəssislər bildiriblər ki, Belarusiyadan qəbul edilən MiQ-29 qırıcı təyyarələri, Rusiyadan Serbiya HHQ verilmiş MiQ-29 təyyarələri ilə eyni şəkildə təkmilləşdirmə keçib. Beləliklə, Belarusdan MiQ-29 qırıcılarının ikinci cütlüyünün gəlişindən sonra Serbiya HHQ tam döyüşə hazır vəziyyətdə 14 ədəd MiQ-29 təyyarəsinə sahib olacaq. Xatırladaq ki, 6 ədəd MiQ-29 qırıcısını Rusiya və 4 ədədini Belarus verir, 4 ədədi isə əvvəldən qalan öz qırıcılarıdır.

Məlumatda həmçinin bildirilir ki, Belarusdan qəbul edilən MiQ-29 qırıcıları Baranoviçi təyyarə təmiri zavodunda (558-ci aviasiya təmiri zavodu) təkmilləşdirilib. Rusiyadan verilənlər isə Serbiyada Bataynitsadakı “Moma Stanojlovic” hərbi təyyarə təmiri zavodunda rusiyalı mütəxəssislərin iştirakı ilə təkmilləşdirilib. Bundan əlavə, Rusiya tərəfi sayəsində serblər HHQ-də silahlanmada qalan 4 ədəd MiQ-29 qırıcısını (3 ədəd tək yerli MiG-29B və 1 ədəd cüt yerli MiQ-29UB) da təkmilləşdirib.

Əhəd Əzizov

Back to top button