SHXÇDX çağırışçılara hüquq və vəzifələrini izah edib
“İnsan hüquqları aylığı” çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırışçılarla növbəti görüş iyunun 9-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sumqayıt şəhər baş idarəsində keçirilib.
SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Xidmətin Sumqayıt şəhər baş idarəsinin rəisi general-mayor Natiq Qarayev görüşün çağırışçıların müvafiq qanunvericilik aktları ilə təmin olunan hüquqları barədə maarifləndirilməsi və məlumatlandırılması məqsədilə təşkil edildiyini bildirib.
O, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən Azərbaycan Konstitusiyasının Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmasından sonra bu sahədə fundamental hüquqi bazanın yaradıldığını qeyd edib. Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğunu, sabahın əsgəri olacaq gənclərin bu hüquqlardan hər zaman faydalandığını vurğulayıb.
Tədbirdə məruzə ilə çıxış edən SHXÇDX aparatının idarə rəisi polkovnik-leytenant Füzuli İsmayılov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə 18 iyun İnsan Hüquqları Günü münasibətilə respublikada elan olunmuş “İnsan Hüquqları aylığı” çərçivəsində Xidmət tərəfindən keçirilən tədbirlərin çağırışçıların hüquqlarının izah olunması və şəffaflığın təmin edilməsi sahəsində mövcud fəaliyyəti gücləndirdiyini bildirib. O, insan hüquqlarının təmin olunmasının Azərbaycanda dövlət siyasətinin prioritetlərindən olduğunu söyləyib.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 28 dekabr 2006-cı il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının, bu planın məntiqi davamı kimi 27 dekabr 2011-ci il tarixli müvafiq sərəncamla Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsilə ölkəmizdə insan hüquqları sahəsində yeni inkişaf mərhələsinin başlandığını qeyd edib.
F.İsmayılov çağırışçılar, eləcə də hərbi qulluqçularla bağlı müvafiq normativ hüquqi aktlardan çıxarışlarla iştirakçıları tanış edib.
Tədbirdə iştirak edən şəhid Fərid Şamilovun atası, oğlu Fuadı iyulda müddətli həqiqi hərbi xidmətə yola salacaq müharibə veteranı Mirzə Şamilov gənclərə uğurlar arzulayıb. O, çağırışçıların hüquqi maarifləndirilməsinin, onların hüquqlarının və vəzifələrinin izah edilməsinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
SHXÇDX tərəfindən çağırışçıların hüquq və vəzifələri barədə məlumatlandırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək.