SHXÇDX-də Milli Mətbuat günü münasibətilə tədbir keçirilib

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) mərkəzi aparatında Milli Mətbuat günü münasibətilə tədbir keçirilib.
“Poliqon” xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev tədbiri açıq elan edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən general-mayor Zaur Abdullayev jurnalistləri 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib.
“Zəngin və şərəfli inkişaf yolu keçmiş 146 il öncə maarifpərvər və mütəfəkkir ziyalılarımızın ərsəyə gətirdiyi milli mətbuatımız milli dövlətçilik tariximizdə fədakar xidmətlər göstərmiş, bu gün ölkəmizin ictimai-siyasi, milli həmrəyliyin möhkəmləndirilməsində, cəmiyyətdə hərbi vətənpərvərlik tərbliğatında mühüm rol oynayır.
Jurnalistlərin dostu adını fəxrlə daşımış Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə milli mətbuatımızın inkişafına böyük təkan verirdi. Ulu Öndərin müəyyən etdiyi strategiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına hər cür şərait yaradılır”, – deyə Z. Abdullayev vurğulayıb.
General bildirib ki, bu il Azərbaycan mətbuatının yaranması günü xüsusi sevinc və qürur hissi ilə keçirilir: “Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycannın Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda Vətən müharibəsində qəhrəmanlıq göstərərək hərb tariximizə şanlı səhifələr yazdı. Vətən müharibəsi zamanı ordu-xalq həmrəyliyi nümayiş etdirən ölkə ziyalıları, o cümlədən milli-dövlətçilik maraqlarını hər zaman uca tutan kütləvi informasiya vasitələri 30 illik torpaqlarımızın işğalına son qoyan və ədaləti bərpa edən rəşadətli Silahlı Qüvvələrimizə dəstək verdi.
Bu birlik, mənəvi dəstək və həmrəylik Azərbaycan Ordusunu daha da qüdrətli etdi. Vətən müharibəsi ölkə mediasında peşəkarcasına işıqlandırıldı. Mətbuat nümayəndələrimizin reportajları, yazıları, informasiyaları xalqımızda Qələbəyə inamı, ruh yüksəkliyini daha da artırdı. İnformasiya müharibəsində haqq işimizi ləyaqətlə təbliğ edən ölkə mediası bu gündə Böyük Qələbəmiz, Müzəffər Ali Baş Komandanın apardığı siyasəti, Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığını müntəzəm olaraq və yüksək səviyyədə Azərbaycan və dünya ictimaiyyətlərinə çatdırır.
Təssüflə qeyd etmək istərdim ki, Vətən müharibəsi və ondan sonrakı dövr ərzində jurnalist dostlarımız arasında itkilərimiz oldu. Vəzifə borcunu yerinə yetirərkən KİV əməkdaşları xəsarətlər aldılar. Xüsusilə də işğaldan azad olunmuş ərazilərdə erməni vandalizmi, terroru haqqında faktların qeydiyyatını həyata keçirən iki nəfər jurnalistin minaya düşərək şəhid olmaları bütün cəmiyyəti sarsıtdı. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən və o cümlədən şəhid jurnalistlərimizi ehtiramla yad edir, onların unudulmaz xatirəsini əziz tuturuq.
Sizlərin arasında Vətən müharibəsində, ön cəbhədə əlində silah düşmənə qarşı vuruşmaqla həm də hərbçi kimi vətənin müdafiəsində iştirak edənlərdə oldu. Səfərbərlik çağırışı ilə hərbi xidmətə yollanmış mətbuat nümayəndələri Vətən müharibəsinin qəhrəmanlarından oldular, Böyük Zəfərin qazanılmasında fədakarlıq nümayiş etdirdilər”.
Daha sonra, Milli Mətbuat günü münasibətilə SHXÇDX-nin rəisi general-polkovnik Arzu Rəhimovun imzaladığ əmrə əsasən bir qrup jurnalist medal, fəxri fərman və diplomla təltif edilib. Təltif edilənlər arasında “Poliqon” jurnalının baş redaktoru Zaur Babaşov da var.
Rizvan Fikrətoğlu








